“Kürd dəhlizi”: enerji, yoxsa narkotik marşrutu? – Ankaranın “QIRMIZI XƏTT”i yoxa çıxır

Suriyada verdiyi heç bir sözə əməl etməyən ABŞ Türkiyənin hərbi çevriliş cəhdinə qarşı mübarizə apardığı bir vaxtda Suriyanın şimalındakı Münbiç şəhərinə PYD-ni (PKK-nın Suriya qolu) yerləşdirdi.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PYD kürd-ərəb və türkman koalisiyasının olduğu iddia edilən Suriya Demokratik Gücləri (SDG) adı altında Münbiçdə nəzarəti ələ keçirib.

ABŞ-ın Türkiyəyə verdiyi zəmanətə görə, Fərat çayının qərbində yerləşən Münbiç İŞİD terror təşkilatından alındıqdan sonra əməliyyatlara qatılan PYD buranı tərk etməli idi. Lakin bu baş verməyib. Dünən SDG və Suriya Ərəb Koalisiyasının yeni hədəfinin Bab şəhəri olduğu açıqlandı. PYD-nin Münbiçdən Fəratın şərqinə çəkilməyərək Baba doğru irəliləmək istəməsi aylar əvvəl elan etdikləri “Şimali Suriya Federasiyası”na doğru əhəmiyyətli bir addım hesab edilir.

Bütün bunlar isə “Suriyanın şimalında ABŞ-ın dəstəyi ilə bir PYD dövlətimi qurulur?” sualını gündəmə gətirir.

ABŞ-ın verdiyi sözlər və gerçəklər

1. Verilən ilk söz PYD terror təşkilatının Fəratın qərbinə keçməyəcəyinə dair idi. Ancaq PYD 2015-ci ilin dekabrında Teşrin anbarını ələ keçirərək Fəratın qərbinə keçdi.

2. PYD-nin İŞİD-dən azad olunacağı bölgələrdə qalmayacağı deyilirdi. Təşkilat Tel-Abyaddan başlayaraq İŞİD-dən azad olunan ərazilərdə məskunlaşdı və ərəblərlə türkmanlarin köçürülməsi siyasətini həyata keçirdi.

3. PYD Bəşər Əsəd rejiminə müxalif olaraq göstərilir və Cenevrədəki danışıqlarda iştirak etməsi istənilirdi. Amma PYD xüsusilə Hələbin şimalında müxalifət güclərinə qarşı Əsəd rejimi ilə əməkdaşlıq etdi.

4. Müxalif qrup kimi göstərilən PYD-yə digər qruplara edildiyi həcmdə köməyin ediləcəyi deyilirdi. Amma ABŞ-ın ən böyük yardımının PYD-ə etdiyi ortaya çıxıb. Bəzi yerlərdə isə ABŞ əsgərləri əməliyyatlara YPG (PYD-nin silahlı gücü) gerbi ilə qatılıb.

5. PYD İŞİD-ə qarşı bir quru gücü kimi göstərilirdi. Təşkilat İŞİD-in “paytaxt”ı Rakka əvəzinə Fəratın qərbinə - Münbiç və Baba yönəldi. Babdan sonrakı hədəf isə Azezdir.

Qeyd edək ki, Fərat çayının qərbi Türkiyə üçün “qırmızı xətt” hesab olunurdu. Ankara dəfələrlə açıqlanmışdı ki, PYD gücləri Fəratın qərbinə keçəcəkləri halda, Türkiyə onları vuracaq və bölgəyə müdaxilə edəcək. Lakin, yuxarıda da deyildiyi ki, Vaşinqton Türkiyəyə müəyyən vədlər verərək PYD-nin “qırmızı xətt”i keçməsini təmin edib. Ekspertlərin fikrincə, hazıkı vəziyyətdə Türkiyə üçün çox ciddi təhdid yaranıb.

Türkiyə yan keçəcək enerji marşrutu  

Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.  

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək.

Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

Bülent Orakoğlu bildirir ki, Türkiyədə baş verən hadisələr Şimali Suriyada yaradılan “kürd dəhlizi”nin təhlükəsizliyinə xidmət edir.

ABŞ-ın yaratmaq istədiyi “kürd dəhlizi” yalnız bir enerji marşrutumu olacaq? Amma zaman-zaman ortaya çıxarılan faktlar göstərir ki, “kürd dəhlizi”nin gizli üzü var. Söhbət  Kabil - Nyu York narkotik marşrutundan gedir.

“Kürd dəhlizi”nin sona yaxınlaşdığı bir dövrdə Türkiyənin “Takvim” nəşrində ötən ilin sonunda dərc olunan “Kabil - Nyu York narkotik xətti və PKK iqtisadiyyatı” başlıqlı yazını yada salmağa dəyər.

“Türkiyə-Suriya-İraq-İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir”, - nəşr yazırdı.

“Kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır”

Nəşrin yazıdığına görə, istənilən bölgənin dizaynı üçün ilk şərt olan “müqəddəs xaos” terror təşkilatlarının vasitəsilə təmin edilir. Terror təşkilatları körpələri güllələmək, uşaqları qaçırmaq, baş kəsmək, adam yandırmaq, avtomobilləri partlatmaq, dövlətlərin nüfuzunu sarsıtmaq, qaranlıq ticarəti istiqamətləndirmək üçün həm insan qaynağına, həm də pula ehtiyac duyur.

Kabil - Nyu York xəttində “yeraltı gözətçi” vəzifəsi verilən PKK da insana və pula ən çox möhtac olan təşkilatlardan biridir. Türkiyə-Suriya-İraq-İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir. Bu məlumata baxaraq “kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır” desək, hər halda doğru qiymətləndirmə olar.

Kabildə 3 min, Londonda 45 min dollar

Xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə edilir. Tiryək saqqızlarından Əfqanıstanın Pakistan və İran sərhədlərindəki laboratoriyalarında heroin əldə olunur. Əldə olunan heroinin isə təxminən 400 tonu digər ölkələrə göndərilir.

400 tonluq “əfqan malı”nın 100 tonunun hər il şimal istiqamətində  - Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroin Avropaya çatanda isə 45 min dollara satılır. Terror təşkilatları isə narkotikin daşındığı marşrutların “təhlükəsizliyi”nin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Kabil - Nyu York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun “təhlükəsizliyi”ni isə PKK üzərinə götürür.

 PKK isə bu işin əvəzində Qərb ölkələrindən aldığı silahlarla hücumlarını davam etdirir.

Qəndilin istehsal mərkəzləri

PKK Əfqanıstan sərhədindəki İran bazarından aldığı heroini Avropaya çatdırmaq üçün Qəndil xəttindən istifadə edir. Məhsul əvvəlcə Türkiyəyə çatdırılır və onun kiçik bir qismi Türkiyə daxilində satılır. Qalan “böyük partiya mal” isə Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Hollandiya marşrutlarından istifadə edilərək bu ölkələrdə paylanılır, məhsul sonda İngiltərəyə çatdırılır. PKK bəzən də əfqan tiryəkini xam halda alaraq özünün laboratoriyalarında istehsal edir və daha çox qazanır. PKK-nın həm İran torpaqlarındakı Qəndil dağlarında, həm də Şimali İraqdakı düşərgələrində heroin istehsal edən mərkəzləri var.

 Əfqanıstandan Avropaya daşınan 200 ton heroinin nəqli və paylanılmasından PKK-ya il ərzində 2 milyard dollar çatdığı təxmin edilir. Bura digər qazanclar daxil deyil. ABŞ-da hazırlanan hesabatlar PKK-nın illər ərzində yaratdığı büdcənin 86 milyard dollarlıq olduğunu bildirir.

 Bu qədər böyük pulun üstündə oturan və qeyri-qanuni əməliyyatları rahat şəkildə həyata keçirən bir təşkilat üçün Türkiyədə sülhün çox da cazibədar olmadığı, daha doğrusu təşkilatın maraqlarına uyğun gəlmədiyini söyləmək mümkündür. PKK silah alarkən artıq qaçaqmalçılığa ehtiyac duymur. Tüfənglər, toplar, tank əleyhinə sistemlər və raketlər  ABŞ və Almaniyadan birbaşa gəlir. Türkiyənin cənubunda yaradılan “kürd dəhlizi”nin Kabil - Nyu-York xəttində narkotik transferinin xərcini nə qədər aşağı salacağı isə maraqlı mövzudur.






Fikirlər