Atatürk Azərbaycanı Sovet Rusiyasının işğalından xilas edə bilərdimi?
90-cı illərdən bəri bəzi şəxslər belə bir iddia ilə çıxış edirlər ki, guya Mustafa Kamal Atatürk hökuməti 1920-ci ildə Azərbaycanı bolşeviklərə "satıb". Düzdür, Qurtuluş Savaşı dövründə Ankara ilə Moskva arasında iqtisadi və siyasi ittifaqın varlığı danılmazdır, amma Qafqazın işğalını bu dostluğa aid etmək absurddur. İstanbuldakı Osmanlı hökümətinin min cür təzyiq altında, əziyyətlə təbliğat aparan Atatürk, nəhayət, 23 aprel 1920-ci il tarixində Türk Böyük Millət Məclisinin açılışını edir və beləcə, Anadoluda eyni anda 2 fərqli türk-müsəlman höküməti yaranır. I Dünya Müharibəsində ağır məğlubiyyətə düçar olmuş Osmanlı İmperiyası 4 dövlətdən asılılığı qəbul etmiş, bir neçə şəhərdən başqa, bütün vilayətlərini itirmişdi. Lakin dövrün sultanı VI Mehmed, yaxud digər adı ilə Sultan Vəhdəddin taxt-tacını əldən verməmək üçün çox işlər görmüşdü, nəticədə, buna nail olmuşdu. Anadoludakı türklərə mübarizəni dayandırmaları barədə çağırışlar edən, Atatürkü xəyanətdə ittiham edən İstanbul hökümətinin bu mövzuda bütün cəhdləri uğursuzluqla nəticələnirdi.Çünki Mustafa Kamal Paşanın öndərliyini qəbul edən kütlələr üçün "ox yaydan çıxmışdı".
Elə bu kütlələri yönləndirən şəxslər Atatürkün başçılığı altında 23 aprel 1920-ci il tarixində Ankarada toplanırlar və Milli Məclisi açıq elan edirlər. Qeyd edək ki, həmin dövrə qədər Qurtuluş Savaşında işğalçılara qarşı mübarizəni "Kuvayi-Milliye" aparırdı. Və bu təşkilat qeyri-nizami döyüşən yerli özünümüdafiə təşkilatı idi. Yəni heç kim onlara "bunu edin" əmri verə bilmirdi. Lakin 23 aprel tarixindən başlayaraq "Türk Milli Hərəkatı" yaradılır və beləcə, nizami qoşun təşkil edilir, sərkərdələr və onların döyüşəcəkləri bölgələr müəyyənləşdirilir. Təbii ki, bu işlər uzun müddət və gərgin əmək tələb edirdi. "Kuvayi-Milliye"nin tamamilə ləğvi 1921-ci ildə baş verəcəkdi. Yəni, 28 aprel 1920-ci il tarixində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunarkən Türkiyədə Atatürkün hakimiyyətinin quruluşundan heç 100 saat da keçməmişdi. Belə qısa bir müddətdə hər hansı bir "satış" prosesindən danışmaq absurddur. Bundan əlavə, Ankara hökuməti Azərbaycanı qorumaq istəsəydi belə, nə edə bilərdi? Qızıl Ordunun Bakıya daxil olduğu tarixdə Mustafa Kamal Paşanın əmrində Qafqaza göndərə biləcəyi nizami bir qoşun mövcud deyildi. Fərz edək ki, "Kuvayi-Milliye" "Bakı üçün döyüşmək" barədə əmr aldı. Bu halda onların gəlişi mümkün idimi? Xeyr, çünki I Dünya Müharibəsindən sonra fransızların və rusların dəstəyini alan ermənilər Şərqi Anadolu bölgəsini işğal etmişdilər. Yalnız 28 oktyabr 1920-ci ildə Kazım Karabəkir Paşanın qoşunlarının 10 günlük hərəkatı nəticəsində ermənilər darmadağın edildilər və Türkiyənin Qafqazla olan sərhədləri bərpa edildi. Buradan belə bir nəticəyə gəlmək olar ki, Atatürkün bizə kömək üçün göndərə biləcəyi nə nizami qoşunu var idi, nə də həmin qoşunu göndərəcəyi yolu. 1920-ci ilin aprelində Anadolunun işğal olunmuş əraziləri Ankara höküməti ilə Sovet Rusiyasının danışıqla Qafqazı bölüşdürdüyünü iddia edənlər isə. Sadəcə olaraq, nəzərə almalıdırlar ki, Türkiyə və Rusiyanın ilk şifahi razılığı 1920-ci ilin sentyabr ayına təsadüf edir. Həmin anlaşmaya əsasən, ruslar ermənilərə hərbi və maddi yardım göndərməyi dayandırırlar. Deməli, sentyabr ayından öncə Rusiya Ermənistanın müttəfiqi rolunda çıxış edir və Qurtuluş Savaşında Ankaraya düşmən mövqeyində dururdu. Bütün türk xalqları üçün tarixi şəxsiyyət olan, öndərliyi, fikirləri və vətənpərvərliyi nümunə kimi şəksiz qəbul edilən Mustafa Kamal Paşa Atatürkə qarşı yürüdülən antireklam kampaniyası tamamilə böhtanlar üzərində qurulub. Həqiqətlər bütün saflığı ilə göz önündədir. Lazım olan tək şey araşdırmaq və yalnız bundan sonra inanmaqdır. Virtualaz.org