Bir zamanlar dünyada bestseller kitabların müəllifi kimi tanınan P. Atvoter əslində başına gələnləri və özü ilə eyni aqibəti yaşayanların ifadələrini yazırdı.
Onun o dünyaya gedib geri qayıdan insanlar və onların gördükləri ilə bağlı yazdığı məqalələr bütün ABŞ cəmiyyətində rezonans doğurdu. 1977-ci ildə kliniki ölüm keçirən Atvoter özünə gəldikdən sonra 1978-ci ildə onunla eyni aqibəti yaşayan insanları araşdırdı. Onları danışdıran zaman xeyli maraqlı detalların ilk dinləyicisi oldu.
Atvoter bu kimi insanlardan hazırladığı kitabında onların o biri dünyadan qayıtdıqdan sonra qeyri-adi şəxsiyyət kimi formalaşdığını qeyd edir. Özü də bu fikri dəfələrlə təkrarlayır. Araşdırmaçı uşaq ikən kliniki ölüm keçirən azyaşlıların özlərinə gələndən sonra zehni baxımından sürətlə böyüdüklərini də yazır.
Moderator.az Atvoterə istinadən həmin dahilərin kimliyi haqqında məlumat verir:
Araşdırmaçı o biri dünyadan qayıdan şəxslərin əsasən fizika, kompüter texnologiyası, musiqi, rəssamlıq sahəsində yüksək nailiyyət qazandığını qeyd edir. Onun sözlərinə görə, böyük fizik, Nobel mükafatçısı Albert Eynşteyn, məşhur bəstəkar Motsart və siyasətçi, ABŞ-ın prezidenti olmuş Avraam Linkoln da o biri dünyadan qayıdan dahilərdən üçüdür. Araşdımaçı bu üç dahinin kliniki ölümdən sonrakı qeyri-adiliyini bu cür əsaslandırır:
“Onlar həmin vaxt- yəni kliniki ölümə düçar olub, o biri dünyaya baş vuran zaman beyin dəyişimi yaşayırlar. Onlar üçün artıq ölüm qorxusu və ölüm haqqında düşüncələr heç zaman olmur. Çünki bu hiss milyonlarla insandan fərqli olaraq onlara çox yaxşı tanışdır. O dünyaya səfər etmiş dahilər üçün ölüm qorxusu elə oradaca bitir. Onlar hər zaman sirli işığa və sirli səsə maraqlı olurlar. Eynşteynin elmi nəzəriyyəsindəki işıq sürəti, işıq məfhumuna meyillilik bununla əlaqədardır. Onlar yeməklərə, içkilərə qarşı qeyri-adi həssaslıqla yanaşırlar. Dindən çox mistikaya yönəlirlər. Zəka və xarakterlərində qeyri-adi dərəcədə yüksəliş hiss olunur”.