17.06.2014.- "Türkiyə NATO-ya qarşı gedir" - Ərəstun Oruclunun şərhi

17.06.2014.- "Türkiyə NATO-ya qarşı gedir" - Ərəstun Oruclunun şərhi  "İŞİD məsələsində Ankaranı ittiham edə bilərlər"

Yaxın Şərq bölgəsində baş verənlər hər zaman Türkiyəyə öz təsirini göstərir. Terrora məruz qalan Türkiyə beynəlxalq güclərin də qəbul etdiyi terrorçu təşkilatların siyahısına uyğun olaraq addımlar atır və bu qrupların zərirsizləşdirilməsində yaxından iştirak edir.

Bu siyahıya daxil olan “Əl-Qaidə” terror şəbəkəsindən ayrılaraq ondan daha betər qəddarlıqlar törədən “İraq Şam İslam Dövləti” yaraqlılarının İraqda şəhərləri bir-birinin ardınca tutduğu bir vaxtda Türkiyənin Nazirlər Kabineti diqqətçəkici və mübahisəli qərar verib. Bu ölkənin Nazirlər Kabinetinin son iclasında “Əl-Qaidə”nin İraq qanadı olan “Əl Nusra briqadası” terror təşkilatları siyahısından çıxarılıb. Hökumətin qərarına əsasən, yeni siyahıda Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən “Əl Nusra Cəbhəsi”, “The Victory Front” adlı qruplaşmaların da adı yer almayıb. İŞİD isə siyahının son versiyasına daxil edilib.

Məsələ ilə bağlı açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, Türkiyənin “Əl Nusra briqadası” qruplaşmasını terror təşkilatları siyahısından çıxarması onu çətin duruma sala bilər. Onun sözlərinə görə, eyni zamanda digər dövlətlər tərəfindən Türkiyə terroru dəstəkləməkdə ittiham oluna bilər ki, bu da dövlət üçün bir o qədər də ürəkaçan məsələ deyil: “Digər tərəfdən, buna cavab olaraq, bəzi dövlətlər PKK-nın terrorçu təşkilatlar siyahısından çıxarılması məsələsini gündəmə gətirə bilərlər. Bunun özü də heç yaxşı hal deyil. Həm də ola bilər ki, sadəcə, Türkiyə təklənmiş duruma düşə bilər. Başa düşürəm ki, Türkiyənin indiki xarici siyasətində müəyyən istiqamət dəyişiklikləri baş verir. Türkiyə bu gün daha çox bir sıra Körfəz ölkələri, eyni zamanda Rusiya ilə əməkdaşlığa meyilli görünür. Amma fikrimcə, belə bir addımın atılması, yəni “Əl Nusra briqadası” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması artıq Türkiyənin Qərb ölkələri, NATO-dakı tərəfdaşları ilə faktiki olaraq açıq konfrantasiyaya getməsidir. Ciddi fikir ayrılığının gündəmə gəlməsidir ki, bu da istənilən halda Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu zəiflədəcək”.
Ə.Oruclu deyib ki, bu gün bütün dünyanın diqqətini çəkmiş İŞİD məsələsində də dolayısı ilə Türkiyəni ittiham edə bilərlər: “İstisna etmirəm ki, bu, belə də olacaqdır. Artıq bu barədə söz-söhbətlər var idi, amma hər halda Yaxın Şərq bölgəsində ciddi dəyişikliklərin şahidi oluruq. İndiki məqamda hansısa qeyri-çevik siyasi addımlar Türkiyəni dövlət kimi çox ciddi problemlərlə üzləşdirə bilər. Təəssüf ki, Türkiyə siyasəti də getdikcə bütün addımlarında daha da radikallıq nümayiş etdirir”
.






Fikirlər