NAR şirəsi ilə yaddaş arasındakı ƏLAQƏ

nar siresi, uzum siresi

Son zamanlar xüsusi ilə yaşa bağlı olan yaddaş azalması ilə əlaqəli verilən sualları nəzərə alaraq, bu haqda dünya tibbində vəziyyət nə yerdədir onu qeyd edəcəm.

Yaddaş azalmasının və ya unutqanlığın bir çox səbəbi məlumdur. Bu haqda əvvəl yazılan demensiya və yaddaşsızlıq haqqında olan yazıları oxuya bilərsiz. Bu gün qeyd edəcəyim məqamlar muayinə etdiyim xəstələrimin və ya xəstə yaxınlarının eyni zamanda dostun, qohumun söz arası soruşduğu -yaddaşsızlıq üçün nə yesək, nə etsək kömək edər- sualına cavab olacaq.

Yaddaşın geri dönməyən azalması ilə gedən xəstəliklərin başında gələn Alzheimer (Alzaymer oxunur) xəstəliyinin əsasında genetik və ətraf mühit şərtlərinin əsas olduğunu bilirik. Eyni zamanda bu xəstəliyin yaranması üçün əsas zəmini  yaradan faktorlara depressiya / stress, köklük, yüksək təzyiq, diabet xəstəliyi, fiziki aktivliyin olmaması, siqaret çəkmək, təhsil/ öyrənmə vərdişinin az olmasını saya bilərik. Elmi tətqiqatlar həyat şəraitinin, yaşam tərzinin genetik faktorlardan çox vaxt üstün olduğunu vurğulamaqdadır.

Gündəlik yeməyimizin yaşam tərzimizin müəyyən bir hissəsi olduğunu nəzərə alarsaq xəstəliklərlə əlaqəsini qurmaq çox da çətin olmayacaqdır.

Yeyilən qidaların yaddaşa olan təsirini öyrənən elmi tətqiqatlar bəzi qidaların xüsusi ilə sağlam və ya yüngül kognitiv pozulması olan yaşlı insanlara müsbət təsirini göstərməkdədir. Son tətqiqatlardan biri Kolifoniya Univeristetində aparılmış, nar şirəsinin gündə təxminən 224gram, 28 gün ərzində istifadə edilməsinin plaseboya (yalançı nar şirəsi) görə görsəl yaddaşa müsbət təsirini göstərmişdir. Nar şirəsinin bu təsiri antioksidant təsir ilə əlaqələndirilir. (1)

Başqa bir elmi tətqiqat isə qarağat şirəsinin (450-600ml/gün) 12 həftəlik təsirinin sağlam yaşlı insanların kognitiv funksiyalarını yaxşılaşdırdığını göstərmişdir. (2)

Eyni zamanda  aclığın da yaddaşla əlaqəli problemlərə müsbət təsirini göstərilmişdir. Belə ki iştaha ilə əlaqəli olan xolesistokinin yüksək səviyyəsinin Yüngül Koqnitiv pozulma və Alzheimer xəstəliyinin riski ilə tərs mütanasib olduğu göstərilib. (3)

Vitaminlərdən D, B12, Fol turşusu yaddaşla bir başa əlaqəlidir, eyni zamanda spirtli içkidən həddindən artıq istifadə edənlərdə B1 vitamin azlığı yaranır ki, vaxtında müalicə olunmazsa bu da yaddaşsızlığın qalıcı olaraq pozulması ilə nəticələnir.

Yuxarıda sadalanan qida vasitələrindən başqa balıq, naringillər, yumurta, fındıq, şokalad, kofe, zərdəçal kimi qidaların sağlam yaşlanmada yaddaş problemlərinə müsbət təsir etdiyini göstərən elmi tətqiqatlar mövcutdur. Burada diqqət edilməsi lazım olan məqam tətqiqatların sağlam yaşlanma ilə əlaqəli olmasıdır, yaddaşsızlığın və digər problemlərin xəstəlik səviyyəsində olması bu tətqiqatların diqqət mərkəzindən kənardadır.  

Bu sahənin həkimi olaraq vurğulamaq istədiyim ən vacib məsələ, demensiya, yaddaşsızlıqla bağlı xəstəliklər başlamadan əvvəl və ya hər hansı kiçik bir problemlə qarşılaşanda mütləq muayinədən keçməyin vacib olmasıdır. Çünki bu cür insanlara xəstəliklər başlamadan əvvəl, və ya başlanğıc mərhələsində daha yaxşı kömək edə bilirik. Bir başqa məsələ isə, bu günki biliklərimiz ilə, xəstəlik yarandıqdan sonra nə balıq, nə nar şirəsi dərmanların yerinə keçməz!






Fikirlər