Vergilər Nazirliyində 16 saatlıq iş rejimi? ! – İstirahət və bayram günlər də yoxdur

 

vergilerSon illər ən cox şikayət olunan qurumlardan biri də Vergilər Nazirliyidir. Əsasən sahibkarlar Vergilər Nazirliyinin əməkdaşlarının fəaliyyətindən, “haqq” tələblərindən narazılıq edirlər. Elə Məmmədhəsən Qədirxanov adlı oxucumuz da “AzPolitika.info”ya Vergilər Nazirliyilə bağlı şikayət göndərib. Ancaq onun şikayəti tamamilə fərqli yöndədir. Onun “AzPolitika.info”ya göndərdiyi məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Bu gün Azərbaycanda Vergilər Nazirliyinin bütün idarələrində işçilər səhər saat 9-dan gecə saat 1-ə, bəzən 2 və 3-ə kimi işləyirlər. Burada Lenin, Marks və Engels yada düşür. Allah onlara rəhmət eləsin. Lenin, Marks və Engels bilsəydilər ki, Azərbaycanda Vergilər Nazirliyinin işçiləri dayanmadan 15-16 saat işləyəcəklər, onlar dərhal əbədi kommunizm cəmiyyətini qurardılar.
Bu cür iş rejimi heç bir qanuna, konvensiyaya, normaya, sərəncama, fərmana, beynəlxalq və yerli adətə əsaslanmır. Yəni bunun analogiyasını yalnız bizim Vergilər Nazirliyinin özündə tapmaq olar.

Əmək Məcəlləsinin pozulması anlayışını burada işlətmək utopiya olardı. Pozulma yox, Əmək Məcəlləsinin kütləvi şəkildə tapdalanması ifadəsini işlətsək, bəlkə də bir qədər ədalətli olardıq.

Vergilər Nazirliyində işləyən insanlara yazığım gəlir. Hamısı vaxtından əvvəl qocalır, əsəb xəstəliyinə tutulur. Bu yaxınlarda restoranda olarkən, stol arxasında bir nəfərin mürgülədiyinin şahidi oldum. Məlum oldu ki, yoldaş Vergilər Nazirliyində operativ nəzarət idarəsinin əməkdaşıdır. O qeyd etdi ki, yuxuya həsrət qalıbdır. İşçiyə bu qədər əzab vermək olmaz. Bu cür iş rejimi heç Fironun dövründə olmayıb. Vergilər Nazirliyində çalışan insanlar üçün istirahət və bayram günləri anlayışı yoxdur. Kim inanmırsa, gecə saatlarında vergi idarələrinin işıqlarının yandığını görə biləcər.Yaxud vergi orqanlarında çalışan dostunuza və ya tanışınıza axşam saat 10-da zəng edin və harada olduğunu soruşun. Dərhal cavab verəcək ki, işdədir. Mən yalan demirəm və Vergilər Nazirliyinin rəhbərlərinə də şər atmıram. Onlara böyük hörmətim var. Söhbət acınacaqlı vəziyyətdən gedir.

Əgər işçi 8-9 saat ərzində işini yekunlaşdıra bilmirsə, deməli işçinin potensialı yoxdur. Axı bu bir idarəyə aid deyil. Bütün vergi sistemi bu gündədir. Deməli, işçilər normaldır, nazirliyin qurduğu iş mexanizmləri bərbad vəziyyətdədir. Digər dövlətlərdə də vergi orqanları var. Ən azı onların təcrübəsini tətbiq etmək lazımdır. Biz burada Amerikanı yenidən kəşf etməməliyik. Problem həm də bundan ibarətdir ki, Vergilər Nazirliyinin rəhbərliyində vergi mütəxəssisi olmayan kadrlar da təmsil olunur.”(Azərtaym.az)

 






Fikirlər