Mətbuat Şurası 4 KİV-lə BAGLI ŞİKAYƏTİ araşdırdı

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi Komissiyanın üzvləri 4 müraciəti araşdırıblar.

Modern.az xəbər verir ki, öncə Qovlar Şəhər Bələdiyyəsinin «Yuk.az» saytı ilə bağlı şikayətinə baxılıb. Müzakirə zamanı müəyyənləşdirilib ki, adları Mətbuat  Şurasının «qara siyahı» sında olan bir sıra qəzetlər özlərinin mətbu reketliyinin davamını saytlara transfer ediblər. Şikayətdə adı çəkilən «Yuk.az» saytı da adı həmin siyahıda olan «Yüksələn Azərbaycan» qəzetinin bir növ elektron versiyasıdır. Bu kütləvi informasiya vasitəsini isə adları orada yer alan və şəbəkə kimi fəaliyyət göstərən «Media Azərbaycan», «Ədalət tribunası», «Ədalət carçısı» qəzetləri ilə yalnız sivil jurnalistika ilə bir araya sığmayan maraqlar birləşdirir. Həmin KİV-lərə başçılıq edən Kifayət Vəliyeva, Lətif Süleymanov, Araz Süleymanov və Aynur Babayeva isə peşə fəaliyyətinə zidd maraqların təminatı üçün uzun illərdir tərəfdaşlıq etməkdədirlər.

Bütün bunları əsas götürərək «Yuk.az» saytı barədə məsələyə Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı  mübarizə Komissiyasında da baxılması məqsədə müvafiq bilinib.

Şirvan şəhər sakini Saleh Salahovun «Təzadlar» qəzeti barədə müraciətinin müzakirəsi zamanı şikayətdə  yer alan məqamların konkret mətbu materiala deyil, jurnalist davranışı ilə bağlı olduğu müəyyənləşdirilib.

Buna görə də prosedur qaydaların tələblərinə uyğun olaraq müzakirə dayandırılıb. Komissiya şikayətçiyə məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət olunmasını tövsiyə edib.   

İclasda  məlumat verilib ki, Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilməsi barədə komissiyaya məlumat daxil olub. İnformasiya «Azerinews.org» saytının onun barəsində yazdıqlarını  qismən təsdiqlədiyindən məsələ gündəlikdən çıxarılıb.

«Bioloji Təbabət» Klinikasının «EmTV.az» saytı və «Gündəlik Bakı» qəzeti ilə əlaqədar müraciəti barədə də oxşar rəy qəbul olunub. Belə ki, klinika rəhbərliyi eyni zamanda ölkənin hüquq-mühafizə orqanlarına şikayətlər ünvanladığından prosedur qaydalara uyğun olaraq məsələ müzakirə edilməyib.

AzerTaym.az






Fikirlər