BAKININ yeni silahları Paşinyanı QORXUYA SALDI VƏ... - Xankəndidə MÜHARİBƏ TOPLANTISI
ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Ermənistana səfər etdi və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyanla görüşdü. Bu səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü də yoxladılar.
Həmsədrlərlə görüşdə diqqət çəkən ən mühüm detal Paşinyanın “Qarabağ danışıqlarda əsas tərəf kimi iştirak etməlidir”, - tezisinin gündəmə gəlməməsi oldu.
Məlumata görə, Ermənistan və Azərbaycan rəhbərliyinin mümkün görüşünün müzakirə edildiyi toplantıda “Qarabağın tərəf kimi çıxış etməsi” məsələsinə ümumiyyətlə toxunulmayıb.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, Ermənistan üçün “Qarabağın tərəf kimi iştirakı” məsələsinin ilkin şərt olmadığını göstərir. Hərçənd, Ermənistanın yeni rəhbərliyi uzun müddət idi ki, bu məsələni israrla gündəmə gətirirdi. Görünür, İrəvanda Bakı ilə toqquşmağın öz ziyanlarına olduğunu anlayanlar hələ də var.
Erməni şərhçi qeyd edir ki, Azərbaycanın son vaxtlar Qarabağ və Naxçıvan cəbhəsində irəliləməsi və arsenalına yeni dağıdıcı silahları daxil etməsi müharibə təhlükəsi üçün ciddi siqnal oldu.
“Ermənistan rəhbərliyi daha ehtiyatla davranmaq yolunu seçir”, - deyə o qeyd edib.
Həmsədrlərin İrəvana səfəri fonunda Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlişi və qondarma rejimin “prezidenti” Bako Saakyanla qapalı müzakirələr aparması diqqət çəkdi.
Erməni şərhçi Aram Amatuni hesab edir ki, Qarabağ cəbhəsində müharibənin yenilənməsi təhlükəsi mövcuddur və Sarkisyanın Saakyanla Xankəndindəki qapalı toplantısında məhz bu məsələlər müzakirə olunub.
“Təbii ki, Xankəndidə son vaxtlar Qarabağdakı etiraz aksiyaları və Saakyanın gedişi məsələsi də müzakirə edilib. Lakin indiki məqamda müharibə təhlükəsinin müzakirəsi daha aktualdır. Cəbhədəki hadisələr erməni hərbi birləşmələrinin daha yaxşı müdafiəsini zəruri edir. Xankəndidəki toplantıda da məhz bu məsələlər əsas müzakirə mövzusu olub”, - deyə Amatuni iddia edib.