Türkiyədə şiddətli döyüşlər, “şübhəli” Putin, Rusiya parçalanacaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Rusiyanın müdafiə naziri Sergey Şoyqu başda olmaqla ölkənin 18 yüksək rütbəli hərbçinin Ukrayna tərəfindən axtarışa verilməsi günün hadisəsi hesab oluna bilər. Bu azmış kimi, Ukraynanın baş prokuroru Yuri Lusenko Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevi də şübhəli elan etməyə hazırlaşdığını bildirib. Bu gün səhər saatlarından şiddətli toqquşmaların baş verdiyi Türkiyənin Tunceli vilayətinin Nazimiye mahalında küçəyə çıxma qadağası tətbiq edilib. Suriya müxalifəti ölkənin şimalında “kürd dəhlizi”nin tamamlanmasına imkan verməmək üçün Türkiyənin dəstəyi ilə böyük əməliyyata hazırlaşır. İŞİD-in birinci hədəfi Ərdoğandır – RƏSMİ “Ərdoğan İŞİD terror təşkilatının birinci hədəfdir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu litvalı həmkarı Linas Linkyaviçyusla görüşdən sonra təşkil etdiyi birgə mətbuat konfransında deyib. Mövlud Çavuşoğlu loyal müxalifət başda olmaqla, İŞİD-lə mübarizə aparan bütün güclərə dəstək verəcəklərini vurğulayıb. “İŞİD-ə ən böyük zərbəni biz vurduq. Ona görə də Rəcəb Tayyib Ərdoğan birinci hədəfdir. Sərhədimiz İŞİD-dən təmizlənməlidir”, - o, bildirib. Türkiyə böyük əməliyyata başlayır – ABŞ-ın “kürd planı”na ZƏRBƏ Türkiyə Suriyanın şimalında terror dəhlizini qırmaq üçün müxalifət gücləri ilə əməliyyat planı hazırlayıb. Müxalifət gücləri Cerablusu PYD-dən (PKK terror təşkilatının Suriya qolu) daha əvvəl İŞİD terror təşkilatından azad etmək üçün hazırlıqlarını davam etdirir. Türkiyə əməliyyata havadan dəstək verəcək. Haubitsalar əməliyyat boyunca hazır vəziyyətdə saxlanılacaq. Türkiyə Silahlı Qüvvələri müxalifətə radar dəstəyi verəcək. Məlumata görə, Azad Suriya Ordusuna bağlı 400 döyüşçüdən ibarət birliklər Türkiyə sərhədində yerləşən Cerablusu İŞİD-dən azad etmək üçün əmr gözləyir. Xəbərə görə, hücum bir neçə gün ərzində həyata keçiriləcək. İŞİD isə şəhərin ətrafına minalar yerləşdirib. Bəzi informasiyalara görə, İŞİD üzvlərinin bir hissəsi qruplar şəklində şəhərdən çəkilib, ailələri isə terror təşkilatının “paytaxt”ı sayılan Rakkaya göndərilib. Qeyd edək ki, Fərat çayının qərbi Türkiyə üçün “qırmızı xətt” hesab olunurdu. Ankara dəfələrlə açıqlanmışdı ki, PYD gücləri Fəratın qərbinə keçəcəkləri halda, Türkiyə onları vuracaq və bölgəyə müdaxilə edəcək. Lakin, yuxarıda da deyildiyi ki, Vaşinqton Türkiyəyə müəyyən vədlər verərək PYD-nin “qırmızı xətt”i keçməsini təmin edib. Ekspertlərin fikrincə, hazırkı vəziyyətdə Türkiyə üçün çox ciddi təhdid yaranıb. ABŞ-ın Türkiyəyə verdiyi zəmanətə görə, Fərat çayının qərbində yerləşən Münbiç İŞİD terror təşkilatından alındıqdan sonra əməliyyatlara qatılan PYD buranı tərk etməli idi. Lakin bu, baş verməyib. Bir neçə gün əvvəl Suriya Demokratik Gücləri (SDG - əsas hissəsini PYD gücləri təşkil edir – red.) adı altında Münbiçdə nəzarəti ələ keçirib. Bir neçə gün əvvəl SDG və Suriya Ərəb Koalisiyasının yeni hədəfinin Bab şəhəri olduğu açıqlanıb. PYD-nin Münbiçdən Fəratın şərqinə çəkilməyərək Baba doğru irəliləmək istəməsi aylar əvvəl elan etdikləri “Şimali Suriya Federasiyası”na doğru əhəmiyyətli bir addım hesab edilir. Şiddətli döyüşlər gedir - küçəyə çıxmaq qadağan edildi Bu gün səhər saatlarından şiddətli toqquşmaların baş verdiyi Türkiyənin Tunceli vilayətinin Nazimiye mahalında küçəyə çıxma qadağası tətbiq edilib. Qadağa ikinci bir əmrə qədər qüvvədə qalacaq. Qeyd edək ki, mahala müxtəlif istiqamətlərdən terrorçular sızıb. Terrorçularla baş verən toqquşmada 1 polis şəhid olub, 1-i ağır olmaqla 3 polis yaralanıb. 1400 nəfərin ölümünün yeni görüntüləri Suriyanın Dəməşq şəhərinin Şərqi Guta şəhərətrafında 2013-cü ildə təşkil edilən kimyəvi hücumun yeni görüntüləri ortaya çıxıb. Görüntülər Türkiyənin “Anadolu” tərəfindən aşkar edilib. Rejim qüvvələrinin 2013-cü il 20 avqustdan 21 avqustuna keçən gecə kimyəvi silahlarla təşkil etdiyi hücumda əksəriyyəti qadın və uşaq olmaqla 1400-dən çox insan həyatını itirmişdi (http://publika.az/p/147464). Sergey Şoyqu axtarışa verildi Kiyev Rusiya və Ukrayna arasındakı münasibətləri gərginləşdirəcək bir addım atıb. Ukraynanın baş prokurorluğu Rusiyanın 18 yüksək vəzifəli hərbi məmuru barəsində axtarış elan edib. Bu haqda Ukraynanın baş prokuroru Yuri Lusenko mətbuat konfransında bildirib. Rusiya məmurlar Ukraynanın milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlərdə şübhəli bilinir. Lusenko qeyd edib ki, onlar terror qrupunun yaradılması, müharibə təbliğatı, həmçinin təcavüzkar müharibənin aparılmasında ittiham olunur. “Bütün şübhəlilərin dövlət axtarışı elan edilib. Onların tutulmasına icazənin verilməsi haqqında məhkəməyə xahişlər hazırlanır”, - baş prokuror deyib. Şübhəlilər arasında Rusiyanın müdafiə naziri, onun iki müavini və Rusiya Silahlı qüvvələrinin daha on generalının adı var. Ukraynanın baş prokuroru Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevi də şübhəli elan etməyə hazırlaşdığını bildirib. “İşləyirik”, - o, vurğulayıb. “Newsweek”: “Putin genişmiqyaslı müharibəyə getməyəcək” Qərb mediası isə Ukrayna və Rusiya arasında genişmiqyaslı müharibənin olmayacağı qənaətinə gəlib. “Newsweek” nəşrində amerikalı keçmiş hərbçi Nolan Peterson yazıb ki, Kreml genişmiqyaslı müharibənin başlanması həddindən geri çəkilib. Onun sözlərinə görə, son bir neçə həftədə Kremlin davranışları Ukraynaya genişmiqyaslı müdaxiləyə bəraət qazandırmaq xarakteri daşıyırdı. “Məsələn, baş nazir Vladimir Putin ikinci çeçen müharibəsinə başlamadan əvvəl - 1999-cu ildə Rusiyada terror aktlarının bütöv seriyası baş verdi. ABŞ-da hesab edirlər ki, onları təcavüzə başlamaq üçün Rusiya xüsusi xidmət orqanları təşkil edib. Rusiyanın təxribatlarının bütün əvvəlki nümunələrini nəzərə alaraq, Kiyevdə hesab edirlər ki, Ukraynaya genişmiqyaslı müdaxiləyə bəraət qazandırmaq üçün Kreml bu ssenarini təkrarlamağa çalışır”, - amerikalı hərbçi qeyd edib. Onun fikrincə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ağlasığmazdır: “Bunun üçün Rusiya ordusuna Ukrayna sərhədi boyu səhra düşərgələri lazım olardı. Ancaq bu düşərgələr tikilməyib. Amma Ukrayna hakimiyyəti Rusiya təhlükəsini ciddi qəbul edərək təxminən 100 min hərbçisini şərq regionlarına göndərdi. Bu güclər faktiki olaraq Rusiyanın Donbasdakı 45 minlik kontingenti və Krımda olan 45 min Rusiya hərbçisinə bərabərdir”. “Bu addımı atsa, Rusiya parçalanacaq” Ukraynanın ilk prezidenti Leonid Kravçuk isə bu fikirdədir ki, əgər Rusiya Ukraynanı ələ keçirmək istəsə, bu, onun sonu olacaq. Keçmiş prezident “Seqodnya” informasiya portalına bildirib ki, genişmiqyaslı müharibə başlayarsa, Rusiya dünyadan tam təcrid ediləcək: “Ukrayna kimi ərazini tutmaq asan deyil. Üstəlik, Ukraynanı tutmaq ciddi müqavimətlə qarşılaşmaq deməkdir. Bu, həm də bütün Rusiya üçün başağrısı olacaq. Müharibə olacağı təqdirdə dünya Rusiyanı tam şəkildə təcrid edəcək və Moskva dünyanın bir parçası olmaqdan məhrum olacaq. Bu isə qısa zaman ərzində böyük bir ölkənin parçalanmasına şərait yaradacaq”. Misir prezidenti: "Türklərlə aramızda düşmənlik yaradacaq bir hal yoxdur" Qahirə isə Türkiyə ilə münasibətlərin düzəlməsi üçün Ankaraya lazım olan qədər vaxt verdiyini deyib. "Türklərlə misirlilər arasında düşmənlik yaradacaq bir hal yoxdur. Misirlə bağlı siyasətini nəzərdən keçirməsi üçün Türkiyə hökumətinə lazım olan qədər vaxt veririk. Rəsmi Ankara tərəfindən verilən bəyanatlara beynəlxalq əlaqələr və Misir mədəniyyəti çərçivəsində sadəcə olaraq, qarşılıq veririk", - Misir prezidenti Abdufettah Əs-Sisi ölkəsinin rəsmi qəzetləri kimi tanınan "El-Ehram","Ahbar" və başqa qəzetlərə müsahibəsində bildirib. Xatırladaq ki, iyunun sonunda Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Türkiyənin rəsmi Qahirə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səyləri alqışlanmış, ancaq Türkiyədən prosesin başlanğıc nöqtəsi kimi ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasının legitimliyini tanımaq tələb edilmişdi: "Misir xalqının 2013-cü il iyunun 30-da göstərdiyi iradənin və ölkəyə rəhbərliyi öz üzərinə götürmüş iqtidarın legitimliyinin qəbul edilməsi vacibdir. Bu tanınma Türkiyə-Misir münasibətlərinin inkişafı üçün başlanğıc nöqtəsi olacaq". Türkiyənin baş naziri Binəli Yıldırım bir neçə dəfə, o cümlədən avqustun 20-də xarici ölkələrin mediasına müsahibəsində Misirlə də münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildirib. Qeyd edək ki, Ankara 2013-cü il iyunun 30-da Məhəmməd Mursinin ordu tərəfindən devrilməsinə sərt şəkildə qarşı çıxıb.