ABEL Məhərrəmov Atatürkün xidmətlərindən danışdı
Bakı Dövlət Universiteti Türk xalqları tarixi kafedrasının təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 135 illik yubileyi münasibətilə “Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında” mövzusunda Respublika Tələbə-Gənclər Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov tədbirin əhəmiyyətindən, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün türk xalqı və türk milləti qarşısındakı tarixi xidmətlərindən, onun irsinin araşdırılması, öyrənilməsi ilə bağlı aparılan işlərdən danışıb. Atatürkü Anma, Gənclik və İdman Bayramından bəhs edən rektor bildirib ki, 19 may 1919-cu ildə Mustafa Kamalın Samsunda başladığı Qurtuluş savaşı türk millətinin vətən və bayraq sevgisini, azad yaşamaq əzmini bütün dünyaya elan etdi. Heydər Əliyev və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət” və "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarını xatırladan rektor, eyni zamanda xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən bəhs edib. Sonra Uludağ Universitetinin kafedra müdiri, dosent Barış Özdal “Atatürk dövrü Türkiyənin xarici siyasəti”, BDU-nun Türk xalqları tarixi kafedrasının ingilis bölməsinin müəllimi Cavid Əlisgəndərli “Yeni dövrdə Türkiyə xarici siyasətindəki dəyişikliklər” mövzularında məruzələrlə çıxış ediblər. Konfrans işini “Türkiyənin Cümhuriyyət dövr tarixi”, “Türkiyə beynəlxalq münasibətlər sistemində”, “Türkiyə - Azərbaycan münasibətləri”, “Türkiyəli gənclər Türkiyə haqqında”, “Atatürk və biz” adlı bölmələrdə davam etdirib. AzerTaym.az