Hətta satıcılar belə nə satdıqlarından məlumatsızdır; bu məhsulları necə tanımaq olar? Eyyub Hüseynov: “Qanun qəbul olunsa da, əfsus ki, belə məhsullar markalanmır...”
Bu bir reallıqdır ki, xarici ölkələrdə Genetik Modifikasiya Olunmuş (GMO) məhsullar təbii üsullarla yetişdirilən məhsullardan ayrı satılır və etiketlənir. Bu yolla da alıcı aldıqları məhsulun təbii yetişən məhsul olub-olmadığını bilir və seçimini edir. Həmçinin GMO məhsullarının qiyməti digərlərinə nisbətən ucuz olur.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Bu gün bazarlarımızda satılan meyvə-tərəvəzlərin əksər hissəsi GMO məhsullarıdır. Bu mövzuya dəfələrlə toxunulsa da, ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsi və burada istehsalının qarşısı alınmayıb, ən azından bu sahədə qayda yaradılmayıb. Hətta satıcıların əksəriyyəti satdıqları məhsulların GMO tərkibli olduğunu belə bilmir. Belə tərkibli məhsullar digər məhsullarla bir yerdə satılır və onların GMO olduğunu bildirən heç bir məlumata rast gəlinmir. Üstəlik, onlar digərlərinə nisbətən baha qiymətə satılır.
Çoxlarımız baha qiymətə olan bu məhsulların gözəlliyinə, iriliyinə valeh olub bəh-bəhlə alır, hətta ən əziz adamımızı bu meyvə-tərəvəzə qonaq edirik. Ən pisi isə odur ki, həvəslə aldığımız bu məhsulların GMO tərkibli olduğunu bilmirik. Çünki qeyd olunduğu kimi, aldığımız məhsulun üzərində onun GMO tərkibli olduğunu təsdiqləyən hansısa etiket və ya məlumat olmur. Baş çəkdiyimiz bir neçə mağaza və bazarda satıcılardan satdıqları meyvə-tərəvəzlərin GMO tərkibli olub olmadığını soruşduqda “bilmirik” cavabını aldıq. Hətta elə satıcılara da rast gəldik ki, onlar ümumiyyətlə GMO-nun nə olduğunu bilmirlər.
Meyvə-tərəvəz satıcısı Elnur Əliyev mövsümi olmayan meyvələrin xaricdən gətirildiyini dedi: “Bu meyvələr xarici ölkədən gətirilib. Məncə, GMO deyil. Yəqin ki, orada yetişən meyvələr bu mövsümdə burada yetişmir”.
Alıcı Zümrüd Quliyeva da vəziyyətdən narahat idi: “Elə almalar var ki, iki dənəsi bir kilo gəlir. Yəqin ki, onlar GMO tərkiblidir. Amma belə tanıya bilmirəm. Ən yaxşısı kiçik ölçülü, hətta üstündə ləkəsi olan almalardı. Ən azından bilirsən ki, təbii üsulla yetişən yerli məhsuldur. Həm də hər şeyi öz vaxtında yemək yaxşıdır”.
Bəs GMO məhsulları necə tanımaq olar? Öncə onu vurğulayaq ki, dünyanın bütün əkin sahələrinin təqribən 25-30 faizində transgen toxumlar əkilir. Məsələn, dünyada yetişdirilən soyanın 80 faizi transgendir. GMO soyanın yağı və unundan kolbasa, şokolad, konfetlər, mayonez, bitki yağları istehsalında geniş istifadə olunur. GMO-nun yaradılması üzərində ilk təcrübələr hələ XX əsrin 70-ci illərində aparılmağa başlanıb. Çərdəkləri kiçik olan böyük, ətli-sulu mükəmməl görünüşlü, eyni boyda, eyni formada olan meyvələr GMO tərkiblidir. Bəziləri qidaların canlılara mənfi təsir etmədiyini desələr də, ilk dəfə olaraq ingilis alimi Arpad Puştai GMO məhsulların insan orqanizminə zərərli təsirini təcrübə yolu ilə sübut edib.
Təcrübələr zamanı siçovullara bir müddət transgen tərkibli məhsulların yedizdirilməsi nəticəsində heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, qaraciyərin ölçüləri kiçilib, çəkiləri azalıb, onlarda aqressivlik yüksəlib, hətta bir-birini yeməyə başlayıblar. Eyni zamanda heyvanlar arasında ölüm faizi də artıb. Sonralar Arpad Puştainin həmkarı Stenli Yuen onun təcrübəsinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib. İnsanlara dəyən zərərinə gəlincə isə GMO məhsulları ilə qidalanan bəzi ölkələrin əhalisində piylənmə prosesi ilə həmin məhsulların geniş yayılmasının birbaşa əlaqəsinin mövcudluğu ortaya çıxıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov GMO tərkibli məhsulların heç birinin üzərində etiket olmadığını dedi: “Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul olunub. Həmin qanunun tələbində qeyd olunur ki, tərkibində GMO olan mallar markalanmalıdır. Çox yaxşı haldır ki, həmin qanuna görə tərkibində GMO olan mallar ekoloji təmiz hesab olunmur. Lakin qanun qəbul olunsa da, Azərbaycanda GMO-lu məhsullarda markalanması həyata keçirilmir. Azərbaycanda GMO tərkibli məhsulun heç biri markalanmayıb. Ona görə də alıcı GMO tərkibli məhsulları ayırd edə bilmir.
GMO məhsulunu tanımağın bir neçə əlaməti var. Bir məhsulun toxumunu götürüb gələn il əkdikdə onun toxumu çıxmırsa, bu GMO əlamətidir. Azərbaycanda qarpızlar, pomidorlar, badımcanlar yetişdirilir. Bunlar GMO məhsuludur. Birmənalı şəkildə sarı, qızılı düyü deyilən düyülər də GMO-dur. Soya harada varsa, 98 faiz GMO-dur”.