Rusiya ən dəhşətli nüvə raketinin fotosunu ilk dəfə yaydı

Rusiya ən dəhşətli nüvə raketinin fotosunu ilk dəfə yaydı

Rusiya ilk dəfə olaraq özünün yeni və ən böyük nüvə silahının—«RS-28 Sarmat» adlı qitələrarası ballistik raketinin fotolarının mətbuatda yayılmasına icazə verib.

Qərb mətbuatı yazır ki, Kremlə yaxın «Sputnik» agentliyinin bu silahın gücü barədə hələ may ayında yazmışdı. Agentlik raketin bütün Fransanı, yaxud Texası yer üzündən silmək iqtidarında olduğunu yazırdı.

Bu raketi Qərbdə  sələfi “Satana” dan güclü olduğundan  “Satana 2” adlandırıblar. Silaha bu adı NATO verib. «Satana» azərbaycanca «iblis»deməkdir. ABŞ-ın «The New York Post» qəzeti «RS-28 Sarmat»ı cildini dəyişmiş iblis adlandırır, cəhənnəmi Yerdə yaratmağa qadir silah olduğunu bildirir. Moskvadakı silah mütəxəssisləri həmçinin, “Satana 2”nin müdafiə radarlarından yayınaraq, 10 min kilometrə qədər məsafəni asanlıqla qət edə biləcəyini deyirlər. Bu o deməkdir ki, Rusiya bu nüvə silahıyla Nyu-Yorku da vura bilər. Rus mühəndisləri «Satana 2»nin 2018-ci ilə hazır olacağını, 2020-ci ilə işlək vəziyyətə gətiriləcəyini söyləyiblər.
«The Wall Street Journal» qəzeti isə Rusiyada nüvə hücumundan qorunmaq üçün keçirilən kütləvi təlimlərin videosunu paylaşıb. Bu videoları Rusiyanın dövlət kanalları yayıb və kadrlarda vətəndaşların hərbi heyətlə birgə təhlükəli materiallardan qoruyan xüsusi geyimlərdə hərəkət etdiyi, məktəb və universitetlərdə şagird və tələbələrə nüvə hücumu zamanı necə davranmalı olduqları haqda məlumat verildiyi görünür. Qəzet təlimlərə 40 milyon vətəndaşın qatıldığını, bunun Sovet İttifaqının süqutundan sonra ən genişmiqyaslı təlimlər olduğunu yazır.
Rusiyanın «Levada» sorğu mərkəzinin direktoru Lev Qudkov qəzetə müsahibəsində deyib ki, Rusiyada çoxları 3-cü Dünya müharibəsinin başladığına inanır: «Sadəcə, indi müharibənin soyuq dövrü olduğunu düşünürlər və bu soyuq müharibənin isti dövrü də başlaya, ya da başlamaya bilər».
“Business Insider” də Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını yazır. Sayt Rusiyayla ABŞ arasında Suriya danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Moskvanın nüvə silahının yayılmaması haqda razılaşmadan çıxdığını, sonra da nüvə başlıqlı raketlərini Kalininqrada, Avropayla sərhədə yerləşdirdiyini xatırladır.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bugünlərdə Federasiya Şurasının xarici əlaqələr komitəsində çıxışında deyib ki, ABŞMoskvaya qarşı sanksiyalarını artırsa, onlar da «qeyri-simmetrik» tədbirlər görəcəklər. Ryabkov bildirib ki, ABŞ Rusiyaya sanksiyalar siyasətiniçoxdandır yürüdür: «Biz bu müddətdən müəyyən araşdırma aparmaq və məhdudiyyətlər artdığı halda adekvat cavab verməkdən ötrü bəzi tədbirlər planı hazırlamaq üçün istifadə etdik».
Britaniyanın «The Independent» qəzeti isə Ryabkovun ABŞ-ın Rusiyaya əlavə məhdudiyyətlərdən imtinasından sonra danışdığını qeyd edir və hələ ki, nə Birləşmiş Ştatların, nə də AB-nin Moskvaya sanksiya tətbiq etdiyini, sadəcə, bu məsələnin gündəmdən çıxarılmadığınıbildirdiklərini yada salır.
Amma Moskva əvvəlki sanksiyalara cavab addımı atıb. Hələ ayın əvvəli Moskva nüvə silahı üçün yararlı plutonium ehtiyatlarının məhvinə dair sazişi dayandırıb. Sergey Ryabkov deyib ki, sazişin dondurulması ABŞ-ın Rusiya siyasətindən asılı olaraq «qeyri-məhdud» müddətə uzadıla bilər. Sazişin bərpası isə ABŞ-ın sanksiyaları dayandırdığı və Avropadakı hərbi qüvvələrinin sayını azaltdığı halda mümkündür.(“Azadlıq” radiosunun xülasəsi)






Fikirlər