SƏRDAR Cəlaloğlu: “Azərbaycanda yaşayan KÜRDLƏR aktiv formada PKK-ya qoşulurlar”

“Azərbaycanda da radikallar və terror təşkilatlarına meyilli insanlar mövcuddur. Suriyaya İŞİD-in tərkibində döyüşmək üçün Azərbaycanda yüzlərlə insan ora gedib. Çeçenistan – Rusiya müharibəsində də çeçenlərin tərəfində döyüşən azərbaycanlıların olduğu məlum idi.

O cümlədən Üsamə bin Ladenin tərcüməçilərindən biri azərbaycanlı olub”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında deyib. S.Cəlaloğlu hesab edir ki, ABŞ və Avropada terror təşkilatları varsa, Azərbaycan üçün də bu təhlükə var: “Azərbaycanda da radikallar və terror təşkilatlarına meyilli insanlar mövcuddur. “Əl-Qaidə”nin tərkibində də azərbaycanlılar döyüşürdülər. Həmçinin Azərbaycanda 30-40 min civarında kürd yaşayır. Onlar PKK və PYD kimi terror təşkilatlarına milli təəssübkeşlik baxımından yardım edə bilərlər. Təcrübə göstərir ki, Azərbaycanda yaşayan kürdlər aktiv formada PKK-ya qoşulurlar, yaxud Türkiyəyə qarşı vuruşurlar və təşkilatlara dəstək verirlər. Hökumət də bəyan edib, biz də bilirik ki, Azərbaycanda müxtəlif terror təşkilatları ilə əlaqələri olan insanlar var. Vaxtilə Azərbaycan dünyada ən çox terrora məruz qalan ölkələrdən biri idi. Gələcəkdə də terror ola biləcəyi ehtimalı istisna deyil. Hökumət bu yöndə ciddi işlər görür. Hakimiyyətin gördüyü işlərdən effekt verdiyi əsas sahə terrorizmlə mübarizədir. Amma terror təşkilatları terror etmək barədə qərar verərkən, onların qarşısına keçmək çox çətindir. Sadəcə Azərbaycan bu gün terror təşkilatlarının maraq dairələrində deyil. Ermənilər ruslarla birləşib Azərbaycanda terror həyata keçirmək istəyirlər, amma PKK və digər terror təşkilatlarının əsas hədəflərini İran, Suriya, Türkiyə və digər müsəlman ölkələri təşkil edir. Uzun müddət Rusiyanın tərkibində qalmış və İslam dəyərlərindən uzaq olmuş bir ölkədə İŞİD, “əl-Qaidə”, yaxud PKK-nın terror törətməsi ağılabatan deyil. Amma hakimiyyət ehtiyatlı olmalıdırlar, “Formula 1” yarışları və digər beynəlxalq tədbirlər zamanı terror təşkilatları təxribat törədə bilərlər. Azərbaycan üçün ən böyük təhlükə rus və erməni təxribatıdır”.  Qeyd edək ki, yazını bütöv şəkildə “Cümhuriyət” qəzetinin sabahkı sayında oxuya bilərsiniz. 






Fikirlər