Bakıda tikilən “yaşıl market”də inşa işləri başa çatdırılıb. Hazırda marketin fəaliyyətə başlaması ilə bağlı işlər aparılır”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev dedi. 

Onun sözlərinə görə, market Bakı şəhərinin Nizami rayonunda yerləşir.

“Ümumilikdə, 4 “yaşıl market” tikilir. Onlardan biri Bakıda, digərləri isə Gəncə, Şəmkir, İsmayılı rayonlarında yerləşir. “Yaşıl market”in Şəmkir, İsmayılı rayonlarında son tamamlanma işləri aparılır. Gəncə şəhərində isə marketin tikintisi davam etdirilir", - deyə nazirlik rəsmisi bildirdi.

Abbas Əliyev bildirdi ki, bu kompleks layihə olduğu üçün “yaşıl market”lərlə bərabər logistik mərkəzlərdə yaradılır.


Abbas Əliyev - İqtisadiyyat Nazirliyinin mətbuat katibi


Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyə qədər 4 ixtisaslaşdırılmış “yaşıl market”in yaradılmasına 15.7 milyon manat güzəştli kredit verilib.




“Yaşıl market”lərin yaradılmasında əsas məqsəd məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması və ərzaq bazarında süni qiymət artımının qarşısının alınmasıdır.


“Yaşıl market”lərin tikildiyi şəhər və rayonlar (qırmızı xətlə işarələnib)



Belə marketlərdə müştərilərə əsasən ekoloji cəhətdən təmiz məhsullar təqdim edilir. “Yaşıl market”lər 1980-90-cı illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyətə başlayıb.Hollandiyada və digər Avropanın bəzi dövlətlərində “yaşıl market”lərin fəaliyyəti əsasən reklam xarakteri daşıyır.

Fermerlər belə marketlərdə öz məhsullarını reklam edirlər. Həmçinin onlar istehsal etdikləri məhsulları sata bilirlər. “Yaşıl market”lərin yaradılması üçün fermerlərə xüsusi güzəştlər edilir. Hökumət belə kənd təsərrüfatı məhsulları istehsal edən fermerlər üçün xüsusi qrantlar ayırmaqla onları marketlər şəbəkəsini yaratmağa həvəsləndirir. 


Rumıniyanın paytaxtı Buxarestdə "yaşıl market" 


Bu sahəyə Azərbaycanda da xüsusi dəstək göstərilir. “Yaşıl market”lərin yaradılması prezident İlham Əliyevin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında da öz əksini tapıb. Sərəncamda Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsi ilə bağlı müddəalar öz əksini tapıb. 

Prezident İlham Əliyev yanvarın 26-da keçirilən konfansda da kənd təsərrüfatının inkişafı və ərzaq məhsulları ilə daxili tələbatın tam ödənilməsi ilə bağlı hökumət qarşısında ciddi tapşırıqla qoydu.


Prezident İlham Əliyevin konfransda çıxışı


İlham Əliyev bildirdi ki, ötən il ərzində aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.

Yəqin ki, Azərbaycanda da belə marketlərin fəaliyyəti kütləvi xarakter alacaq. Çünki ekoloji təmiz məhsulların əhaliyə çatdırılması onların sağlamlığı üçün də müsbət addım olardı. Hazırda dünyada insan orqanizminə zərərli olduğu iddia edilən geni dəyişirilmiş meyvə və tərəvəzlər kütləvi şəkildə yayılıb.

Bu isə insanların ekoloji təmiz məhsullara ehtiyacını artırır. Belə marketlər isə əhalinin təmiz məhsullarla təminatında mühüm rol oynaya bilər.