Türkiyə "İNCİRLİY"İ ruslara verir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Segey Lavrovla apardığı danışıqların detallarını açıqlayıb. AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, M.Çavuşoğlu Soçi görüşünün Türkiyə və Rusiya arasında ikitərəfli və iqtisadi əlaqələrin qurulması üçün faydalı olduğunu söyləyib. M.Çavuşoğlu deyib ki, artıq iyul ayında Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilə bilər: “Cənab Putin “G-20” sammitindən öncə də bu görüşün keçirilə biləcəyini demişdi. Əsas əhəmiyyətlisi odur ki, görüş üçün ortada iradə var. Çox güman ki, cənab Putinlə Ərdoğan arasında görüş ya bu ay, ya da avqustun əvvəllərində baş tutacaq. Bu görüşə hazırlığı da mən rusiyalı həmkarımla həyata keçirəcəyik. Görüş zamanı iqtisadi əməkdaşlıqla bağlı mühüm addımlar atılacaq, qərarlar qəbul olunacaq. Bundan əlavə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əldə olunması üçün müvafiq nazirlər bir araya gələcəklər”. Türkiyə ilə Rusiya arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizminin hazırlandığını vurğulayan M.Çavuşoğlu bu prosesin də rusiyalı həmkarı Sergey Lavrovla həyata keçiriləcəyini söyləyib. M.Çavuşoğlu S.Lavrovu Antalyaya dəvət etdiyini də bildirib: “Soçidə görüş zamanı da bildirildi ki, Türkiyə və Rusiya İŞİD-ə qarşı mübarizə məsələsində əməkdaşlığa hazırdır. Ona görə də Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda Rusiyanın İncirlik hərbi bazasından istifadəsinə icazə verməyə hazırdır”.