14.06.2014.- İŞİD nefti bahalaşdırdı: Vahid Ələkbərovun İraqdakı 4 milyard dolları təhlükədə...

14.06.2014.- İŞİD nefti bahalaşdırdı: Vahid Ələkbərovun İraqdakı 4 milyard dolları təhlükədə...İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlılarının hücumu dünya birjalarında neftin qiymətinin bahalaşmasına səbəb olub.
Ötən həftə ərzində İŞİD yaraqlılarının İraqda şəhərləri bir-birinin ardınca ələ keçirməsi barədə xəbərlərin fonunda Nyu-York birjasında “Brent” markalı neft 4 faiz bahalaşıb. Bu, ötən ilin iyul ayından bəri ən kəskin bahalaşmadır.


WTI markalı yüngül Amerika nefti də bahalaşıb və bir bareli 106,9 dollar olub. “Brent” markalı neftin barreli isə ötən həftənin sonuncu hərracında 114.7 dollara satılıb.
Birja analitikləri qeyd edirlər ki, İraqdakı gərgin vəziyyət təkcə neftin bahalaşmasına səbəb olmayacaq, Amerikanın birja indekslərinin də bu vəziyyətlə bağlı aşağı enəcəyi gözlənilir.
İŞİD artıq Mosul, Tikrit, Bayca, Calaula, əl-Sadiyə şəhərlərinə nəzarət edir və Bağdada doğru irəliləyir. İraq ordusu İŞİD qüvvələrinə müqavimət göstərmir və qaçır. İŞİD-in ələ keçirdiyi şəhərlərdə kütləvi qətliamların baş verdiyinə dair xəbərlər var.

Mosulun neft rayonu olmasına baxmayaraq İraqın əsas neft hasilatı regionları hələ hərbi əməliyyatlar zonasına çevrilməyib. İraq neftinin ixracında da azalma baş verməyib.
Buna baxmayaraq analitiklər İŞİD-in hücumlarından ciddi narahatdırlar. İraq OPEC ölkələri arasında ikinci ən iri neft ixracatçısıdır. May ayında bu ölkədə hər gün 3.3 milyon barrel neft hasil olunub.
“Commerzbank”ın analitikləri deyirlər ki, əgər İraqın cənubunda neft hasilatı dayansa dünya bazarı hər gün 2,5 milyon barrel az neft alacaq. Bu isə qiymətlərin artmasına səbəb olacaq. Analitiklər indidən qiymətlərin artmasını İraqdan neft ixracının artıq etibarlı hesab edilmədiyini göstərdiyini deyirlər.

14.06.2014.- İŞİD nefti bahalaşdırdı: Vahid Ələkbərovun İraqdakı 4 milyard dolları təhlükədə...

İraqdakı münaqişədən həmçinin dünyanın iri neft şirkətləri, habelə azərbaycanlı oliqarx Vahid Ələkbərovun başçılıq etdiyi “LUKoil” zərər görə bilər. “ExxonMobil”, BP, “Total”, “Shell” və “LUKoil” İraqa milyardlarla dollar investisiya qoyublar. Təkcə “LUKoil”un İraqın cənubunda, Bəsrə yaxınlığında yerləşən nəhəng “Qərbi Kurna” yatağına 4 milyard dollar invstisiya yatırdığı məlumdur. Şirkət bu yaxınlarda həmin yataqdan hasilata başlayıb.

Ekspertlərin qənaətinə görə, İŞİD-in Bağdada doğru hücumları həmçinin ölkənin şimalına nəzarət edən kürdləri müstəqil şəkildə neft ixracına sövq edə bilər. Artıq mayın 23-də İraq Kürdüstanında hasil olunmuş neftlə dolu ilk tanker Türkiyənin Ceyhan limanından çıxıb.

Rəsmi Bağdad bu neftin qaçaqmal olduğunu elan edərək alıcıları ondan imtina etməyə çağırıb. “Bloomberg”in məlumatına görə, tanker hazırda açıq dənizdə üzməkdədir.

F.Məmmədov






Fikirlər