“Bayıl yamacını SATANLAR sıradan ADAMLAR deyil” - EKOLOQ onların cəzalandırılmasını İSTƏDİ
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanvarın 25-də sakinlərlə keçirdiyi görüşdə Bayıl yamacındakı sürüşmə zonasında aparılan araşdırlamar nəticəsində iki yeraltı çay aşkarlandığını bildirib. İcra başçısı məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunduğunu, sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcəyini açıqlayıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililəridir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır. Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsirini aradan qaldırır. Ərazidə məskunlaşan məcburi köçkünlərin iddialarına görə, yeraltı çayların aşkarlanması məsələsi hansısa məmurun buranı ələ keçirmək niyyətindən doğan uydurmadır... Modern.az məsələ ilə bağlı ekoloq Telman Zeynalovla danışıb. T.Zeynalov bildirib ki, Bayıl ərazisi sürüşmə zonasıdır, bu isə orada aşkarlanan çaylarla bağlı deyil. Mütəxəssis deyib ki, sürüşmə başqa səbəblərlə əlaqəlidir: “Kimsə deyirsə ki, orada torpaqları hansısa məmurlar ələ keçirmək istəyir, bu da ağlabatan deyil. Məmur sürüşmə zonasını alıb nə edəcək?! Nəzərə alın ki, orada həm də teleqüllə tikilib. Qüllənin fundamenti ana süxura bərkidilib. Ona görə də hər hansı təhlükəsi yoxdur. Qrunt, dağ nə qədər sürüşsə də, qüllə yerində qalacaq. Birmərtəbəli, ikimərtəbəli evlər isə necə gəldi tikilib. Bir adam İcra Hakimiyyətinə pul verib ev tikibsə, bilməli idi ki, müəyyən müddətdən sonra təhlükə yaranacaq. Mütəmadi olaraq, sürüşmə zonaları açıqlanır. Əvvəlcədən bildirilib ki, orada ev tikmək qəti qadağandır”. Ekoloq torpaq sahələrini qeyri-qanuni olaraq vətəndaşa satanların cəzalandırılmasını tələb edir: “İndiki dövrdə dövlət o torpaqları vətəndaşa satanlarla bağlı qəti tədbirlər görməlidir. Onu satanlar elə-belə, sıradan adamlar deyillər ki... Ya bələdiyyədir, ya İcra Hakimiyyəti. Onların hamısını tutub dama basmaq lazımdır. O camaatın pulunu-torpaq və ev üçün sərf edilən vəsaitin hamısını qaytarmaq lazımdır. Belə çıxır ki, kim nə istəyir onu da edir. Dövlət sənədinə görə, o evlər boşaldılmalıdır”. T.Zeynalov ərazidə yaşıllıq salınması təklifilə çıxış edib: “Yaxşı olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllıq salsın. Qaldı ki, aşkar edilən çaylara, əgər belə fakt varsa, demək orada ağır gil də var. Gil yaş olan kimi yağa çevrilir və sürüşməyə başlayır. Bu ərazinin sürüşmə zonası isə yeni kəşf olunmuş bir şey deyil”.