Qərbin planlarına qarşı Türkiyə-Rusiya-İsrail birliyi – TƏHLİL

Ərdoğan Putinə “barış əlini” uzatdı və Türkiyə qana boyandı. İstanbul Atatürk hava limanında baş verən terror aktının siyasi tərəflərini bu cür dəyərləndirmək olar.

 Lakin Türkiyənin İsraillə 6 illik burulğandan çıxış yolunu tapması və regionda dəyişən siyasi mənzərə fonunda bu terrorun köklərinin daha dərinə getdiyi görünür.

 

***

İyunun 27-də Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktub ünvanladığını açıqladı. Məktubda Ərdoğan ötən il Türkiyə tərəfindən vurulan rus təyyarəsinə və həlak olan pilota görə üzr istəyir, lazım olan təzminatın ödənilməsinə hazır olduqlarını bildirirdi. (Sonra isə Ərdoğanın üzr istəmədiyi, sadəcə başsağlığı dilədiyi haqda da xəbərlər ortaya çıxdı. Lakin əsas məsələ iki regional gücün “qana-qan, dişə-diş” prinsipini kənara qoymasıdır. Burada kimin üzr istədiyi, kimin onu qəbul edib-etmədiyi çox da önəmli deyil).
 
2015-ci ilin 24 noyabr tarixində baş verən təyyarə hadisəsindən 9 ay sonra Ankaranın bu həmləsi regionda daşları yerindən oynatdı. Rusiya təyyarəsinin vurulmasında NATO barmağının olması ilə bağlı iddiaları nəzərə alsaq, Türkiyənin “müttəfiq donuna” girərək, ətrafına tor hörənlərin oyununu pozduğunu deyə bilərik. Əslində Ankaranın bu oyunda bilərəkdən iştirak etdiyi və zamanı gələndə pozduğu ehtimalı da həmişə göz önündədir.

Türkiyənin Rusiyaya uzatdığı “barış əlini” eyni gündə İsrailə doğru yönəltməsi isə bölgədə yeni dönəmin başlandığına işarə hesab oluna bilər. Halbuki, 6 il öncə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə”yə israilli əsgərlərin basqını iki ölkəni ictimai, siyasi, hətta kəşfiyyat müharibəsinə sürükləmişdi. Ərdoğanın məşhur “one munite” hadisəsi münasibətlərin səviyyəsini açıq müstəviyə çıxarırdı. 6 il sonra isə az qala bütün dünyaya meydan oxuyan və öz mövqeyində barışmaz olan İsrail Türkiyə qarşısında geri çəkildi.

Beləliklə, Türkiyə eyni əllə iki əsas düşmənini (münasibətlərin səviyyəsi məhz düşmən deməyə əsas verir) neytrallaşdıra bildi və ortaya gözlənilmədən Ankara-Təl-Əviv-Moskva üçbucağı çıxdı. Bu üçbucağı birləşdirən ümumi səbəblərdən biri, daha doğrusu, üzdə görünəni Qərblə olan münasibətlərdir.

Ankara: Türkiyə Rusiya təyyarəsi vurulandan sonra ABŞ-la eyni səfdə dayandığını nümayiş etdirdi və Qərbin buna adekvat cavabını gözləyirdi. Avropa Birliyi ilə başlanan viza danışıqları da müəyyən ümidlər yaratmışdı və illər sonra türklər istədiyinə qismən nail ola biləcəkdilər. Lakin illərlə gözlənilən ümid qısa müddətdə özünü doğrultmadı, miqrant məsələsində Türkiyə ilə anlaşa bilməyən Avropa yenə öz eqoist mövqeyinə döndü, hətta qısa müddət sonra Avropa Birliyindən çıxacaq Böyük Britaniyanın Baş naziri Devid Kameron gələcəyi görə bilmədi və “Türkiyə 3 min il sonra AB-yə girə bilər”, - deyə siyasi etikadan uzaq açıqlama verdi. Almaniyanın qondarma “erməni soyqırımı”nı qəbul edərək, Türkiyəni özünəməxsus formada “cəzalandırmaq” gedişi isə bəsit olmaqla yanaşı, Avropanın nəyi hədəflədiyini bir daha göstərdi. Bütün bunların fonunda Qərbin Rusiya planında yer almaqla Türkiyə PKK-ya dəstəyi sıradan çıxarmaq siyasətində dəstək əldə edəcəyini düşünürdü. Terror təşkilatına qarşı genişmiqyaslı hücumlarla müəyyən mənada buna nail olur da. Lakin PKK terrorçularına qucaq açan HDP millət vəkillərinin qarşısını almaq üçün TBMM-də “toxunulmazlıq” məsələsini aradan qaldırmaq istəyi başda ABŞ olmaqla Qərbdə narazılıqla qarşılandı. Və Qərb anlaşmalara sadiq olmadığını açıq şəkildə nümayiş etdirdi.
Bunun fonunda Türkiyə artıq Qərbə görə verdiyi qurbanları dayandırmaq, itirdiyi dividentləri geri qaytarmaq qərarına gəldi və Putinə əl uzatdı.

Moskva: Ukraynadan sonra Rusiya-Qərb münasibətlərinin düşdüyü bataqlıq haqda o qədər də söz açmağa dəyməz. Hər şey “soyuq müharibə”dən sonra ikincisinin başladılması səviyyəsinə qədər gəlib çıxıb. Belə bir vəziyyətdə ruslar Qərblə münasibətlər baxımından türklərlə eyni taleyi daşımaqdan olduqca məmnun görünürlər. Bu məmnunluq Almaniyanın qondarma “erməni soyqırımı” ilə bağlı qərarından sonra Rusiyanın baş diplomatı Sergey Lavrovun bunu açıq şəkildə qınayaraq, “Türkiyə öz müttəfiqlərini seçməyi bacarmalıdır” tipli açıqlaması ilə başlamışdı.

Təl-Əviv: Qərbin regionda müttəfiqi hesab olunan İsrailin Türkiyə və Rusiya ilə eyni “qədəri” paylaşması maraq doğurur. Təbii ki, Fələstinin bir çox Qərb ölkəsi tərəfindən tanınması, BMT-də qəbul edilməsi, Qəzzada demoqrafik dəyişikliklərə Avropadan sərt təpkilərin gəlməsi Təl-Əvivi qane edə bilməzdi. İsrailin “vurulmuş” Rusiyaya qucaq açmasının arxasında bu inciklik də dayanırdı. Əslində Qərbin Fələstinin tanınmasını sürətləndirməsinin səbəbləri sırasında Təl-Əvivin “rus simpatiyası” da olmamış deyildi. Lakin İsrailin Türkiyə qarşısında geri çəkilməsi bu kontekstdə maraq doğurur. Axı, Təl-Əviv Romada Türkiyənin qalibiyyətinə deyil, “Qəzzanın xilasına” imza atmışdı. Məhz bu amil hər şeyin “üç muşketyorun” – Ankara-Təl-Əviv-Moskva – kardinal ordusuna qarşı mübarizəsindən ibarət olmadığını ortaya çıxarır.

***

Proseslərin analizi “Nədən İsrail Türkiyə qarşısında geri çəkildi?”, “Nədən Türkiyə İsrail üzərində diplomatik qələbə çaldığı gündə Rusiyanın şərtlərini qəbul edərək, “barış əlini” uzatdı?” kimi sualları aktuallaşdırır.

a) İsrailin “Qəzzanın xilası” anlaşmasına imza atmasının arxasında enerji amili dayanır. Romada əldə olunan razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropaya çıxarılması məsələsi də öz əksini tapıb. Xəritədə marşrutu izlədikdə İsrail qazının Türkiyəyə çıxışı üçün mütləq Suriya torpaqlarından keçməsinin lazım olduğunu görmək olar. İndiki şəraitdə bu, mümkünsüz görünür. Deməli, qarşıdakı dövrdə Suriyada terrora son qoyulmalı və təbii qaz marşrutunun təhlükəsizliyi üçün sabitlik təmin olunmalıdır. Görünən odur ki, İsrail onu güclənməyə qoymayan Qəzza məsələsində qeyri-müəyyən tarixə qədər güzəştə gedərək, Avropanın qaz bazarında payçı olmaq istəyir. Digər tərəfdən, Türkiyə ilə anlaşma Qəzza problemini İsrailə qarşı kart kimi istifadə edən İranı oyundan kənarlaşdırmaq planının bir hissəsidir.

b) İsrail qazının Suriya üzərindən Türkiyəyə, oradan da Avropa torpaqlarına çıxışı Rusiyanın qaz bazarındakı mövqelərinə rəqib olsa da, indiki situasiyada razılaşmaq Moskvaya sərfəlidir, yaxud ruslar buna məcburdurlar. Əslində Türkiyənin İsraillə anlaşması fonunda Kremlə “Türk axını” layihəsinin gələcəyinə dair vəd verməsi rusların mövqeyində yumşalmaya səbəb olub. Moskvanın qaz bazarında maraqlarını ikinci plana keçirərək, bu ssenaridə yer alması Suriyadakı mövqelərini möhkəmləndirmək gedişindən irəli gəlir.

Suriyada varlığını davam etdirmək üçün Əsəd hakimiyyətini müəyyən müddətə qədər qorumaq; I Pyotron vəsiyyətnaməsində “Buz bağlamayan dənizlərə çıxış” nəsihətinə uyğun olaraq, Aralıq dənizinə çıxışı əldən verməmək; Əsədə qarşı olan və Rusiya daxilində artan terror simpatiyasının hazırki qaynağı hesab olunan İŞİD-i sıradan çıxarmaq; ABŞ-ın Böyük Orta Şərq planına mane olmaq, yaxud Şərq bölünərkən öz payını almaq;

Rusiya aşağı, yuxarı, bu maraqların arxasınca hərəkət edir. Putin indiki situasiyada bir qurban verməklə bir neçə hədəfinə doğru ilk addımı atır.
Birincisi: Türkiyənin geri çəkilməsi ilə Rusiyanın “toxunulmazlıq” statusunu müəyyən mənada bərpa etdi. İkincisi: Putin təyyarənin vurulması ilə rus ictimaiyyətində itirdiyi nüfuzunu tam olmasa da, geri qaytardı. Üçüncüsü: Qərblə açıq savaşda Türkiyəni yenidən qazandı.

Bütün bunların qarşılığında İsrail qazının Avropada ona rəqib olacağı ilə razılaşır. Təbii ki, ruslar bunu uzaq perspektiv hesab edirlər və hazırki məqamda onlar üçün qazancları itirdiklərindən daha çox hesab oluna bilər.

c) Ankara eyni gündə İsrail və Rusiya həmləsi etdi. Bundan sonra Türkiyənin Suriya siyasətində köklü dəyişiklik müşahidə olunacaq. İsrail və Rusiya ilə anlaşmanın ana xətti də məhz Suriya məsələsində Türkiyənin mövqeyinin dəyişməsidir. İsrailə görə, Suriya təhlükəsiz marşrut halına gəlməli, Rusiyaya görə, Əsəd qalmalı və Suriya torpaqları terrorçulardan təmizlənərək, ərazi bütövlüyü təmin olunmalıdır. Türkiyə hər iki mövqe ilə razılaşır, çünki Suriyada dəyişən siyasi mənzərə fonunda bu, həm də özünün maraqlarına uyğun hesab oluna bilər. Dəyişən maraqlar;

- Əsədin getməsini hamıdan daha çox istəyən Türkiyənin bu siyasəti PKK/PYD faktorunu bölünmüş Suriyada gücləndirdi. İndi Suriyanın ərazi bütövlüyünə, yəni Əsəd hakimiyyətinə dəstək verəcək Türkiyə bununla PYD faktorunu aradan qaldıra bilər.

- Ankaranın dəstəyini alan Əsəd Türkiyə sərhədlərində PYD “dövləti”nin qurulmasına göz yummayacaq, habelə türkmanlara qarşı müharibəni səngidə bilər.


- PYD-nin sıradan çıxması Türkiyənin ərəb coğrafiyası siyasətinə, eləcə də gələcəkdə öz suverenliyinə təhdid olan “kürd dəhlizi” ideyasının “beşiyində boğulması” deməkdir.

- Rusiya ilə münasibətlərin düzəlməsi Moskvanın Ankaraya qarşı PYD-ni dəstəkləmək siyasətini aradan qaldıracaq.

- Suriyanın hava sahəsinə nəzarət edən Rusiyanın neytrallaşdırılması türk təyyarələrinə bu bölgədə rahat şəkildə PKK/PYD güclərinə zərbələr endirmək imkanı qazandıracaq.

- İsraillə münasibətlərin düzəlməsi və Suriyada maraqların uzlaşdırılması terror təşkilatları ilə bağlı daha səhih kəşfiyyat məlumatlarının əldə olunmasını təmin edə bilər.

- İŞİD faktorunun zəifləməsi Suriyanı Türkiyə üçün təhlükənin gəldiyi ərazi qismindən çıxaracaq.

Amerikanın planlarını pozmaq gedişi

ABŞ-ın “kürd dəhlizi” planının arxasında dayanan əsas məsələ İran, İraq və Suriya enerji ehtiyatlarının Türkiyədən yan keçməklə Avropaya çıxışını təmin etməkdir.

Plan: Suriyanın şimalında kürdlərin əlində olan Afrin kantonunun Kobani və Cəzirə kantonları ilə birləşməsi üçün Azez və Menbic şəhərlərinin də PYD-nin nəzarətinə keçməsi lazımdır. Hazırda bu aralıq bölgəyə İŞİD və Suriya müxalifəti nəzarət edir. Türkiyənin təklif etdiyi “təhlükəsiz bölgə” ssenarisində bu aralıq ərazinin İŞİD-dən təmizlənməsi, türkman və ərəblərin ora yerləşdirilməsi nəzərdə tutulurdu. Amerika əvvəlcə ssenariyə razı olsa da, sonradan geri çəkildi və əsas dəstəyi PYD-yə verdi.

ABŞ bu aralıq ərazinin də kürdlər tərəfindən ələ keçirilməsini, beləliklə Afrin kantonunun Kobani və Cəzirə kantonları ilə birləşməsini istəyir. Bu, baş verərsə, Suriyanın şimalında Aralıq dənizinə çıxan zolaq kürdlərin əlinə keçir və Şimali İraq Kürd Muxtariyyəti ilə birləşərək, “kürd dəhlizi” yaranır. Hazırda kürdlər Demokratik Suriya Gücləri adı altında aralıq ərazinin zəbt olunması uğrunda müharibə aparır.

“Kürd dəhlizi” yaranarsa, İraq, Suriya və İranın enerji resursları Türkiyədən deyil, bu zolaq vasitəsilə Aralıq dənizinin üzərindən Avropa bazarına çıxarılacaq. Həmçinin, İsrail də öz qazının bu dəhliz üzərindən çıxarmaq məcburiyyətində qalacaq. Türkiyə İsrail və Rusiya ilə anlaşaraq, məhz bu planı pozur. Hətta bunun üçün Əsədə də dəstək verməyə hazırdır. Görünür, İsrailin özü də ABŞ-ın nəzarətində olan marşrutda iştirak etmək istəmir.

***

Türkiyənin İsrail-Rusiya-Suriya siyasəti sadəcə keçmiş “küskünlükləri” bir kənara qoymaq yox, bölgənin siyasi mənzərəsini yenidən şəkilləndirmək məqsədinə xidmət edir. Və Ankara bu cəsarətli addımları ilə Qərbi qarşısına almış olacaq. “Artıq bu baş verdi də” deyə bilərik. Atatürk hava limanında törədilən terror aktının izləri məhz bölgədə daşları yerindən oynadan siyasi həmləyə cavab idi.

Sifarişçi: terrorun Ankaranın İsrail-Rusiya həmləsi ilə eyni tarixə təsadüf etməsi, hücum əmrinin bölgədəki siyasi tarazlığın pozulmasını istəməyən güc tərəfindən verildiyinə şübhə yeri qoymur. Dəqiq iddia etmək çətin olsa da, proseslərin analizi izləri “Köhnə qitə”yə və okeanın o tayına aparır. Çünki Suriyada “kürd dəhlizi” ideyasını boğacaq, qondarma PKK/PYD dövlətinin yaranmasının qarşısını alacaq, İŞİD faktorunu sıradan çıxaracaq siyasət Qərbə sərf etmir.    

İcraçı: terror aktını bölgənin yenidən şəkilləndirilməsində yer verilməyən PKK/PYD, yaxud İŞİD törədə bilər. Lakin hazırda əsas ehtimal İŞİD-in üzərindədir. Çünki; hava limanına edilən hücum bu terror təşkilatının üslubuna çox bənzəyir; bu terror təşkilatının Qərbin hücum planlarını yerinə yetirdiyinə dair kifayət qədər iddialar var; Rusiya-Türkiyə yaxınlaşmasından sonra Suriyada ilk hədəf İŞİD olacaq, artıq rus S-400-lərinin türk təyyarələri ilə birlikdə hərbi əməliyyata hazırlaşdığına dair informasiyalar gəzir.  

Niyə Türkiyə: Yeni siyasi strategiyada Ankara ilə birlikdə Təl-Əviv və Moskva da yer alır. Lakin niyə hədəfin Türkiyə olduğu suallar yaradır. əslində bu terrorun arxasındakı güclər “Atatürk”ü vurmaqla həm də İsrail və Rusiyaya mesaj göndərmiş oldu. Sadəcə olaraq, bu üç ölkə arasında İŞİD-in daha rahat hərəkət edə biləcəyi məkan Türkiyədir. Terror təşkilatının İsrail və Rusiyadan fərqli olaraq, Türkiyəyə hücrələrin olduğu da məlumdur. Digər tərəfdən, Ankara-Təl-Əviv-Moskva üçbucağında əsas açar Türkiyənin olması da onu hədəfə çevirdi.   

Məqsəd: Türkiyəyə “əks addım atsan, səni terrorla cəzalandıracağıq” mesajı verilir. Terror aktının hava limanında törədilməsi də Türkiyə iqtisadiyyatının əsas sütunu hesab olunan turizmin hədəf alınmasına, turistlərin ölkədən qaçmasına hesablanmış addım idi. Çünki zəif iqtisadiyyata sahib Türkiyənin regionda güclənməsi və müstəqil addımlar atması çətin olar.

Proqnoz: Bu terror aktından sonra Türkiyənin geri çəkiləcəyini düşünmək yanlış olardı. Onsuz da bu ölkə terrordan illərdir əziyyət çəkir və hansısa siyasi güzəştlə bu bəladan xilas ola bilməyəcəyini də anlayır.
Digər tərəfdən, artıq İsraillə anlaşmaya imza atılıb, Rusiya ilə razılıqlar əldə olunub. Yaxın dövrdə Putin-Ərdoğan görüşü gözlənilir. Türkiyə hazırladığı bu strateji planda öz maraqlarını daha aktiv şəkildə qoruya biləcəyini anlayır. Buna görə də çətin ki terror, təzyiq, yaxud hansısa hücum onun geri çəkilməyə məcbur etsin.

Lakin bu, həm də Türkiyəyə qarşı müxtəlif istiqamətlərdən hücumları da artıra bilər.

Qərb müxtəlif sferalarda təzyiqlərini gücləndirə, Suriyada sıxışdırılan PKK/PYD terror hücumlarının artıra, İŞİD də öz növbəsində hücrələrini aktivləşdirərək, hərəkətə keçə bilər.
 






Fikirlər