Qüdrət Həsənquliyev Elman Rüstəmovu vurdu
Qüdrət Həsənquliyev: “Milli Bankın Azərbaycan iqtisadiyyatında rolu ondan ibarətdir ki, ancaq manatın kursunu sabit saxlayır”
Son günlərdə ölkədə baş verməkdə olan sosial-iqtisadi proseslərlə bağlı suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cavablandırır.
-Qüdrət bəy, “Unikal”a son müsahibənizdə nazirlərdən gileylənmişdiniz ki, əksəriyyəti telefon zənglərinə cavab vermir. Onların bu xasiyyətləri dəyişibmi?
-Güman etmirəm ki, onların bu şakəri dəyişilib. Yəqin ki, prezident tərəfindən göstəriş olmasa, vəziyyət dəyişilməyəcək. Əgər bizim zənglərə cavab verilmirsə, onda hökumət telefonlarını deputatlardan götürmək lazımdır. Lap şəhər telefonu ilə də nazirə zəng eləsən, köməkçisi deyir ki, ya yerində yoxdur, ya da yığıncaq keçirdir. Buna görə də düşünürəm ki, telefonları ya ləğv etmək lazımdır, ya da bu telefonlar qoyulubsa, həmin adamlara deyilməlidir ki, zəngimizə cavab versinlər. Deputat statusu haqqında qanunda da qeyd olunub ki, deputat vəzifəli şəxsə müraciət etdikdə təxirə salınmadan qəbul edilməlidir. Qəbul olunmaq nədir, heç zəngimizə də cavab vermirlər. Bu məsələ problem olaraq qalır.
-Sizcə, deputatların bu qədər aşağılanmasının səbəbi nədir: deputatların zəifliyi, yoxsa nazirlərin çərçivədən çıxmağı?
-Bu məsələdə hökumətin nöqsanı böyükdür.
-Son günlərdə nazirlər deputatları aldatdılar: dedilər ki, qiymətlərdə artım olmayacaq. Amma büdcə parlamentdə təsdiq olunandan bir həftə sonra qiymətlər qalxdı. Bu aldanışa nə deyirsiniz?
-Hər halda, yaxşı hal deyil. Çünki ictimaiyyət prosesi izləyir və görür ki, dövlət rəsmiləri əhali ilə qeyri-səmimidir. Nəticədə vətəndaşların hökumətə olan etimadı azalır və itir. Mən bu faktı pisləyirəm və hesab edirəm ki, belə olmamalıdır. Yəni onsuz da biz bilirdik ki, qiymət artımı olacaq, amma bunu ictimaiyyətə bildirmək lazım idi. Guya onda nə dəyişəcəkdi ki?
-Siz bir il bundan əvvəl də deyirdiniz ki, “Təxirəsalınmaz tədbirlər görülməlidir, kadr islahatları aparılmalıdır, əks halda çox ciddi problemlərlə üzləşəcəyik”. Sizə elə gəlmir ki, artıq sosial partlayışın astanasındayıq?
-Deməzdim ki, hələ sosial partlayışın astanasındayıq. Amma proseslər o istiqamətdə inkişaf edir ki, ölkədə gəlir gətirən, yəni məhsul istehsal edən müəssisələrin sayı xeyli məhduddur. Əhalinin böyük bir hissəsi xidmət sahəsində və ticarətlə məşğuldur. Yoxsul təbəqənin böyük hissəsi xaricdə işləyən övladlarının göndərdiyi pulların hesabına minimal təlabatlarını ödəyə bilir. Ona görə də mən Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam, büdcə müzakirə olunanda da toxunmuşam ki, bu yüklənmənin qarşısını almaq üçün mütləq regionların inkişafına diqqət yetirilməlidir və regionlarda yeni açılan istehsal və emal müəssisələri, ən azı üç il, yaxud beş il vergidən azad edilməlidir. Növbəti beş ildə də onlar üçün vergi güzəştləri nəzərdə tutulmalıdır ki, sahibkarın rayonlara gedib investisiya qoymağa marağı olsun və rayonlarda inkişaf başlansın. Ölkədə rəqabətlilik mühiti gücləndirilməlidir. Bank kreditlərinin faizi aşağı salınmalıdır. Hazırda illiyi on səkkiz faizdən aşağı kredit yoxdur. Bu faizlərlə ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil. Ölkədə beş-on iri şirkətlər, holdinqlər mövcuddur ki, bununla da doqquz milyon əhalisi olan ölkənin vətəndaşlarını işlə təmin etmək qeyri-mümkündür. Ona görə də hökumət bu sahədəki siyasətində mütləq dönüş etməlidir. Bilirsiniz ki, hazırda Azərbaycanda neft hasilatı azalır və nəticədə neft gəlirlərinin də həcmi aşağı düşür. Ona görə də hökumət əvvəlki kimi neft pullarından istifadə edə bilmir. Yadınızdadırsa, neft pullarından büdcəyə on bir milyard manat transfer etdiyimiz vaxtlar da olub. Neft Fondu hazırda bu qədər vəsait verə bilmir. Büdcədə yaranmış kəsiri ödəmək üçün yanacağın qiymətini qaldırmağa məcburdurlar. Yanacağın qiymətini qaldırmaq olardı, amma yük maşınlarının işlətdiyi aşağı oktanlı benzinin də qiymətinin qaldırılması kənd təsərrüfatına və tikinti sektoruna pis təsir edəcək. Yükdaşımaların da qiymətləri artacaq. Türkiyədən yük gətirən maşınlar çox vaxt Azərbaycandan yanacaq götürürdü. Ona görə də daşıma xərcləri aşağ idi. İndi onlar da daşıma xərclərini qaldıracaqlar. Deməli, Türkiyədən, İrandan daşınan malların da qiyməti qalxacaq. Ona görə də qiymətləri bu formada qaldırmaqla ölkənin iqtisadiyyatını inkişaf etdirmək mümkün olmayacaq. Xarici banklarda 0,89% faiz gəlirlə yerləşdirilmiş pullar ölkəyə gətirilib daha yüksək faizlə ölkənin banklarına yerləşdirilməlidir. Bu pulları bizim banklara beş faizlə də qoymaq olar. Banklar da, qoy, bu pulu yeddi faizlə ölkənin sahibkarlarına versin. Demirəm ki, həmin əlli milyard pulun hamısını Azərbaycana gətirmək olar və bizim iqtisadiyyatımız o pulu həzm eləmək gücündədir. Amma ən azı, iki-üç milyard gətirmək lazımdır və iqtisadiyyatımız bu məbləği həzm eləmək gücündədir. Çünki sahibkarlarımızın kreditə böyük ehtiyacı var. Belə olacağı təqdirdə də, doğrudan da, yalnız bank sektorunun səmərəli fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatını ayağa qaldırmaq olar. Əvvəllər də demişəm: Milli Bankın Azərbaycan iqtisadiyyatında rolu ondan ibarətdir ki, ancaq manatın kursunu sabit saxlayır. Sizə deyim ki, dərslərindən “2” alan uşaq da bunu eləyə bilər. Onlar bunu eləmək üçün milyardlarla pul xərcləyirlər. Bu sözü Milli Bankın sədri deyib. Ona görə də Milli Bankın rəhbərliyinə dünyada gedən iqtisadi proseslərdən başı çıxa bilən adam gətirilməlidir. Milli Bankın indiki rəhbəri sovet təhsili almış və o sistemin yetişdirdiyi bir adamdır. Yəni sosialist təsərrüfat sisteminin yetirdiyi bir şəxsdir. Amma indi Azərbaycanda Qərb təhsili almış və orada işləyib formalaşmış kifayət qədər kadrlar tapmaq mümkündür. Mən hesab edirəm ki, iqtisadiyyatımızın inkişafı üçün islahatlar həm
də Milli Bankdan və bank sektorundan başlanmalıdır.
-Prezident seçkilərində topladığınız səs Sizi qane etdimi?
-Sözün doğrusu, biz prezident seçkilərinə qatılanda da bu seçkilərdə qalib gəlmək şansımızın az olduğunu bilirdik. Seçkilərə qatılmaqda da əsas məqsədimiz cəmiyyətə alternativ ideyalar, fikirlər çatdırmaq idi. Biz 2007-ci idə konstitusiya islahatları layihəsini cəmiyyətə təqdim eləmişik və bu keçən müddət ərzində də bir çox müxalifət partiyaları, demək olar ki, böyük əksəriyyəti artıq bu ideyanı mənimsəyib və bunun həyata keçirilməsinin zəruriliyni vurğulayırlar. 2007-ci ildə biz bu problemi qaldıranda Gürcüstanda bu məsələ heç müzakirə də olunmurdu. Amma sonradan bu mövzu Gürcüstanda gündəmə gəldi və hətta konstitusiyanı dəyişdirib bu əsasda seçkilər də keçirtdilər. Amma bizdə hələlik hökumət bu addımı atmağa hazır kimi görünmür. Bununla belə, bu seçkilərdə də parlamentli respublika şüarını yenidən gündəmə gətirdik, təbliğ eləyib onun üstün tərəflərini göstərdik. Seçkilərdə əldə etdiyim səslərin sayı isə məni, əlbəttə ki, qane eləmədi. Bu da onu göstərir ki, cəmiyyətimizin dəyişiklik eləyən hissəsi seçkiləri udmaq imkanının az olduğunu fikirləşir. Çünki bu cür yenilikçi qüvvələr bir çox hallarda seçkilərdə iştirak etmir. İqtidar öz tərəfdarlarını daha çox səfərbər edib səsverməyə gətirə bilir. Bu da seçkinin nəticələrinə birbaşa təsir edir. Təvazökarlıqdan uzaq olmasın, prezidentliyə namizədlər içində ölkəni radikal şəkildə dəyişə bilmək baxımından ən radikal çıxışlar edən məhz mən idim. Amma siz gördünüz ki, mən Cəmil Həsənlidən və İqbal Ağazadədən az səs aldım. Niyə? Çünki onlar radikal çıxışlar edirdilər. Bu da onu göstərir ki, cəmiyyətimiz parçalanıb və insanlar çox vaxt seçkiyə namizədlərin platformalarına görə yox, ehtiraslarını, emosiyalarını sakitləşdirmək üçün gedirlər. Yəni “Mən bu hökuməti qəbul eləmirəm və onu ən kəskin şəkildə tənqid edən filankəs idi”. Amma bu filankəs gəlib neyləyə biləcəck, bu ölkəyə nə təklif edir? Buna fikir verən yoxdur. Bunula belə, həmilşə demişəm ki, ruhdan düşmək lazım deyil. Topladığım səslər məni qətiyyən ruhdan salmır. Mətbuatdan oxuyuruq ki, artıq bəzi siyasətçilər tam pessimizə qapılıblar və Azərbaycanda vəziyyəti dəyişməyin yolunu görmürlər. Qarşıya əsas məqsəd kimi hakimiyyətə gəlməyi qoyanda və buna nail ola bilməyəndə depressiya başlanır. Amma qarşıya böyük bir hədəf qoyanda, yəni ölkəni inkişaf etdirməyi düşünəndə, ölkədə beynəlxalq standartlara uyğun gələn, real hakimiyyət bölgüsünə əsaslanan situasiya yaratmağı düşünəndə tədricən işləməlisən və cəmiyyəti buna hazırlamalısan. Bu məqsədin gerçəkləşməsinin nə qədər vaxt aparacağı təkcə Azərbaycandan deyil, həm də bölgədə gedən proseslərdən asılıdır. Bəzən ölkədə və bölgədə elə hadisələr baş verir ki, qısa bir müddətdə insanların şüurunda ciddi dəyişiklikər yaradır. Amma yaranmış əlverişli beynəlxalq şəraitdən insanların doğru, düzgün faydalanması üçün cəmiyyəti buna hazırlamaq lazımdır. 1991-ci idə Sovet İttifaqı dağıldı. Baltikyanı ölkələrdə vaxtilə böyük bir dissident hərəkatı olmuşdu, xalqın səviyyəsi əsas verirdi deyə, onlar daha az itkilərsiz, ağrısız-acısız demokartik cəmiyyətə transfer oluna bildilər. Amma, görün, bizdə nə qədər itkilər oldu? 20 Yanvar faciəsi, onun dalınca Qarabağ savaşı. Çünki Ermənistan cəmiyyətinin səviyyəsi də, təxminən, bizim cəmiyyətin səviyyəsinə uyğun idi.
unukal.org