Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan ÇIXARMAQ, TÖHMƏT...

Milli Məclisin deputatlarına intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən  tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir. Yaxud töhmət intizam  tədbirin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir.  
İntizam Komissiyası iki həftə müddətində  apardığı araşdırma nəticəsində müvafiq  əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir.

 Hazırki qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Bu Qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən Milli Məclisin deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.

Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi Milli Məclisin sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün Milli Məclisin İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməli və məsələyə baxarkən Milli Məclisin iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.






Fikirlər