11.01.2014. - Məmurların Azərbaycan kəndindən “sağdığı” yüz milyonlar...

11.01.2014.  -   Məmurların Azərbaycan kəndindən “sağdığı” yüz milyonlar...Azərbaycan kəndlisinin ənənəvi bədbəxtlik və çətinlikləri ilə yanaşı yeniləri də peyda olub. Doğrudur, bu yeni fəlakətlər - hüquqsuzluq, məmur özbaşınalığı, ilgəyə çevrilmiş bank faizləri kolxoz-sovxoz dövründən sonrakı illərdə həmişə olub. İndi isə...

İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etsə də bir şeyi bilmək lazımdır ki, Azərbaycanın ənənəvi neft-kimya sənayesindən başqa öyünələsi hələlik heç nəyi yoxdur. Ölkənin bütün sənaye infrastrukturu dərəbəyliyin baş alıb getdiyi 90-cı illərdə dağıdılaraq hərraca qoyuldu. İkinci neft bumunun başlanması ilə əlaqədar isə iqtisadiyyatın qeyri-neft sektoru praktiki olaraq məhv olub getdi, itib-batdı. Bu üzdən aqrar sektor Azərbaycan iqtisadiyyatında hələ də üstün, hakim mövqeyini qoruyub saxlayır.

Söz yox, Prezident Administrasiyasının məhz kənd təsərrüfatına görə məsul əməkdaşı Azər Əmiraslanov lap elə bu yaxınlarda aqrar sektorun faciəvi durumda olması barədə ilk dəfə danışdı. Bunun səbəbləri çoxdur: “Holland sindromu”ndan (hansı ki, aqrar sektoru ondan qoruya bilmədik) sistemli korrupsiyaya qədər...

Jan-Jak Russonun bu sözünü azca dəyişib iqtisadiyyatın əsas problemi barədə belə də deyə bilərik: ticarət sərvət yaradır, kənd təsərrüfatı isə azadlığı təmin edir!

Bəs Azərbaycan kəndlisinin sosial zümrə kimi praktiki olaraq məhv edildiyi bir şəraitdə hansı azadlıqdan söhbət gedə bilər?

Ölməkdə olan kəndi, kəndli zümrəsini yalnız aqrar sektorun xilas edilməsinə yönəlmiş yeni konsepsiya, ona dövlət dəstəyi, ənənəvi inzibati-polis xidmətlərinin zülmündən bezən fermerlərə güzəştlər etmək, prezidentin də haqqında tez-tez danışdığı regionların inkişafı proqramları vasitəsilə dirçəldib ayağa qaldırmaq olardı.
11.01.2014.  -   Məmurların Azərbaycan kəndindən “sağdığı” yüz milyonlar...
Amma ortada acınacaqlı mənzərə var və bu gerçəklik tamam başqa şey deyir. Azərbaycan kəndi dibi görünməyən dərin quyuya salınıb. Yerli məmurların hay-küyünə, yağlı rəqəmlərlə dolu proqnozlarına baxmayaraq iflasa uğramaq, müflis olmaq Azərbaycan kəndində artıq kütləvi hal alıb. Fermerlərin 75 faizi yeni kənd təsərrüfatı texnikası almaq imkanlarından məhrumdur. Onlar sınıq-salxaq sovet texnikasının, ən yaxşı halda isə Belarus traktorlarının ümidinə qalıb.

Azərbaycan hökuməti son bir neçə ildə təkcə Almaniya və Avstriyadan 5 min baş cins inək almağa 23 milyon dollar xərcləyib. Məqsəd yerli iribuynuzlu mal-qaranın artım keyfiyyətini və süd istehsalını artırmaq idi. Lakin sonradan məlum oldu ki, Azərbaycan kəndinin bütün fəlakəti də elə bu xarici inək əhvalatından başlayır. Günahkar isə həmişə olduğu kimi bu dəfə də bu islaholunmaz korrupsiya sistemidir...

Əgər cins inəklər Avropada gündə 30-40 litr süd verirsə, Azərbaycanda bu rəqəm çox aşağıdır - gündə cəmi 9 litr. Yada salaq ki, xaricdən cins mal-qaranın alınıb gətirilməsi ilə dövlətə məxsus “Aqrolizinq” Səhmdar Cəmiyyəti (SC) məşğul olur. Fermerlərə bu heyvanları almaq üçün pulu isə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) verir. Cins mal-qaranın satışı ilə isə “Aqroservis” şirkəti məşğul olur.

Hökumət xarici cins mal-qara almağa başlayarkən ümid edirdi ki, daha məhsuldar Avropa inəklərinin idxalı süd istehsalını artıraraq onu 2015-ci ildə 2,5 milyon tona çatdırmağa imkan verəcək (2011-ci ildə 1,6 milyon ton süd istehsal olunub).

Amma hər şey tərsinə oldu. Sonradan bəlli oldu ki, tərifli Avropa inəkləri gözlənildiyi qədər də süd vermirlər. Hökumətdəki məmurlar deyir ki, səbəb fermerlərin həmin mal-qaraya düzgün qulluq göstərməməsidir, bu inəklər xüsusi qulluğu sevir və s. Fermerlər isə bildirirlər ki, xarici inəklərin ekstravaqant ehtiyaclarını təmin etmək sərfəli deyil, bu halda südün maya dəyəri kəskin artır, nəticədə məhsul bahalaşır.

Xaricdən cins inəklər alınması qaydası belədir ki, hökumət və fermerlər hər heyvanın dəyərinin ilkin olaraq yarısını ödəyirlər. Pulun qalanını ödəmək üçün fermerlərə üç il vaxt verilir. “Aqrolizinq” Azərbaycana cins mal-qara gətirmək üçün elan etdiyi tenderdə qalib gələn üç şirkətin adını açıqlayıb. Onlar elə də tanınan şirkətlər deyillər: “Rista Alliance”, “Ninox Alliance” və “Swisspoint Merchants Limited”.

“Rista Alliance” şirkətinə Latviya vətəndaşı İnt Bilder adlı biri rəhbərlik edir. Bundan əvvəl isə mətbuatda belə bir məlumat getmişdi ki, İ.Bilder beynəlxalq miqyaslı fırıldaqçıdır və onun dövlət şirkətlərinin iştirakı ilə törədilmiş 150 milyon dollarlıq fırıldaqçılıq əməllərinə birbaşa bağlılığı var.

Qeyd edək ki, “Aqrolizinq” SC təkcə cins mal-qara yox, həm də kənd təsərrüfatı texnikasının idxalı ilə məşğuldur. SC lap elə bu günlərdə kənd təsərrüfatı texnikasının alınması ilə bağlı tender elan edib. Verilən məlumata görə, tender üç lot üzrə keçirilir: traktorlar üçün 699 ədəd qoşqu ləvazimatı (tenderdə iştirak haqqı 1000 manat), 40-55 at gücündə olan 80 traktor (tenderdə iştirak haqqı 400 manat) və 30 traktor qoşqusu və 160 irigavahınlı kotan (tenderdə iştirak haqqı 200 manat).

Lakin araşdırma zamanı onu öyrənmək mümkün olub ki, fermerlər bu texnikanı almaq imkanına malik deyillər, onları nədənsə həmişə oliqarxlara məxsus fermer təsərrüfatlarında çalışan şəxslər alırlar. Məsələn, bu yaxınlarda İsraildən 5 ədəd damcı-suvarma qurğusu idxal olunub. Onların da hamısını iri məmur-oliqarxlara məxsus təsərrüfatlarda çalışan “öz fermerləri”nə veriblər.

Sahibkarlığa Yardım Milli Fondu (SYMF) tərəfindən kredit verilməsi isə məsələsi isə fermerlərin lap böyük başağrısına çevrilib.

Təzyiqlərə məruz qalacağından qorxub adınını açıqlanmasını istəməyən fermerlərdən birinin virtualaz.org saytına dediyinə görə, SYMF kreditləri sırf cins mal-qara almaq şərtilə ayırır, amma həmin heyvanların yerli mühitə uyğunlaşacağına və bu iqlimdə dözüb yaşayacağına heç bir təminat vermir, bunun məsuliyyətini paylaşmır: “Elə hallar da olur ki, həmin heyvanlar alınıb gətiriləndən iki-üç ay sonra bizim mühitə dözməyərək tələf olurlar. Fermerlərdən isə bu halda da pulu, üstəlik faizləri ödəməyi tələb edirlər”.
11.01.2014.  -   Məmurların Azərbaycan kəndindən “sağdığı” yüz milyonlar...
Digər fermerlər də təsdiqləyir ki, onlar SYMF-a və onun əməkdaşlarına bütün bu pullardan əlavə “cins inək” əməliyyatına görə “şapka” və “şirinlik əlavələri” də ödəyirlər. Daha bir detal: gətirilən mal-qara arasında xəstə, arıq, zəif heyvanlar da çox olur, SYMF isə sağlam mal-qaranı fermerlərə əlavə xərc və ya tanışlıq prinsipi ilə satır.

“Aqrolizinq”in qanunsuz əməlləri bununla da bitmir. Buna dair daha bir nümunə deyək. Fermerlər bildirir ki, “Aqrolizinq”in fəaliyyəti bütövlükdə maliyyə piramidası prinsipi əsasında qurulub. Bu şirkətin regional bölmələri kəndli-fermer təsərrüfatlarına guya mineral gübrə satışı ilə məşğuldur. Lakin gübrə satışı yalnız kağız üzərində aparılıb, buna görə müntəzəm ayrılan və ödənilən pullar isə aqrar sektoru “inkişafı ilə məşğul olan” məmurların cibini şişirdib, onların maddi vəziyyətini “münbitləşdirib”...

Bu dövlət strukturunun fəaliyyət tarixi büdcə pullarını mənimsəmək üsullarının belə “ağıllı və effektiv” nümunələri ilə doludur. Maraqlıdır ki, Baş Prokurorluq da bu faktlar əsasında dəfələrlə cinayət işi açıb. Amma məsələ həmişəki kimi bitib - nədənsə heç kəs cəzalanmayıb...

Nəhayət, ötən ilin sonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Aqrolizinq”in İmişli rayon filialında analoji fırıldaq faktının aşkarlanması ilə bağlı təhqiqat aparıb. Nəticədə həmin filialın müdiri Razi Talıbzadə həbs olunub. Araşdırma zamanı müəyyən olunub ki, R.Talıbzadə 2009-2013-cü illər ərzində kəndli-fermer təsərrüfatlarına, ayrı-ayrı şəxslərə 835,5 min manat dəyərində 9569 ton müxtəlif mineral gübrə satıb. Kağız üzərindəki bu gübrə kəndlilərə güzəştli qiymətlərlə satılmalı imiş. Amma...

Əgər “Aqrolizinq”in bütün strukturlarında belə kompleks yoxlamalar aparılsa, dərhal aydın olar ki, bu qurum başdan-ayağa “gübrə və büdcə” pullarını silib yemək üçündür və oradakı korrupsiya mexanizmi saat kimi işləyir.

Amma “Aqrolizinq” SC-nin sədri Əli Bayramov nədənsə çox nikbindir. O, hesab edir ki, ötən il SC üçün çox uğurlu olub.

Ə.Bayramov xaricdən valyuta ilə alınan cins mal-qaranın tələf olmasına belə izah verib ki, səbəb bu heyvanlara düzgün qulluq edilməməsidir: “Məsələn, Sahibkarlığa Yardım Milli Fondunun hesabına tikilmiş heyvandarlıq komplekslərinə verilən mal-qara arasında tələfat göstəricisi heç 1 faizə də çatmır. Lizinq əsasında ən çox cins mal-qara Ağcabədi rayonundakı “Atena” şirkətinə verilib. Bu şirkət bizim xətlə 1200 başdan çox cins inək alıb. Onların isə cəmisi 10-12 başı tələf olub”.

Ə.Bayramov bu izahatı verərkən Baş Prokurorluq tərəfindən aşkarlanmış korrupsiya faktlarının yanından səliqə ilə ötüb keçir, onlara toxunmur. Aydındır niyə...

Bunlar “Aqrolizinq”in əməlləri. SYMF-ə gəlincə isə bu qurumun verdiyi məlumatlara görə, fond sahibkarlara 2013-cü ilin əvvəlindən bəri səlahiyyətli kredit təşkilatları vasitəsilə 211,9 milyon manat həcmində güzəştli kredit verib. SYMF 2013-cü ilin əvvəlindən bəri öz vəsaiti hesabına 2753 investisiya layihəsini maliyyələşdirib. Burada çox maraqlı bir məqam var. SYMF hansısa mütərəqqi layihələrə 200 milyon manatdan çox pul xərclədiyini deyir. Amma nə bu qurumun rəhbərliyindən, nə də aqrar sektorun batıb getməsinə görə məsuliyyət daşıyan dövlət adamlarından heç kim soruşmur ki, bu qədər pullar xərclənməyinə baxmayaraq heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məmulatlarının qiyməti niyə enmir, əksinə, hətta artır... Bu sualın fonunda bir məqamı da deyək ki, Azərbaycan hələ də kərə yağının ən böyük idxalçılarından biri olaraq qalır. Nəyə görəsə... Azərbaycanlıların süfrəsini hələ də Baltikyanı ölkələr, Ukrayna, Rusiya istehsalı olan kərə yağı, Belarus xaması, Hollandiya pendiri, İran yumurtası, Türkiyə tərəvəzi, Pakistan kartof-soğanı bəzəyir.

Bütün bunları nəzərə alaraq məmurlardan soruşmaq lazımdır: bizim aqrar pullarımız hara buxarlandı?

Alxas İsmayılov






Fikirlər