ALICILAR supermarKETLƏRDƏN İMTİNA edir
Supermarketlərdə satılan meyvə və tərəvəz bazarlarla müqayisədə xeyli bahadır. Supermarketdə satılan meyvə-tərəvəz Paytaxtda fəaliyyət göstərən iri supermarketlərdə meyvə-tərəvəzin qiymətləri adi mağazalarda satılan eyni məhsulların qiymətlərindən 2-3 dəfə yüksəkdir. ANS PRESS-in məlumatına görə, elə bu səbəbdən də böyük marketlərin vitrinlərində düzülmüş məhsullar vətəndaşların diqqətini cəlb etmir. Nəticədə həmin meyvə-tərəvəzlər aylarla vitrinlərdə qalır və öz keyfiyyətini itirməklə yanaşı insan həyatı üçün də təhlükə yaradır. Ancaq əhalinin həmin məhsullardan imtina etməsinin əsas səbəbi qiymətlərinin baha olması ilə əlaqədardır. Paytaxt sakini Tünzalə Səmədzadə deyir ki, əksər ərzaq məhsullarını iri supermarketlərdən alsa da, meyvə-tərəvəzi bazarlardan almağa üstünlük verir. Çünki kənd təsərrüfatı məhsulları iri supermarketlərdə həddən artıq bahadır. "Məsələn, adi meyvə-tərəvəz satışı məntəqəsindən 1.20-1.30 manata aldığımız portağal həmin supermarketlərin vitrində əhaliyə 3.79 manata təqdim edilir. Bu isə adi marketdən təxminən 3 dəfə çoxdur”. Apardığımız araşdırma zamanı, həqiqətən də əksər iri supermarketlərdəki meyvə-tərəvəz qiymətləri ilə kənd təsərrüfatı məhsullarının satıldığı adi mağazalardakı və bazarlardakı məhsulların qiymətləri arasında ciddi fərqin şahidi olduq. Məsələn, almanın 1 kiloqramı meyvə tərəvəz məshullarının satıldığı adi mağazada 0.8-1.0 manatdırsa, bu qiymət iri supermarketlərdə 3.2-3.7 manatdır. Digər meyvə-tərəvəz məhsullarının qiymətləri isə aşağıdakı kimidir. Qiymət cədvəli manatla göstərilib. Marketlərdəki satıcılar da qiymət artımının olduğunu təsdiq edir və bunun özünəməxsus səbəblərinin olduğunu bildirirlər. Satıcı Nadir Cavadov deyir ki, supermarketlərdə satılan meyvələrin əksər hissəsi xaricdən idxal olunur, ona görə də daha bahadır. “Biz meyvələri xarici ölkələrdən gətiririk. Bu səbəbdən bizdə qiymətlər bahadır. Ona görə də bu sahədə alverimiz o qədər də aktiv deyil. Bizim əsas məqsədimiz müştərinin mağazadan əliboş qayıtmamasıdır. Ona görə də bəzi hallarda ay ərzində cəmi bir neçə kiloqram satdığımız meyvələri belə vitrinlərə yerləşdiririk”. Satıcı “alıcısı olmayan meyvələrin aylarla vitrinlərdə qaldığı üçün təhlükəli ola biləcəyi” haqda sualımıza cavab olaraq bildirdi ki, düzdür, bəzi məhsullar uzun müddət vitrinlərdə qalır. Ancaq indiyə qədər hər hansı təhlükə törətməsi barədə bizə heç bir şikayət daxil olmayıb. İqtisad Universitetinin professoru Zahid Məmmədov deyir ki, bu əsasən icarə haqları ilə bağlıdır. Onun sözlərinə görə, iri supermarket və adi mağazalar arasında qiymət fərqinin aradan qaldırılması üçün ilk növbədə “xalq bazarı” yaradılmalıdır: “Meyvə-tərəvəz və digər məhsullar maşınlar vasitəsilə əhalinin yaşadığı evlərin həyətlərinə gətirilməlidir. Əhali öz evinin yaxınlığında ucuz qiymətə məhsullar almalıdır. Sahibkarlara bu sahədə şərait yaradılmalıdır”. İqtisadçı deyir ki, dünyanın bütün ölkələrinə ən ucuz məhsullar marketlərdə satılsa da bizdə fərqlidir: "Bunun qarşısını almaq üçün alqı-satqıya dəstək münasibəti ilə bələdiyyələr tərəfindən obyektlər tikilməli və vətəndaşlara pulsuz icarəyə verilməlidir. Yalnız bu yolla bazarda ucuzlaşmaya nail olmaq olar. Vətəndaşlar götürdükləri obyektlərə görə həddən artıq icarə haqqı ödədikləri üçün məcburi şəkildə qiymətləri yüksəldirlər. Amma xarici ölkələrdə böyük supermarketlər bir-birilə rəqabət zamanı öz alıcılarının sayını artırmaq və beləliklə daha çox məhsul satmaq məqsədilə ucuz qiymət təklif edirlər. Amma Azərbaycanda iri supermarketlər meyvə və tərəvəz məhsullarının satışında alıcı qıtlığı ilə üzləşsələr də qiymətlərdə endirim etmək fikrində deyillər.