“VƏRƏM xəstələrinə münasibət pisdir”

Bu gün - martın 24-də bütün dünyada Vərəmlə Mübarizə Günü qeyd edilir.

Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramovvirtualaz.org saytına açıqlamasında bildirib ki, vərəm sağalan xəstəlikdir: “Vərəmin lokalizasiyasından asılı olmayaraq, bu xəsətəlik üçün xas olan əlamətlər - axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, arıqlama, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verilməsidir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır”.

Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək lazımdır.

Həkim deyir ki, vərəmin müalicəsi uzunmüddətlidir. Yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

“Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Şəkərli diabet xəstələri, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar bu xəstəliyə daha çox tutulur. Ona görə də, bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər”, - deyə R.Bayramov qeyd edib.






Fikirlər