24.09.2014 - Sensasiya: türk diplomatları İŞİD-in azərbaycanlı komandirinin əsiri olub

24.09.2014 - Sensasiya: türk diplomatları İŞİD-in azərbaycanlı komandirinin əsiri olubTürkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının və konsulluğu mühafizə edən türk xüsusi təyinatlılarının üç aydan çox İŞİD tərəfindən əsir saxlanılmasının yeni sensasion təfərrüatları məlum olub.

Türkiyə mənbələri xəbər verir ki, bu günlərdə İŞİD-in azad etdiyi 49 türk girovdan biri, Baş Konsulluq binasını mühafizə edən xüsusi təyinatlı polis əməkdaşı Veysel Can başlarına gələnlər haqda danışıb.

Qaziantep bölgəsindən olan üç uşaq atası Veysel Can “Akşam” qəzetinə açıqlamasında deyib ki, iyulun 11-də İŞİD dəstələri Baş Konsulluq binasına hücum etməzdən əvvəl binanı mühafizə edən İraq hərbçiləri qaçmışdı. Onun dediyinə görə, İraq ordusunun birlikləri şəhərdən qaçandan sonra 1000-ə yaxın İŞİD döyüşçüsü Baş Konsulluq binasını mühasirəyə alıb.“Daha əvvəl bizim yerləşdiyimiz ərazidə bir İŞİD komandiri öldürülmüşdü. İŞİD də vərəqələr paylayaraq və səsli anonslarla çıxış edərək insanların şəhəri tərk etməsini, komandirin ölümünün qisasının qanlı bir şəkildə alınacağını bildirirdi.
Sonra basqın günü konsulluğun qapısına gəldilər. İŞİD döyüşçüləri arasında olan bir türkmən qapını açmağı tələb etdi. Bunun mümkün olmadığını dedik. Sonra içində yarım tona yaxın partlayıcı olan yük maşınını qapının önünə gətirdilər, binanı partladıb hayava uçuracaqlarını bildirdilər. Təxminən 1000-ə yaxın adam bizi mühasirəyə almışdı. Çoxu ağır silahlarla silahlanmışdı. Evlərin damında qumbaraatanlarla mövqe tutmuşdular.
Sonra baş konsulumuz o vaxt xarici işlər naziri olan Əhməd Davudoğluna zəng etdi. Onun təlimatı ilə döyüşmədik və təslim olmağa məcbur qaldıq”
- deyə Veysel Can bildirib.

Onun dediyinə görə, təslim olandan sonra məlum olub ki, konsulluq binasının mühasirəyə alınması və əməkdaşların əsir alınması əməliyyatına Azərbaycan vətəndaşı olan yüksək rütbəli İŞİD komandiri başçılıq edirmiş.

Veysel Can deyir: Biz təslim olandan sonra Azərbaycan vətəndaşı olan İŞİD komandiri yanımıza gəldi. “Sizi Türkiyəyə dərhal göndərməyəcəyik. Əvvəlcə Türkiyə ilə anlaşma əldə etməliyik” - dedi”.

24.09.2014 - Sensasiya: türk diplomatları İŞİD-in azərbaycanlı komandirinin əsiri olub

Veysel Can əsir saxlanıldıqları müddətdə 8 dəfə yerlərinin dəyişdirildiyini bildirib. Onların əsir saxlanıldıqları yerlər bir neçə dəfə hava zərbələrinə məruz qalıb. Əsirlər azad edilməzdən 10 gün əvvəl İŞİD komandirləri onların yanlarına gələrək “Sabah sizi Türkiyəyə göndərəcəyik” deyiblər.

Ancaq inanmadıq. Çünki əvvəllər də “buraxacağıq” demişdilər, ancaq buraxmamışdılar. Sonra azad olunacağımız gün gəldilər, hazırlanmağımızı əmr etdilər. Bizi avtobusa mindirdilər. Əvvəl yenə harasa başqa yerə aparıldığımızı düşünürdük. Sonra yanımıza onların “Mosul valisi” dediyi şəxs gəldi. O, anlaşmanın əldə olunduğunu və Türkiyəyə göndəriləcəyimizi bildirdi.
Bizi avtobusla Suriyanın içərisindən keçirib Rakka şəhərinə apardılar, sonra Telabyada gəldik. Düşündük ki, burada saxlayacaqlar. Sonra Türkiyənin Akçakala sərhədinə gətirdilər, onda inandıq ki, bizi azad edirlər. MİT-ə xəbər vermədikləri üçün 4 saat sərhəddə gözlədik. Sonra türk görəvlilər gəldi. “Sənədləri imzalayıb sizi təhvil alacağıq” - dedilər.
Sonra bizi təhvil aldılar. Sərhədi keçəndə bəzi yoldaşlarımız sevincindən ağlayıb huşunu itirdi. Bizi MİT bölgə müdirliyinə apardılar. Oradan ilk dəfə ailəmizlə telefon əlaqəsi yarada bildik”
- deyə V.Can başına gələnləri nəql edib.

Xatırladaq ki, Türkiyə rəhbərliyi girovların hansısa xüsusi əməliyyat sayəsində azad edildiyini bəyan edir. Hətta iddia edilirdi ki, bu əməliyyatda bir xüsusi təyinatlı həlak olub.
İndi isə keçmiş girovun danışdıqlarından məlum olur ki, Türkiyə tərəfi İŞİD-lə anlaşaraq konsulluq əməkdaşlarını azad edib, üstəlik onlarla sənəd də imzalayıblar
.






Fikirlər