Sarkisyan Azərbaycana nə üçün GƏLMİŞDİ? - 3 GİZLİ SƏBƏB ÜZƏ ÇIXDI
Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət çəkir: Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi; Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana gəldi; Ermənistan mediası Lavrovun özü ilə Qarabağ planını gətirdiyini və İrəvandan işğal olunmuş rayonların bir neçəsinin qaytarmaq tələb olunduğunu yazdı; Sarkisyan Brüsseldə Avropa İttifaqı ilə saziş imzalayaraq, Moskvanın qarşısında mərkəzdənqaçma addımı atdı. Bu hadisələr fonunda Sarkisyanın bir müddət əvvəl “Qarabağla bağlı Ermənistanı ağrılı qərar gözləyir” açıqlaması yada düşür. Bu baxımdan, Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə iki rakursdan baxmaq olar: Birinci: ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün Qarabağda separatçılarla bir araya gəlir. Lakin hadisələrin inkişafı səfərə ikinci rakursdan baxmağı zəruri edir. İkinci: Ermənistan həll variantına yox, təxribata hazırlaşır. Ermənistan mediasının Sarkisyanın Qarabağa “hərbi formada” səfər etməsinə diqqət çəkməsi də bu ehtimalı önə çıxarır. Hesab etmək olar ki, Sarkisyan Qarabağda generallarla qapalı toplantıda münaqişənin həlli istiqamətində müzakirələrin pozulması üçün cəbhədə yeni təxribatların törədilməsi planını müzakirə edib. Burada İrəvanın Lavrovun özü ilə Qarabağ planı gətirməsindən sonra Moskvanın siyasətinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzalanması yada düşür. Görünür, Avropada alternativ tapan Sarkisyan Qarabağda yeni təxribat hücumlarını həyata keçirməklə həm də ruslara mesaj verəcək. Ruslara verilən digər mesaj isə Ermənistana rəhbərliyin kimin edəcəyi ilə bağlıdır. Ermənistan mediası Sarkisyanın səfərini “2018-ci il əməliyyatı” olaraq qiymətləndirib. “Sarkisyan “2018-ci il əməliyyatı”na Qarabağdan strat verdi. Bu, sinvolik start nöqtəsidir. Bununla o, hərbi və təhlükəsizlik amilini qabardır və bu sferalarda özünə alternativin olmadığını nümayiş etdirir”, - deyə “1in.am” saytı yazır. Söhbət 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın baş nazir olaraq Ermənistana rəhbərlik etmək planından gedir. Oktyabrın 16-da Cenevrədə keçirilən Qarabağ görüşündən qayıdandan sonra Sarkisyanın baş nazir Karapetyanla razılaşdığı haqda məlumat yayıldı. Razılaşmaya görə, Sarkisyan baş nazir olur və xarici siyasət, təhlükəsizlik kimi məsələlərə nəzarət edir. Karapetyan isə baş nazirin birinci müavini olaraq, hökumətə rəhbərlik edir. O da deyilirdi ki, Karapetyan məhz Azərbaycan lideri İlham Əliyevlə Qarabağ danışıqlarını apara bilməyəcəyi qoruxusuna görə bu təkliflə razılaşıb. Hətta Sarkisyanla Karapetyanın yeni sistemdə kimin hansı qərargahda əyləşəcəyinə qədər razılaşdığı deyilirdi. Lakin ötən həftə “Qraparak” qəzeti mənbələrə istinadən Karapetyanın baş nazir postunu saxlamaq üçün təbliğat kampaniyasına start verdiyi haqda məlumat yaydı. Sarkisyanın Brüsseldə Avropa İttifaqı ilə saziş imzalamasından sonra vaxtilə “Qazprom”da işləyən və Ermənistana məhz Putin tərəfindən baş nazir göndərilən Karapetyanın hərəkətə keçməsi Moskvanın planı olaraq qiymətləndirilə bilər. Görünür, Rusiya Sarkisyanın 2018-ci ildə səlahiyyətlərini təhvil verəndən sonra təqaüdə çıxmasını istəyir. Lakin getmək niyyətində olmayan Sarkisyan məhz erməni ictimaiyyətindən dəstək almaq üçün Qarabağa gəldi.