İÇİ QURDLU adamlardan NECƏ QORUNMALI?!
"Oğlumun 1 yaşı var, həkimlər onun orqanizmində lyamblya qurdu aşkarladılar. Həkim deyir ki, qorxulu deyil, indi 98% adamda bu qurddan var. Müalicə edəcəm, keçəcək. Amma eşitmişəm ki, bu, çox qorxulu qurddur, hətta ciyərlərə düşüb, onları məhv edir. Uşağı təmiz saxlayıram, qurda haradan yoluxa bilər?” Müsahibimiz Ülviyyə Babaşova kimi yüzlərlə ananı narahat edən problemdir, qurd xəstəliyi. Ülviyyə xanımın dediyi kimi, hər 10 uşaqdan 9-na qurd xəstəliyi diaqnozu qoyulur. Üstəlik qurd xəstəliyinin bir qorxulu tərəfi də ailədə bir üzvün yoluxması halında digərlərinin də potensial xəstə hesab olunmasıdır. Bəs xəstəliyin bu qədər sürətli yayılma səbəbi nədir? Kimlər təhlükədədir? Publika.az-ın “Xəstəlikləri tanıyın” adlı layihəsində bu dəfə helmintozlar - qurd xəstəliyindən danışacağıq. Əhalinin 60 faizi askaridlərə yoluxub
Əvvəlcə uşaqdan böyüyə hər kəs üçün təhlükəli hesab olunan qurdların harada və necə yaşaması, yoluxan insanlara necə zərər verməsi barədə danışaq. Araşdırmalar göstərir ki, insana helmintlərin 250-dən çox növü təsir göstərə bilər. Ölkəmizdə çoxsaylı təbii ocaqları olan əksər parazit qurdların, insanlarda, məsələn, opistorxoz, metaqonimoz, şistosomoz kimi xəstəliklər törədən qurdların çay və göllərimizdə aşkar olunması təsdiqlənib. Bu qurdlara balıq ətindən yoluxma ehtimalı yüksəkdir. Yer əhalisinin əksəriyyəti, yaşından asılı olmayaraq, parazitlərə yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer əhalisinin 60%-i askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət çəkirlər. Hətta 1 aylıq uşağın askaridoz olması haqda məlumat var. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar. Onlar bağırsağın divarını və oradakı venoz qan damarını dəlib, qanla orqanlara yayılırlar (miqrasiya). Təxminən 8 saatdan sonra sürfələr qara ciyərə, sonra ürəyə və bir sutkaya ağ ciyərlərin kapillyar qan damarlarına çatırlar. Hətta nəfəs yollarına keçirlər və ağıza doğru hərəkət edirlər. Tükbaş qurdlara yoluxanlar askaridlərdən də çoxdur. Tükbaş qurdlarının törətdiyi xəstəlik trixosefalyöz adlanır. Bu gün uşaqlara ən çox diaqnoz qoyulan lyambliya isə qurd deyil, o tək hüceyrəli parazitdir. Bağırsaqda milyardlarla lyamblya olur. Çox olduqlarına görə bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur. Lyambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olur. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır. Xərçəngə bənzəyən şişlər
Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Dünya əhalisinin təxminən 500 milyonu yaşından asılı olmayaraq bu xəstəlikdən əziyyət çəkir. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına daxil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Toksokarlarisə insana ən yaxın olan it və pişiklərin bağırsağında yaşayırlar. Yumurtaları nəcislə torpağa düşür və 10 ildən artıq yoluxucu olurlar. İt və pişik nəcisi hər yerdə var. Külək və toz qurd yumurtalarını yayır. İnsan bədənində sürfələr 10 illərlə sağ qalırlar, lakin onlardan heç vaxt qurdlar inkişaf etmir. Məskunlaşdıqları orqanlarda sürfələrin ətrafında xərçəngə bənzəyən şişlər əmələ gəlir. Adətən belə xəstələrdə davamlı qızdırma olur. Başqa qurdlar kimi, toksokar sürfələri allergiya, bronxial astma, səpkilər, öyümə, qusma və digər əlamətlər törədə bilərlər. Əlamətlərin bir qismi sürfələr məskunlaşdıqları və zədələdiyi orqanlara məxsusdur. Məsələn, beyin zədələnirsə – epileptik qıc olmalar, parez, paralic, göz zədələnəndə – qranulomalar, uveit, panoftalmit, qlaukoma, keratit, göz sinirinin iltihablaşması, retinoblastoma (göz xərçəngi) ola bilər. Trixinella - bu qurd da geniş yayılıb və bir çox xəstəliklər, o cümlədən, xərçəng xəstəliyi törədəndir. Diaqnozu və dərmanı praktiki olaraq yoxdur. Trixinellaya yoluxma əsasən donuz (kolbasa), qaban, ayı, porsuq əti yeyəndə olur. Exinokok qurdları bir çox ət yeyən heyvanların bağırsağında yaşayırlar (it, pişik, donuz, canavar, tülkü və s.). İnsanları xəstələndirən qurd yox, onun sürfələridir. Paraqonimus qurdları əsasən ağ ciyər xəstəlikləri – davamlı öskürək, bronxit, bronxial astma, pnemoskleroz, bronxoektaziya, pnevmotoraks, plevrit və s. törədirlər. Hətta ağ ciyər şişlərini bəzən bu qurd törətdiyi haqda məlumatlar var. Kəskin paraqonimoz yüksək qızdırma, qusma, ishal, qarın ağrıları, nazik bağırsaqda qan sızmalar, tromboz, nekroz, peritonit nəticəsində xəstəni öldürə də bilər. Xəstəliyin əlamətləri vərəmə, xərçəngə oxşayır. Qurdların beyində məskunlaşması çox təhlükəlidir. Belə xəstələrdə beyinə qan sızma, iltihablaşma ola bilir. Qurdlar haradadır? Belə bir fikir var, qurd əsas deyil, ən əsas onun üçün yaradılan şəraitdir. Bu, həqiqətən də xəstəliyin tərifi sayılacaq bir deyim ola bilər. Yəqin bir müddət əvvəl 10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxması xəbərini xatırlayırsınız. Həmin xəbərdə əvvəl NZS qəsəbəsində 13 yaşlı məktəblinin ağzından 8 soxulcan çıxdığı da deyilmişdi. Bu, hər hansı əfsanə deyildi. Bunu AMEA-nın Zoologiya İnstitutunun “Helmintologiya” laboratoriyasından açıqlamışdılar. Alimlər soxulcanların məktəblilərin qarnına girməsini də bəyan etmişdilər. Məlum olmuşdu ki, soxulcanlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir. Qurd insanın bədənində hansı orqanizm zəifdirsə, o hissəni daha da zəiflədir. Məsələn, kiminsə saç tökülməsi varsa, bunu daha da sürətləndirir. Tərəvəz bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Bədəndə özünə münbit şərait tapıb yaşayır, çoxalır. Çirkli əllərin xəstəliyi hesab edilən qurd xəstəliyinə əsasən, təmiz yuyulmamış qidalar və əllər vasitəsilə yoluxmaq olur. Bəzi ədəbiyyatlarda yer alan fikirlərə görə, tək gigiyena qaydaları onlardan qorunmaq üçün yetərli deyil. Vaxtaşırı özünüzü yoxladıb, vaxtında parazitlərdən təmizlənsəniz, bir çox xəstəliklərin yaranmasının qarşısı alınar. Hər dəfə pulu əlinizə alanda, ictimai yerlərdə qapını açanda, tutacaqlardan tutanda, bu pullar hər gün onların da əlində olur, sizin açdığınız qapını əvvəl onlar da açıblar, həmin tutacaqdan onların da tutduğunu unutmayın. Nə qədər qurdlu adam var?
Azərbaycanda qurd xəstəlikləri ilə bağlı vəziyyəti, rəqəmləri isə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədovdan öyrəndik. O, Publika.az-a açıqlamasında qurd xəstəliklərin azalmaya doğru getdiyini dedi: “Ölkəmizdə ən çox askaridoz, enterobioz geniş yayılıb. 2015-ci ildə respublika üzrə 43865 nəfərdə enterobioz aşkarlanıb ki, onlardan 17182-i Bakıdadır. 22278 nəfərdə askaridoz aşkarlanıb ki, onlardan 6908-i, 4835 nəfərdə trixosefalioz aşkarlanıb ki, onlardan isə 584-ü paytaxtda yaşayanlardır. Digər qurd növlərinə isə nisbətən az rast gəlinir. Exinokok qurdlarına respublika üzrə 76, Bakıda isə 13 nəfər yoluxub. Bu, qurd xəstəlikləri arasında ən çətin müalicə olunandır. Xəstəlik sahibsiz itlər vasitəsilə yayılır. Heyvan kəsənlər xırda buynuzlu heyvanların xəstə orqanlarını küçəyə atır və onu yeyən itlər qurda yoluxur. İtlərsə insanların hərəkət etdiyi yerdə gəzir və beləliklə insanlar bu qurda yoluxurlar. Sahibsiz itlərin məhv edilməsi qadağan olduğundan bu qurd xəstəliyinin qarşısını almaq çətindir. Bu, ancaq əməliyyatla müalicə edilir. Bəzən dəfələrlə əməliyyat edilsə də, bu xəstəlikdən sağalmaq çətindir. Tanınmış ziyalı Qulu Xəlilovun 8 dəfə əməliyyat olunma səbəbi də məhz exinokok qurdu olub”. Dəbdə olan xəstəlik, yoxsa özəl xəstəxanaların oyunu? S.Məmmədovun sözlərinə görə, ölkəmizdə qurd xəstəlikləri aran rayonlarına nisbətən dağlıq və dağətəyi zonalarda daha çox yayılıb: “Çünki qurdların yayılması üçün yumurtalar torpağa düşüb, inkişaf edir. Aranda havanın temperaturunun yüksək olması və şoranlıq yumurtalar üçün əlverişsiz mühit hesab edilir”. Son vaxtlar uşaqlarda qurd xəstəliklərinin aşkarlanması hallarının artmasına münasibət bildirən şöbə müdiri, bu iddialarla razılaşmadı. Onun sözlərinə görə, uşaqlarda kütləvi şəkildə bu xəstəliyin aşkarlanması özəl xəstəxanaların oyunudur: “5 yaşlı uşaqda 6 qurd aşkarlayırlar. Bu, mümkün deyil, azyaşlı uşaq bu qədər qurdla yaşaya bilməz. Özəl klinikalar xaricdə yararsız hesab olunan aparatları gətirib, ölkəmizdə istifadə edirlər. Qəribə üsullarla qurd müəyyənləşdirirlər. Kiminlə danışırsan, uşağına lyamblya diaqnozu qoyulduğunu deyir. Bu, süni artırmadır və özəl klinikaların oyunudur. Çünki ola bilməz ki, xəstəlik bu qədər geniş yayılsın. Bu, rəqəmləri artrmaq pul qazanmaq üsuludur. Bizim də laboratoriyamız, rayonlarda mərkəzlərimiz var. Bu qədər kütləvi halla qarşılaşmamışıq. Bundan başqa, lyamblya ilə bağlı respublika səviyyəsində statistika aparılmır, Bakı şəhərində müəyyən edə bilirik. Lakin onların sayı çox azdır”. Şöbə müdiri ölkəmizdə qurda yoluxma yollarına da toxundu. Onun sözlərinə görə, əsas təhlükə məişətdədir: “Meyvə-tərəvəzlər, göy-göyərtinin yuyulması, şəxsi gigiyenaya əməl edilməsi insanları qurd xəstəliklərindən uzaq tuta bilər. Məsələn enterebioz yeganə qurd növüdür ki, yayılma yolu ancaq şəxsi gigiyenaya əməl edilməməsidir. Bu qurd insandan insana keçir. Qurd xəstəliklərinin əsas əlamətləri ağızdan su axması, dişqıcama, başgicəllənmə, qarın nayihəsində ağrılar, ya qarın işləməsi, ya da qəbzlikdir. Bu əlamətləri özündə və ya yaxınlarında müşahidə edənlər mütləq həkimə müraciət etməlidirlər. Xəstəlik əsasən inkişaf etməmiş, iqtisadiyyatı zəif olan ölkələrdə yayılır. Bizdə ötən əsrin 30-40-cı illəri ilə müqayisədə qurd xəstəliklərində dəfələrlə azalma müşahidə edilib. Xəstəliklə mübarizənin əsas üsulu maarifləndirmədir. Müalicə yalnız həkim nəzarətində mümkündür. Türkəçarə üsullarla müalicə effektli olmur”. S.Məmmədov onu da əlavə etdi ki, respublika üzrə qurd aşkarlanan 43865 nəfərdən, 36550-i 17 yaşa qədər olanlardır. Ona görə də, qurdu uşaqların xəstəliyi adlandıra bilərik. “Ailələr məsələyə ciddi yanaşmır”
Uşaqların xəstəliyi adlanan qurdla bağlı respublikanın baş pediatrı Nəsib Quliyevin fikirlərini öyrəndik. Baş pediatr keçirilən dispanzerizasiya tədbirləri nəticəsində qurda yoluxanların sayının çox olduğunu dedi: “Uşaqlar arasında enterebioz, askaridoza yoluxma halları daha çoxdur. Bu faktlar müəyyən olunanda onlara qarşı mübarizə aparılır, dərmanlar təyin olunur. Əsas məqsədimiz yoluxma hallarının azalmasıdır. Qurd xəstəliklərinin artması təkcə səhiyyə xidməti ilə bağlı deyil, həm də ailədə bu məsələyə diqqətdən asılıdır”. N.Quliyevin sözlərinə görə, qurda yoluxma ən çox uşaqların 2-3 yaşlarında və 12 yaşa qədər rast gəlinir: “Bu da həmin yaşda uşaqların sanitar qaydalara yaxşı əməl edə bilməmələri ilə əlaqədardır. Uşaqlar məktəbdə başqa uşaqlarla təmasda olur, əlini yumadan ağzına vurur və yoluxma halları artır. Bu baxımdan qurd tibdən daha çox sosial problemdir. Uşaqların özü ilə yanaşı, ailələrin də bu məsələdə ciddi yanaşmaması ilə bağlı olur. Uşaqların təmizliyinə diqqət ayrılmayanda bu xəstəlik daha çox artır. Bu da insanların düşüncəsi ilə bağlıdır. Dərman verilsə belə qarşısını almaq çətin olur. Həmçinin ailənin bir üzvündə xəstəlik aşkarlanırsa, digər uşaqları yoxlamağa ehtiyac yoxdur. Çünki digər uşaqların yoluxma ehtimalı yüksəkdir və onlara yoxlamadan qurdqovucu preparat verilə bilər”. Pediatr hesab edir ki, qurda yoluxmamaq üçün qabaqlayıcı tədbirlərdən biri də bədənin müqavimət gücünü artırmaqdır: “Bədəni həssas olan, müqaviməti zəif olan uşaqlar daha çox yoluxur”. Qurda yoluxma hər kəsi gözləyən təhlükə olsa da, çalışaq bu qurdların içimizi yeməsinə imkan verməyək. Bir də çalışın özünüzü içi qurdlu insanlar qoruyun, sözün hər iki mənasında.