“Bir ilin ərzində ya impiçment ediləcək, ya da istefa verəcək” – Trampın qələbəsini proqnozlaşdıran alim
“The Washington Post” yazır ki, Donald Trump-ın seçkidə qalib gələcəyini proqnozlaşdıran azsaylı şəxslərdən biri – professor Allan Lichtman həm də onun impiçmentini proqnoz edibmiş. O Trump-ın ABŞ-ın ən yüksək kürsüsünə sahiblənəcəyi barədə dəqiq proqnozu özünün məşhur “Ağ Evə gedən 13 açar” metodu ilə müəyyən etmişdi. Lakin hələ sentyabr ayında verdiyi bəyanatda professor Trump-ın nəticədə impiçment ediləcəyini də proqnozlaşdırıb. Amma o deyibmiş ki, bu proqnozu heç bir elmi metodla yox, şəxsi intuasiyası ilə verir. Professor bildirib ki, respublikaçılar üçün vise-prezident Mike Pence daha münasib şəxsdir. Onu partiyadaşlarının çoxu tanıyır və etimad göstərir. “The Washington Post” yazır ki, professor Lichtman Donald Trump-ın kürsüdən kənarlaşdırılacağını proqnozlaşdıran yeganə şəxs deyil. “New York Times” qəzetindən David Brooks belə bir fikir söyləyib ki, Trump çox güman bir ilin ərzində ya impiçment ediləcək, ya da istefa verəcək. Lichtman-a gəlincə isə, o 1984-cü ildən bəri bütün seçkilərin nəticələrini düz proqnozlaşdırıb, yalnız 2000-ci ildə Al Gore barəsində səhvə yol verib. Professor bildirib ki, rəy sorğuları ilə proqnozları qarışdırmaq olmaz. Rəy sorğuları saxtalaşdırıla və ya subyektivləşdirilə bilər. Sonuncu rəy sorğuları noyabrın 8-də keçirilən seçkidə demokratların namizədi olan Hillary Clintonun təxminən 70% səslə qalib gələcəyini göstərmişdi. Amma rəsmi nəticələrdə prezidentliyə respublikaçıların namizədi Donald Trump-ın qalib gəldiyi məlum oldu. (azadlıq.org)