Böyük Britaniyada yaşayan hind əsilli olan, 10 yaşlı Mehul Qarq İstedadlara Dəstək Dərnəyinin təşkil etdiyi IQ testində 162 xal toplayaraq Albert Eynşteyn və Stiven Hokinqin rekordunu qırıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ötən il sözügedən yarışmada onun qardaşı da qatılmış və 162 xal toplamışdı. Bu il isə Mehul heç də qardaşından az ağıllı olmadığını sübut etmək üçün yarışmaya qatılıb və dünya dahilərinin rekordunu qırmağa nail olub.
Qeyd edək ki, A.Eynşteynin və Hokinqin bu testdə rekordu 162 xal olub.
Nəticələri aldıqdan sonra göz yaşlarını saxlaya bilməyən uşaq gələcəkdə Google kimi böyük bir şirkəti idarə etmək istədiyini bildirib.
Mehul kubiki 100 saniyədən daha az müddətdə yığmağı və zərb qurğusunda ifa etməyi bacarır.
O, həmçinin qardaşı ilə birgə sosial izolyasiyanı azaltmağı hədəfləyən və qonşular arasındakı əlaqələri daha da gücləndirəcək yeni bir layihə üzərində çalışır. Mehul artıq layihə üçün indidən 1300 funt-sterlinq (təxminən 3000 manat) vəsait də toplayıb.
O, "Channel 4" kanalında yayımlanacaq "Uşaq dahi 2018" proqramına da qatılacaq.