07.09.2014- YAP-çı deputat iki naziri “vurdu”

07.09.2014- YAP-çı deputat iki naziri “vurdu”Eldar İbrahimov “İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri bu işləri tənzimləməlidir”

Son günlər istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız, yemiş, pomidor, xiyar, göyərtilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manat, Gürcüstan sortu isə 1 manat 50 qəpikdən ucuz deyil. Kələmin 1 kiloqramı 1 manat, soğan 70-80 qəpiyə alıcı gözləyir.

Kənd Təsərrüfatı Nazirliyi isə hər zaman açıqlamalarında məhsulların kifayət qədər, hətta lazım olandan da artıq olduğunu bildirir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bu fikirdədir: “Həqiqətən məhsul boldur. Sadəcə, həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir”.

Deputat həmişə olduğu kimi, Naxçıvandakı durumu misal gətirib. “Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə məhsul yoxdur, yalançıdır.
Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir",
- deyə komitə sədri vurğulayıb.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadi inkişaf naziri isə Şahin Mustafayevdir.

Kənd Təsərrüfatı Nazirliyi də qiymət artımı ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumatda deyilir ki, Rusiya bazarına ixracın artırılmasına görə bəzi kənd təsərrüfatı məhsullarının qiymət artımı ilə bağlı araşdırma aparılıb.
Nazirlik son günlər ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı mətbuatda verilən məlumatlara əsasən araşdırma aparıb: “Mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə aşağı olub. Məsələn, ötən ilin iyul ayına nisbətən cari ilin iyul ayında kələmin qiyməti 25, soğanın qiyməti 21, sarımsağın qiyməti 15, xiyarın qiyməti 13, almanın qiyməti 21, çiyələyin qiyməti 12, alçanın qiyməti isə 10 faiz aşağı idi. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni fermerlərin sahədən satış qiymətləri 4-5 faiz aşağı olub”.

Nazirlik iddia edir ki, mövsümün əvvəlində formalaşmış qiymət fermerlər üçün əlverişsiz olub. Buna görə də qiymətlərin fermerlər üçün qaldırılmasına ehtiyac yaranıb:
“Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi təbii olaraq yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu. Bununla belə, burada üç məqama da diqqət yetirmək lazımdır.
Birincisi, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. Lakin əslində cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10 faizi təşkil edib, yəni ötən ilə nisbətən artım 20,5 faiz olub.
İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqləri göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başladı. Bu il yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti yüksək olub.

Bir sözlə, Rusiya bazarına ixracın təsiri ilə cari ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin əlverişli vəziyyətə gəlməsini şərtləndirib. Eyni zamanda qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmadı, çünki bu, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir".






Fikirlər