13.01.2014. - Azərbaycan Türkiyədə də kartofu bahalaşdırdı

13.01.2014. -  Azərbaycan Türkiyədə də kartofu bahalaşdırdıAzərbaycandan sonra Türkiyədə də kartofun qiyməti kəskin artıb.

AzerTaym.az saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, səbəb bu ölkədən Azərbaycana, Suriyaya və İraqa kartof ixracının ötən ilə nisbətən dəfələrlə artmasıdır.
“Akşam” qəzeti yazır ki, hazırda Türkiyədə karfotun qiyməti bananın qiyməti ilə yarışır və 1 kiloqramının qiyməti marketlərdə 5 türk lirəsinə (TL), yəni 2 dollardan yuxarı qalxıb. Qiymətin tezliklə 6 TL-yə qalxacağı gözlənilir.
Bildirilir ki, ötən il Türkiyədə kartofun qiyməti olduqca ucuz idi və fermerlər öz məhsullarını qəpik-quruşa satmalı olurdular. Türkiyə Fermerlər Dərnəyinin başqanı İbrahim Yetkin deyir ki, ölkənin kartofa olan illik tələbatı 5 milyon tondur. Lakin ötən il məhsul bol olduğundan qiymətlər kəskin aşağı düşdü. Nəticədə fermerlər kartof əkinini azaltmalı oldular.
“Ona görə də bu il məhsul az oldu. Hazırda fermerlərin anbarlarında kartof qalmayıb. Yeni məhsul aprel ayında yetişəcək. Yəni aprel ayına qədər bu cür qıtlıq olacaq və qiymətin daha da artması gözlənilir”
- deyə o bildirib.
İbrahim Yetkin deyib ki, bazarlarda lobya bahalananda əhali daha ucuz olan noxuda üstünlük verməyə başlamışdı. Ancaq kartofun alternativi yoxdur. Onun sözlərinə görə, kənd təsərrüfatı strateji əhəmiyyət daşıyır və bu sahədə istehsalı bazarın tələbatının ixtiyarına buraxmaq olmaz. Dövlət bu məsələyə qarışmalı və planlı istehsal təşkil edilməlidir.

Statistikaya görə, 2012-ci ildə Türkiyə 92 min ton kartof ixrac edib. 2013-cü ildə bu rəqəm 310 min tona qalxıb. İxracın artması əsasən Azərbaycan, Suriya və İraqın hesabına olub. 2012-ci ildə Suriyaya 3,6 milyon dollarlıq kartof satılmışdısa, 2013-cü ildə bu rəqəm 20 milyon dollara çatıb. Azərbaycana isə 2012-ci ildə cəmi 440 min dollarlıq kartof satılmışdı. 2013-cü ildə isə bu rəqəm 2,3 milyon dollara qalxıb.
Xatırladaq ki, hazırda Azərbaycanda yerli kartofun 1 kiloqramı 1,5 manata, yaxud 2 dollaradır.


P.S. Son zamalar Türkiyə cəmiyyəti Azərbaycanla sanki elə bil hər şeydə bəhsə girib....Nə deyək,təki düşərli olsun!






Fikirlər