PARANORMAL hadisələrin izi ilə: Cənnət, cəhənnəm və Bakı arasında 8 qapı — "Qaniçənlər" məhəlləsindən REPORTAJ - FOTO
“İki nəfərin bildiyi sirr deyildir” ifadəsini yəqin ki, duymayanınız olmaz. Biz də Ölkə.Az olaraq sirli qapıları aralamaq üçün Bakının ən böyük və tarixi kəndlərindən biri- Maştağanın yolunu tutduq. Böyüklüyünə görə “Bakının paytaxtı” adlanan Maştağanın tarixi massaget tayfalarına kimi gedib çıxır. Məscidin minarəsini söküb daşlarından hamam tikdilər Maştağadakı Cümə məscidi 1708-ci ildə inşa edilib. 1841-ci ilin dekabrında baş vermiş zəlzələdən az sonra Maştağa qəsəbəsinə gələn rusiyalı səyyah İlya Berezin gördüyü mənzərəni belə ifadə edib: “Göz üçün maraqlı, ürək üçün ağrılı”. Həmin tarixdən 80 il əvvəl isə daha bir zəlzələ olub. Lakin bu dəfə zəlzələdən əvvəl - 10 gün ərzində yerin altından eşidilən tükürpərdici uğultu səsləri kənd sakinlərinə yeni bir fəlakət olacağının ismarıcını verdi. Hər kəs vaxtında sayıq davranaraq evlərini tərk etdiyi üçün böyük insan tələfatının qarşısı alınıb. 20-ci əsrdə Sovet rejimi zamanı isə sözügedən məscidin minarəsini söküblər. Həmin minarənin daşlarından hamam inşa edilib. Tikilən hamamda isə qəribə olaylar baş verməyə başlayıb. Belə ki, hamamda qəribə səslər eşidilib, paranormal hadisələr baş verib. Əvvəl bir o qədər önəmsənilməsə də, bu olayların silsilə təşkil etməsindən sonra hər kəs tədirgin olub. Hal-hazırda istifadəsiz və yararsız vəziyyətdədir.
Sökülən minarənin daşlarından çəkilən yol Hamamdan əlavə sökülən minarənin daşlarından yol tikintisində də istifadə olunub. Maştağada “Kanal yolu”nun asvaltını minarənin daşlarından çəkiblər. Kənd əhalisinin sözlərinə görə, həmin yolda qəzaların sayı-hesabı yoxdur. Yay aylarında isə bu yolda həftədə bir neçə avtomobil qəzası olur. İnanclara görə, qəzaların baş vermə səbəbi yolun sökülən minarənin daşlarından çəkilməsidir.
Cənnət, cəhənnəm və dünyamız arasında 8 qapı Dindar kənd kimi tanınan Maştağada maraqlı və olduqca qəribə bir ziyarətgahla da tanış olduq. Aqil baba adlı bu ziyarətgah 8 qapıdan ibarətdir. Bu qapıların cənnət, cəhənnəm və dünyamızın arasında olduğu bildirilir. Deyilənlərə görə, bu qapıları keçən insanın bütün arzuları, istəkləri reallaşır. Bu vaxta kimi etdiyi bütün səhv işlərə, günahlara tövbə edib yaxşılıqlar etsə, cənnətə qonaq olacaq. Əgər öz bildiyindən yenə dönməsə və pisliklərinə davam etsə, cəhənnəmə vasil olacaq. Bu ziyarətgahın bir neçə əsrdən çox yaşı olduğu bildirilir. Həmçinin Azərbaycanın bir çox yerlərindən bura insanların gəldiyi deyilir.
Kibrit çöplərindən sənət əsərləri Kənddə xüsusi hörmətə sahib olan Kərbəlayi Rəsaid Sulukinin şəxsi ev muzeyində qonaq olduq. Bu muzeydə tarixi kitablar, qablar, tapıntılar göz oxşuyurdu. Ən əsası Kərbəlayi Rəsaidin öz əl işləri olan kibrit çöpündən hazırlanan maketlər isə gözəllikdə heç də onlardan geri qalmırdı. On minlərlə kibrit çöpü sərf olunan bu maketlər muzeyin baş ucunda yerləşdirilib. Rəsaid hər kəsi heyran buraxan maketlərə illərini sərf etdiyini bildirdi.
400 yaşı olan Qum hamamı Maştağada daha bir tarixi yer isə 400 yaşlı Qum hamamıdır. İndi istifadəyə yararsız, zibillik və xarabalığı xatırladan bir yer olmasına baxmayaraq, 400 yaşlı bu hamam tarixin özüdür. Yer altında olan hamamın girişlərini atılan zibillər tutduğu üçün içəri üfunət iyindən girmək bir kənara, yaxınlaşmaq belə olmadı. Nə qədər acı mənzərə olsa da, hamamın içərisi ilə sizi də tanış etmək istədik.
“Qaniçənlər məhəlləsi” 20-ci əsrdə Maştağada üç böyük məhəllə- “Qaniçənlər” (Xonxar), Seyidlər və Keçəllər (Keçənlər) olub. Bu məhəllələr arasında böyük rəqabət isə uzun illər sürüb. Hər məhəllənin öz qoçusu olub və onlarla tanınıb. Həmin qoçular məhəllələrini davaya aparıb və kimin güclü olduğunu ayırd etməyə çalışıblar. Davaların əksəriyyətini Xonkar məhəlləsi və qoçusu udduğu üçün onlara “Qaniçənlər” məhəlləsi adı verilib. “Çıldağın vətəni” Çıldaq-türkəçarənin bir növüdür. Lap qədimdən qorxuluğu götürmək məqsədilə çıldaqdan istifadə ediblər. Çıldaq zamanı parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqlarına, onurğanın qurtaracaq hissəsinə vururlar. Ənənəvi üsuldan başqa çıldaqçıların hərəsinin öz üsulları da olur: bəziləri çıldağı etdikdən sonra qurğuşunu əridib baş üzərində bir neçə dəfə hərləyir, eləsi də olur ki, nəzər damarını (kürəyini) möhkəmcə ovxalayırlar. Maştağanın digər kəndlərdən daha çox tanınmasının digər faktorlarından biri isə kənddə bir neçə pir, ziyarətgah, çıldaq olmasıdır. AzerTaym.az