Atatürkün "Böyük sirri" - Dərin dövlətin yaranma tarixi ARAŞDIRMA

Atatürkün "Böyük sirri" - Dərin dövlətin yaranma tarixi — ARAŞDIRMA

Bir çox tarixçinin iddiasına görə, Atatürkü Türk dərin dövləti ortaya atmışdır. Mustafa Kamal isə, onların dəstəyi ilə Türk millətini məhvdən və məğlubiyyətdən qurtarmış, respublika qurmuşdur.

Ölkə.Az bildirir ki, türkiyəli yazıçı Fatih Beyhan Atatürk Osmanlı dərin dövlətinin adamı idi deyərək, müəyyən faktlara açıqlıq gətirib. O, “Atatürkün böyük sirri” kitabında bu məsələyə toxunub.

Sultan Vahdettin və Mustafa Kamal Samsuna hərəkət etmədən öncə, son gecə ikilikdə bir neçə saat söhbət etmiş və and içmişdilər. Görüş zamanı əldə olunan razılığa əsasən, Sultan vətəni qorumaq üçün İstanbulda düşmən dövlətlərin diqqətini üzərinə çəkəcək, sülh və razılıq oyunu ilə vaxt qazanacaqdı. Digər tərəfdən isə, işğalları bitirmək, Anadolunun təhlükəsizliyini təmin etmək üçün fəaliyyətə başlamalı idi. Mustafa Kamal Paşa isə, Samsundan başlayaraq Anadoluda təşkilati işlərə başlamalı, hərbi və idari sistemi formaya salmalı, bu vasitə ilə işğallara qarşı sivil və hərbi hərəkata rəhbərlik etməli idi. Anadolunun qurtuluşu bu iki yoldan hansı ilə təmin edilsə, Vahdettin və Mustafa Kamaldan bir digərinin yolunda özünü fəda etməli idi.

Bu anlaşmanın surəti Sabiha Sultanda və Vahdettinin özəl yavərindədir. Anlaşmaya əsasən, ingilis siyasəti əleyhinə yeni strategiya ortaya atılmışdır. Sultan və Atatürk arasında olan ixtilaf əvvəlcədən danışılmış, planlaşdırılmış döyüş kimidir. Hətta Mustafa Kamal haqqında çıxarılan edam fərmanı da əvvəldən razılaşdırılıb. Mustafa Kamal bu barədə Ankarada Milli Məclisdə bir çıxışı zamanı etiraf edib: ”Sultan özəl yavərini yanıma göndərdi. Biz Düzcedə görüşdük”. Sonra isə, Atatürk Vahdettinin ona göndərdiyi xüsusi məktubu göstərib. Məktubda: “İngilis süngüsü altında belə bir qərar vermək məcburiyyətindəyəm. Bu qərarı almağım sənin məqsədinə doğru addımlayacağın yolda kefini pozmasın” yazılıb.

Məktubdan və Sultanla Atatürk arasında gedən söhbətdən belə məlum olur ki, ikili arasında Ingiltərəyə qarşı siyasi oyun qurulub.

Fatih Beyhanın fikrinə görə, Sultan Vahdettinin ingilis gəmisi ilə getməsi də Türkiyənin qurtuluşu üçün özünü fəda etməyini təsdiq edir. Sultan, ingilisləri özünə tam inandırmaq üçün onların gəmisinə mindi və ölkəni tərk etdi. Sonradan ingilislər ondan istifadə etmək istəsələr də, Vahdettin buna fürsət verməyib. Unutmaq lazım deyil ki, Vahdettin şahzadə olduğu dövrdə Atatürk ilə tanış idi və Mustafa Kamal onun seryavəri idi. Birlikdə Almaniyaya səyahətə çıxmışdılar və bu səfər zamanı Anadoludakı vəziyyəti ətraflı müzakirə etmişdilər.

Mustafa Kamalın Vahdettinlə qurduğu münasibət və Almaniya səfəri sonrakı həmlələrində də hər zaman avantaj əldə etməyinə səbəb olub. Sultana bağlı olan dərin təşkilatlanma Mustafa Kamala da tam mənası ilə etibar etmişdir. Samsuna göndərilmədən əvvəl Daxili Nəzarət İdarəsindən olan Mehmet Ali bey, Mustafa Kamalı Şişlidəki (İstanbulda səmt) evində ziyarət edib. Bundan başqa Nazir Avni Paşanın da Şişlidəki evə tez-tez gedib gəldiyi məlmdur. Bu görüşlər Mustafa Kamalın dövlətə sədaqət hissinin öyrənilməsi üçün lazım olub. Sonra Avni Paşa şəxsi avtomobili ilə Mustafa Kamalı evindən nazirliyə gətizdirib. Mustafa Kamal o günlərdə Hərbi Nazir Şakir Paşa tərəfindən də nazirliyə dəvət edilmişdi. Burada ona Samsunla bağlı tapşırıqlar verilib. Onu Samsuna təyin edən Vahdettin Sultan olub. Deməli, Samsun vəzifəsi onun Anadolunu təşkilatlandırmaq üçün ortaya çıxarılmış bir vəzifədir. Gəmini də Vahdettin Sultan təşkil edib. Atatürkə ailəsini dolandırmaq üçün kifayət qədər pul ayıran, ailəni himayə edən də Sultandır.

Mustafa Kamal Samsun səfərindən əvvəl bir neçə nəfərlə vidalaşıb, səhər tezdən Babıalidə Sədrəzəm və nazirlərlə görüşüb, cümə namazından sonra isə, Hamidiyə Məscidində Sultanla söhbət edib. Eyni gün gecə vaxtı isə Atatürk gəmi ilə İstanbuldan yola çıxıb. Daxili işlər naziri Mehmet Ali bəy gizli ödəmlərdən 1000 qızıl pulu Atatürkə verib.

Tarixi sənədlər və hadisələrə görə oxumaq lazımdır. Tarixi sağ və sola ayırmaq, ideoloji seçim etmək axmaqlıqdır. Mustafa Kamal və Vahdettin Sultan əlaqələri çox vacibdir. Amma təəssüflər olsun ki, Turgut Özakman kimi tarixçi olmayan bir şəxsin yazdığı kitabda Sultan əleyhinə kifayət qədər materiallar var. Bu isə, iftiradan başqa bir şey deyildir.

Atatürkün Anadolu vəzifəsi şərq vilayətləri valilərinə, hərbi və idari kürsülərə bildirilmişdir. Buna görə də, Mustafa Kamal müfəttiş qismində Samsuna getdikdən sonra Sivas, Amasya və Ərzuruma da keçib. Burada o, valilər tərəfindən qarşılanıb. Paşanın vali tərəfindən qarşılanması Vahdettinin göndərdiyi gizli təlimata görə həyata keçirilib. Mustafa Kamala bu vəzifə əsnasında sədrəzəmlə birbaşa əlaqə icazəsi də verilmişdi. Bu isə, o dövr üçün bir müfəttişə verilən ən geniş səlahiyyətdir. Bu səlahiyyətlər barədə qərar 1919-cu il 5 may tarixli “Takvim-i Vekayi”də (Osmanlı dövrünün rəsmi qəzeti) qəzetində dərc edilərək qüvvəyə minmişdir.

Atatürkün o dövrə aid yazışmaları da göstərir ki, Sivasta baş tutan bütün görüşlərin stenoqramı Sultana göndərilib.

Qısacası, Mustafa Kamal Milli Türkiyənin, Osmanlını idarə edən dərin dövlət tərəfindən seçilmiş şəxsdir. Məsələn, Ankaranı paytaxt seçən də Osmanlının dərin dövlətidir. Hətta Ankarada qurulan 1-ci Məclis də 1915-ci ildən hazırlanıb. Dövlət varlığını qoruya bilmək üçün sadəcə müəyyən fərqliliklərə gedib. Hətta bəzi tarixçilərin iddiasına görə, Sultan Abdulhamid də Dərin dövlətin sahibləri ilə görüşüb, onlardan bəzi təlimatlar alıb. Yəqin ki, bu yaxınlarda bu mövzuya da toxunacayıq.

AzerTaym.az






Fikirlər