29.01.2014. - Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir...

29.01.2014. -  Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir... Fransanın Kəşfiyyat Araşdırmaları Mərkəzinin direktoru qanın su yerinə axdığı ölkədəki vəziyyəti analiz etdi

Son bir ayda Suriyada ən azı 15 azərbaycanlının öldüyü məlumdur. Bu statistika özlərini “mücahidlər” adlandıran radikal qruplaşmaların saytında yerləşdirilmiş məlumatlar əsasında aparılıb.

“Ən azı 15” ifadəsi ona görə işlədilir ki, üç ilə yaxındır qanın su yerinə axdığı ölkədə ölən Azərbaycan vətəndaşlarının sayı əslində daha çox ola bilər. O cümlədən Suriyaya “cihad”a yollanan Azərbaycan vətəndaşlarının da dəqiq sayını bilən yoxdur. Bəziləri bu sayın yüzlərlə, bəziləri hətta minlərlə olduğunu deyir.

Görünür, vəziyyətin getdikcə təhlükəli xarakter almasının təsirindəndir ki, yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlıların radikal islamçı qruplaşmaların tərkibində döyüşmək məqsədilə Suriyaya getməsini müzakirə etmək üçün xüsusi toplantı keçirlib, müvafiq fitva verilib.

Bəs azərbaycanlılar Suriyada kimə qarşı vuruşur və niyə tez-tez ölürlər? Onların hədəfi 130 mindən çox insanın qətlinə bais olmuş Bəşər Əsəddir, yoxsa elə onlar kimi məqsədləri Suriyada şəriət rejimi qurmaq istəyən digər radikal qruplaşmalardan olan yaraqlılardır?

Fransanın Kəşfiyyat Araşdırmaları Mərkəzinin direktoru, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq üzrə nüfuzlu ekspert Alan Rodyenin “Atlantico” jurnalında dərc edilmiş analizi bu suallara cavab tapmağa kömək edir.

Virtualaz.org Suriyada “cihad” adı verilən hərbi kampaniyanın son günlər Azərbaycanda da geniş müzakirələrə səbəb olduğunu nəzərə alaraq Alan Rodyenin məqaləsinin tərcüməsini ixtisarlarla oxuculara təqdim edir

29.01.2014. -  Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir...

Suriyada toqquşmalar üsyançıların silahlı dəstələri ilə hökumət qüvvələri arasındakı qarşıdurmalarla yekunlaşmır. Hazırda ölkə ərazisində “İraq və Şam İslam Dövləti” və “əl-Nusra Cəbhəsi” qruplaşmaları arasında da asimmetrik müharibə gedir. Səhnə arxasından onların ipini əlində saxlayan isə “əl-Qaidə”dir.

Yanvarın əvvəllərindən etibarən KİV-lər “İraq və Şam İslam Dövləti” ilə Suriya üsyançılarının digər qruplaşmaları, xüsusən də ötən ilin sonlarında Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya xüsusi xidmət orqanlarının dəstəyi ilə yaradılmış İslam Cəbhəsi koalisiyası arasında şiddətli döyüşlərin getdiyini xəbər verir. Bu döyüşlərdə müxtəlif mənbələrin məlumatlarına görə, 1000-dən çox adam ölüb.

Necə də olsa bu informasiyaya ehtiyatla yanaşmaq lazımdır, çünki onlar müstəqil və mötəbər hesab edilməsi çətin olan mənbədən daxil olur.

Bununla belə “əl-Qaidə” rəhbəri Ayman əs-Zəvahirinin bəyanatından Suriyada baş verənlər haqda müəyyən qənaətlərə gəlmək mümkündür. Məsələn, əs-Zəvahiri bu günlərdə audiomüraciətlə çıxış edərək tərəfləri qardaş qırğınını dayandırmağa və ümumi düşmənə - Bəşər Əsəd rejiminə qarşı döyüşməyə çağırıb.

Həmçinin bəllidir ki, İslam Cəbhəsi, “İraq və Şam İslam Dövləti” və “əl-Nusra Cəbhəsi” Suriya böhranına dair “Cenevrə-2” prosesində iştirak etmir. Bu üç hərəkatın hər biri qarşısında belə vəzifə qoyub: şəriət qanunlarına söykənən İslam dövlətinin yaradılması.

Suriyada “əl-Qaidə”nin yeganə rəsmi təmsilçisinin “əl-Nusra Cəbhəsi” olmasına baxmayaraq ən yaxşı hazırlıq keçmiş döyüşçülər “Şamın azad insanlarının İslam hərəkatı”, yaxud qısaca “Əhrar əş-Şam”ın üzvləridir. Bu qruplaşmaya “Hasan Addub” ləqəbli Əbu Abdulla əl-Həmavi başçılıq edir.

Bundan əlavə, 2013-cü ilin noyabrında yaradılmış “İslam Cəbhəsi” koalisiyasının formalaşdırdığı siyasi kabinetə də o rəhbərlik edir. İslam Cəbhəsini Bəşər Əsədin devrilməsinə və Suriyada demokratik rejim qurulmasına çalışan Azad Suriya Ordusu ilə qarışdırmaq lazım deyil. İslam Cəbhəsi alyansının hazırda 45 mindən çox döyüşçüsü var.

İslam Cəbhəsinin koordinatoru rolunu Muhammed Bəhayya (Əbu Xalid əs-Suri) oynayır. O, “Əhrar əş-Şam” qruplaşmasında rəhbərlərdən biridir. Muhammed Bəhayya “əl-Qaidə”nin keçmiş lideri Üsamə bin Ladenin yaxın adamlarından biri olub və Ayman əs-Zəvahiri ilə yaxşı tanışdır.

İspaniya xüsusi xidmət orqanları onun “əl-Qaidə”yə mənsub olduğunu hələ ötən əsrin 90-cı illərindən müəyyən ediblər. Muhammed Bəhayya 2004-cü ilin martında Madriddə və 2005-ci ilin iyulunda Londonda törədilən terror aktlarının təşkilatçılarından olan Mustafa Setmariam Nazarın yaxın tərəfdaşıdır.

Bəşər Əsəd rejimi Suriyada etirazların başlamasından sonra onu həbs edib, ancaq 2011-ci ildə azadlığa buraxıb. 2013-cü ilin aprelində Ayman əs-Zəvahiri Muhammed Bəhayyaya tapşırıq verib ki, “əl-Nusra Cəbhəsi” nin əmiri Əbu Muhammed əl-Culiani ilə “İraq və Şam İslam Dövləti”nin lideri Ömər əl-Bağdadi arasında yaranmış düşmənçiliyi dayandırmaq üçün vasitəçilik etsin.

Həmçinin Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Bəhayya “əl-Qaidə”nin Qətərdə mənzillənmiş maliyyəçisi Əbd ər-Rəhman bin Umayr ən-Nuyamidən Suriyadakı qruplaşmaları maliyyələşdirmək üçün milyonlarla dollar pul alıb.

Bu il yanvarın 3-də islamçı müxalifət “İraq və Şam İslam Dövləti”inə iki səbəbə görə müharibə elan edib. Birincisi, bu qruplaşma ən müxtəlif qəddarlıqlarda və soyğunçuluqda günahkardır (tamamilə doğrudur). İkincisi, Əsəd rejimi ilə əlbirdir (neft qaçaqmalçılığı istisna olmaqla bu iddia yalandır).

Cavab olaraq yanvarın 8-də “İraq və Şam İslam Dövləti” Suriya İnqilabi Qüvvələrinin Milli Koalisiyasını və onların Ali Hərbi Şurasını “xainlər və düşmənlər” elan edib.

“İraq və Şam İslam Dövləti”nin düşmənləri bildirir ki, onlar hərəkata bir neçə dəfə ciddi zərbə vura biliblər. Hansı ki, bu, şübhəlidir. “İraq və Şam İslam Dövləti” ilə eyni vaxtda iki koalisiya döyüşür: İslam Cəbhəsi və 8 radikal islamçı hərəkatın koalisiyasından ibarət Mücahidlər Ordusu.

Əslində Suriyada belə koalisiyalar tez-tez formalaşır və dəyişir. Yaranır, dağılır və qısa müddət sonra adlarını dəyişir. Elə hallar da olur ki, bir hərəkat eyni vaxtda bir neçə ittifaqda yer alır.
29.01.2014. -  Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir...
Əgər bunlardan İslam Cəbhəsi qismən məlumdursa, Mücahidlər Ordusu haqda bunu demək olmaz. Yanvarın əvvəllərindən etibarən bu qruplaşmalar arasında Hələb, İdlib, Rakka, Hama və digər şəhərlərdə toqquşmalar olub, lakin irimiqyaslı döyüşlərdən söhbət getmir.

“İraq və Şam İslam Dövləti”nin mövqeləri qismən zəifdir və onların döyüşçülərinin sayı azdır. Ona görə də “İraq və Şam İslam Dövləti”nin döyüşçüləri düşmənin sayca onları üstələdiyini görəndə döyüşsüz geri çəkilməyə üstünlük verir. Lakin daha sonra nisbətən sakit rayonlarda möhkəmlənərək əks-hücuma keçirlər. Hər iki tərəf belə döyüşlərdə əsir düşənləri yerindəcə güllələyir, yaxud başlarını üzür.

“İraq və Şam İslam Dövləti”nin üzvləri əsasən iraqlılardan ibarətdir. Onlar düşmənlərinə qarşı intiharçılar vasitəsilə terror aktları törətmək taktikasından da istifadə edir. Bu taktikanı qruplaşma İraqda yaxşı mənsimsəyib.

Hazırda qruplaşma bütün qüvvələrini keçmiş müttəfiqlərinə qarşı yönəldib və Əsəd qüvvələri ilə döyüşmür.

“əl-Nusra Cəbhəsi” isə indiki qarşıdurmada ikibaşlı oynayır. Bu qruplaşma rəsmən “İraq və Şam İslam Dövləti”nə qarşı çıxır. Eyni zamanda o, iki cəbhə arasında barışığa nail olmaq istəyir və müntəzəm olaraq tərəfləri atəşi dayandırmağa çağırır.

29.01.2014. -  Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir...

Suriya hakimiyyətinin açıqladığı məlumatlara görə, “əl-Nusra Cəbhəsi”nin lideri Əbu Muhammed əl-Culiani təxminən 40 yaşındadır. O, əvvəllər ərəb dili müəllimi olub. 2003-cü ildə əs-Zəvahirinin İraqdakı qüvvələrinə qoşulub. 2006-cı ildə amerikalılar onu Livanda yaxalayıb. 2008-ci ildə azadlığa çıxıb, daha sonra Suriyada həbs edilib və 2011-ci ildə həbsdən buraxılıb. əl-Culiani “əl-Qaidə”yə sədaqət andı içib.

“əl-Qaidə”nin özünə gəldikdə isə bu təşkilatda da hazırda ciddi dəyişikliklər gedir. Köhnə liderləri nisbətən gənclər əvəzləyir. Hazırda əs-Zəvahirinin və ona kömək edən Məsləhət Şurasının Pakistanın Əfqanıstanla sərhəd bölgələrindən birində olduğu güman edilir.

əs-Zəvahiri internetdən fəal istifadə edir. O, son müraciətlərinin birində Banqladeşin “antiislam hökumətinə qarşı cihada” çağırıb.

əs-Zəvahirinin “sağ əli” hesab olunan Nasir əl-Vuxayşi Yəməndədir və “əl-Qaidə Ərəb yarımadasında” qruplaşmasına başçılıq edir. “əl-Qaidə”nin İraq və Suriya üzrə qruplaşmaları eyni zamanda Livanın şimalında da fəallaşır və Bəşər Əsəd rejiminə dəstək verən “Hizbullah”a öz ərazisində zərbə endirməyə çalışır.

Bundan əlavə, “əl-Qaidə” Misirin Sina yarımadasında da nüfuzunu genişləndirməyə çalışır və bu, İsraili narahat edir. “əl-Qaidə”nin digər qolu olan “əl-Qaidə İslam Məğribində” qruplaşması Fransa qoşunlarının müdaxiləsindən sonra Malinin şimalından geri çəkilib və hazırda Liviyanın şimalında möhkəmlənib. Onların dəstələrinin bir hissəsi Tunisə və Mərakeşə keçib.

Şimali Qafqazda fəaliyyət göstərən və Soçi olimpiadası ərəfəsində fəallaşan “Qafqaz əmirliyi” də “əl-Qaidə”nin qollarından biridir. Həmçinin Nigeriyadakı “Bako haram” və “Ənsar” qruplaşmaları, Uzaq Şərqdəki “Əbu Səyyaf” beynəlxalq terroçu şəbəkənin bir hissəsidir.

29.01.2014. -  Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada nə baş verir...

Beləliklə, Suriyadakı müxtəlif qruplaşmalar arasında qarşıdurmalara baxmayaraq onlar hökumət qüvvələrinə, ölkənin şimalında muxtariyyət elan edən kürdlərə və ələvi şiələrə qarşı mübarizədə birləşməyə çalışırlar.

“İraq və Şam İslam Dövləti”nin xeyli zəiflədiyi deyilir. Lakin unutmaq lazım deyil ki, İraq və Suriya vahid cihad cəbhəsi hesab olunur və İraq ərazisində Fəlluca əyaləti, Ramada əyalətinin bir hissəsi dekabrın sonlarından etibarən cihadçıların əlindədir.

Amerikalılar Bağdada bu əraziləri geri qaytarmaqda kömək etməyə tələsmir. Beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı vətəndaş müharibəsini dayandırmaq üçün “Cenevrə-2” prosesinə yönəldib. Bununla belə həm İraqda, həm də Suriyada gedən mübarizənin ümumi adı sünnilərlə şiələr arasında qarşıdurmadır.

Xatırlatmağa dəyərmi ki, ər-Riyadın, Dohanın və Tehranın apardığı və uzaqdan idarə edilməklə gedən bu müharibədə ölənlər praktiki olaraq yalnız müsəlmanlardır?!






Fikirlər