İran bloklanmış 29,0 milyardını geri alacaq - Mərkəzi bank
Xarici KİV-in məlumatına görə, 2016-cı ilin yanvarına qədər İran İslam Respublikası (İİR) xarici banklarda dondurulmuş 29,0 milyard dollar vəsaitini geri almalıdır. Bu barədə İİR Mərkəzi bankının sədr müavini Qulam Əli Kamyab bəyan edib (TASS). Cözlənildiyi kimi, bu vəsaitlər bloklanma altından çıxarılacaq və iyulun 14-də Vyanada İİR və «altılıq» (BMT TŞ-nın 5 daimi üzvü və Almaniya) arasında əldə olunmuş nüvə sazişinə uyğun olaraq, Mərkəzi banka köçürüləcək. Kamyabın sözlərinə görə, burada söhbət valyuta vəsaitlərindən gedir. Belə ki, xarici maliyyə qurumlarında İranın qızılla aktivləri yoxdur («Press TV»). Mərkəzi bankıın nümayəndəsinin bildirdiyinə görə, «donu açılan» vəsaitlər ölkənin müxtəlif istehsal sahələrinə, o cümlədən, neft-kimya və qaz, dağ-mədən sənayesinə, yol tikintisinə və mülki tikinti sahələrinə yönəldiləcək.
«2016-cı ilin yanvarına qədər İran xarici banklarda dondurulmuş vəsaitlərinin 29,0 milyard dollarını geri almalıdır» – deyə, «Press TV» Kamyabdan sitat gətirir.
Tərəflər razılığa gəliblər ki, İran sanksiyaların götürülməsinə cavab olaraq, özünün nüvə proqramında bir sıra uzunmüddətli məhdudiyyətlərə gedəcək. Sanksiyalar həm də İranın neft satışından əldə etmiş olduğu və xarici banklarda saxlanılan vəsaitlərinin dondurulmasını nəzərdə tuturdu.