Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan verilən xəbərə görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyada 4 məsələyə baxılıb.
Öncə Ağstafada «Şəfəqə doğru» qəzetində gedən bir sıra materiallarla bağlı Mətbuat Şurasına ünvanlanan iki şikayət müzakirə olunub. Mətbu nəşrin baş redaktoru Nemət Novruzlunun nəzərinə çatdırılıb ki, istər Ağstafa Rayon Mərkəzi Xəstəxanası, istərsə də «Ağstafaçay» Hidroqovşağı İstismar İdarəsi barədə dərc olunmuş yazılarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. Ayda bir-iki dəfə çıxan qəzetdə həmin qurumların rəhbərliyinin mütəmadi hədəf götürülməsi, ittiham xarakterli fikirlərin birtərəfli qaydada qabardılması, bunların nə dərəcədə həqiqətə uyğunluğunun müəyyənləşdirilməsi üçün balansın gözlənilməməsi, qarşı tərəfin mövqeyinin təqdim olunmaması, yaxud həmin istiqamətdə cəhdlərin göstərildiyinə dair məlumatların yer almaması peşə etikasının tələblərinə etinasızlıqdır.
Komissiya bütün bunları əsas götürərək «Şəfəqə doğru» qəzetinə hər iki qurum barədə belə səpkili məqalələrin təqdimatını dayandırmağa, təkzib, yaxud Ağstafa Rayon Mərkəzi Xəstəxanasının və «Ağstafaçay» Hidroqovşağı İstismar İdarəsinin mövqelərinin əks olunduğu məktublarının dərcini tövsiyə edib. Tərəflər arasında anlaşma əldə edildiyindən məsələ həllini tapmış hesab olunub.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Sabunçu Telefon Qovşağının «Gündəm xəbər» qəzeti barədə şikayətinə baxılarkən bir sıra məqamlara toxunulub. Bildirilib ki, mətbu nəşrin təhqiramiz, insan ləyaqətinə toxunan yazı ilə bağlı təkzib verməsi, üzr istəməsi jurnalistikada məqbul sayılır. Lakin belə halların bəzi KİV-lərdə praktik fəaliyyətin əsasını təşkil etməsinə müraciət müəlliflərinin məsələnin araşdırılmasına sonadək prinsipial yanaşmamaları təsir göstərir. Nəticədə oxşar səpkili təhqirlərə digərləri də məruz qalır. Komissiya üzvləri bunu təəssüfləndirici hal hesab ediblər. Qeyd edilib ki, belə situasiyalarda şikayətçilər də sonadək prinsipial olmalıdırlar.
İclasda Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi barədə gedən yazıların müzakirəyədək 6 saytdan çıxarılması məsələsinə də toxunulub. Bildirilib ki, peşə etikasının tələblərinin gözlənilmədiyi hər hansı yazı xəbər portallarında saxlanmasından, yaxud götürülməsindən asılı olmayaraq müzakirəyə çıxarılacaq və barəsində müvafiq qərar qəbul ediləcək.