“Dəniz xalqa məxsusdur, niyə hasara alırlar?”

“Dəniz xalqa məxsusdur, niyə hasara alırlar?”
Paytaxt Bakının və Abşeron yarımadasının əksər hissələrində Xəzər dənizinin sahili hasarlanır və bu proses getdikcə daha da genişlənir. Daha doğrusu, sürətlənir. Xalqın təbii sərvətini, dənizi sadə vətəndaşlardan gizlətməyə yönələn bu hasarların hündürlüyü də getdikcə artır.
Belə getsə, bir neçə ildən sonra dənizə həsrət qalacağıq, yaxud zooparka gedib heyvanları görmək üçün bilet aldığımız kimi, dənizi görməyə də bilet almalı olacağıq, əgər dəniz sahilindəki şəxsi villalar buna imkan versə. Bu villaların da sayı get-gedə artır və dənizin içinə uzanan villalar əhalini dənizdən daha da uzağa aparır. Vaxtilə, Milli Məclis bu prosesin qarşısını almaq üçün tikintinin yalnız və yalnız dənizdən 130 metr kənarda aparılması haqqında qanun qəbul etdi. Amma sonradan bu qanuna dəyişiklik edildi və məsafəni azaldıb 70 metr etdilər. Ancaq hamımız görürük ki, dənizi hasara alan bəzi iş adamları, imkanlılar nəinki 70 metr, heç 7 metr də sahildən uzaq deyil. Əksinə, dənizin içərisinə uzanan villalar, malikanələr, restoran və digər obyektlər tikilməkdədir. Bəs görəsən, milyonlarla vəsait hesabına başa gələn bu tikililərin aqibəti necə olacaq? Kimsə dənizi əhaliyə qaytarmaq üçün nə vaxtsa bu tikililəri sökə biləcəkmi? Milyonlar xərcləyən insanlar öz xoşuna dənizi hasardan azad edərmi? Bu suallar düşündürücüdür. Amma cavabı çox qəlizdir.
Artıq ikinci ildir ki, Milli Məclisdə deputat Fazil Mustafa bu məsələyə dair narahatlığını dilə gətirir. Özü də, ya büdcə müzakirəsi zamanı hökumət üzvləri parlamentdə olanda, ya da hökumətin illik hesabatı dinləniləndə. Lakin iki ildir hökumətdə heç kim deputatın bu iradlarını, narahatlığını və təkliflərini eşitmək istəmir. Bir neçə gün öncə parlamentdə bu məsələni yenidən gündəmə gətirən Fazil Mustafa əməkdaşımızla söhbətində bildirib ki, məsələni kökündən həll etmək üçün ayrıca qanuna ehtiyac var: “Hesab edirəm ki, Xəzər dənizinin statusu ilə bağlı xüsusi bir qanun qəbul etməliyik. Bu qanunda Xəzər dənizinin ətrafının vətəndaşlara mənsub olduğu və onların istifadəsinə verildiyi, yalnız istisna hallarda dövlət ehtiyacları üçün müəyyən bir hissənin qapalı vəziyyətdə ola biləcəyi göstərilə bilər. Məsələn, prezident iqamətgahı, ayrı-ayrı hökumət iqamətgahlarına istisnalar tətbiq edilə bilər. Amma bütövlükdə Xəzər dənizini hasarlayıb bağlamaq barbarlıqdır. Buna başqa ad vermək olmaz. Bu, sadəcə insanları dənizdən məhrum etməkdir. İş o yerə çatıb ki, bağlardan dənizə gedən yolu da tikinti ilə bağlayıblar. Hesab edirəm ki, dövlət bu məsələyə ən yüksək səviyyədə baxmalıdır”.
Deputatın sözlərinə görə, Xəzər dənizinin çevrəsinin istifadəsi ilə bağlı qanunvericilikdə mütləq cəza nəzərdə tutulmalıdır: “Əvvəl qanun qəbul olundu ki, 25 metrdən yaxında tikinti aparmaq olmaz. Sonra bu məsafə 130 metrə qaldırıldı. Axırda da məsafəni yenidən azaltdılar. Kimsə qanunu rezin kimi öz istəyinə uyğun ora-bura dartır. Amma faktiki olaraq, heç nə həll edilmədi. Hasarlanmanın bu qanuna nə dəxli var ki? Bu gün demək olar ki, Xəzər dənizinin əksər hissəsi hasarlanıb. Qalan yerləri də yəqin ki, yaxın vaxtlarda hasarlayarlar. Bu gün tikintiyə kimin icazə verməsindən asılı olmayaraq, vətəndaşın Xəzər dənizindən məhrum edilməsi siyasəti aparılır. Bu isə yanlış bir siyasətdir. Çünki dəniz hamıya məxsusdur. Nə balığını tuta bilirsən, nə kürüsünü yeyə bilirsən, üstəlik, havasını da udmağa imkan vermirlər. Bundan böyük biabırçılıq varmı? Dəniz sahilində tikinti gedir. Sonra da tikintini hasara alırlar ki, mülkiyyəti qoruyurlar. Onlar bunu əsas sayırlar. Amma bu da yanlış bir işdir. Dənizə çıxışların bağlanması yolverilməzdir”.






Fikirlər