Atatürk Eynşteyni Türkiyəyə işləməyə dəvət etdi, lakin.... -TARİX

1932-ci ilin  yazı....  Almaniyada seçkilərdə “Nasist” partiyası qalib gəlir və sonradan dünya tarixini dəyişəcək Adolf Hitler kansler  seçilir.

Bundan sonra faşist partiyanın əsas hədəfi Almaniyada yaşayan yəhudiləri yox etmək olur. Bu səbəbdən xeyli sayda yəhudi Almaniyanı tərk etmək məcburiyyətində qalır. O zaman köç hazırlığı görən yəhudilərdən biri də böyük alim Albert Eynşteyn idi. Berlin Universitetində çalışan alim burada yaşaya bilməyəcəyini anlayıb tez bir zamanda Almaniyadan ayrılmağı qət edir.
1933-cü ildə Parisə gedərək orada “Kollec de Frans”da  müəllim işləyir. Bu arada yəhudilər nasist təzyiqindən qorunmaq üçün “Yəhudi nüfuzunu qoruma birliyi” adlı təşkilat yaradır və Albert Eynşteyn onun fəxri sədri seçilir. Qurumun əsas işi hələ də Almaniyada nasist təhlükəsi altında yaşayan yəhudi elm adamlarını xilas etmək olur. Eynşteyn onları xilas etmək üçün bir çıxış yolu tapa bilmişdi.
O, 1933-cü il iyunun 17-də Türkiyə hökumətinə xahiş məktubu göndərir.  Məktubda Eynşteyn o zaman Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu, eləcə də işlərində  ciddi əngəllər yarandığını qeyd edirdi. 
Həmin məktubdan bir hissəni təqdim edirik:
“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn”
“Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb müətəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm.
Haqqında danışdığım adamlar Almaniyada onlara qarşı tətbiq edilən qadağalar səbəbindən fəaliyyət göstərə bilmirlər. Amma onlar kifayət qədər təcrübə, dünyagörüş və savada malik olduğundan yaşayacaqları hər hansı ölkəyə fayda verəcəklərinə əminəm. Bu 40 insan bizim birliyə göndərilən çoxsaylı müraciətlər arasından seçilərək sizin  ölkəyə tövsiyə edilir.
Onları qəbul etdiyiniz təqdirdə yüksək insani nümunə göstərməklə yanaşı, həmçinin öz ölkəniz üçün də faydalı nəsə etmiş olacaqsınız. Bunu deməklə ən azından özündə cəsarət tapan, sabiq xidmətkarınız olmağı özünə şərəf bilən professor Albert Eynşteyn”.
Əvvəlcə rədd cavabı, sonra...
Eynşteyn bu məktubu göndərən zaman Türkiyədə baş nazir İsmət İnönü idi. İnönü bu işi təhsil naziri Rəşid Qalibə həvalə edir. Nazirliyin məktuba verdiyi cavab çox qısa olur: “Dövlətimizin bugünkü şəraitini nəzərə alaraq şərtlərinizin qəbul olunmadığını bildiririk”.
Lakin bu cavab hər şey demək deyildi. Sonradan Atatürkün işə baş qoşmasından sonra məsələ həllini tapır. Həmin məktub Təhsil Nazirliyi tərəfindən rədd edilsə də, dahi rəhbər Atatürkün müdaxiləsindən sonra Almaniyadan yəhudi əsilli elm adamları, tibb mütəxəssisləri Türkiyəyə dəvət olunur və işlə təmin edilir. 
Bəzi mənbələrə əsasən, Eynşteyn məktubu birbaşa Atatürkün özünə yazır. Hər halda, məktubu təsdiq edən məhz Mustafa Kamal olur. Bu hadisə sonradan böyük Eynşteynin Atatürkə və Türkiyəyə olan sevgisini artırır. İş o yerə çatır ki, Eynşteyn bir müddət Türkiyəyə, orada çalışan dostlarının yanına getməyi qərara alır. Deyilənlərə görə, Atatürk də buna maraqlı olur. Amma sonradan bu fikrindən vaz keçir.






Fikirlər