Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..” – YENİ PLAN

Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..” – YENİ PLAN

Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərinin vaxtı məlum olub.

Publika.az xəbər verir ki, “İzvestiya” nəşri İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya səfər edəcəyini yazıb.
Kremlin mətbuat katibi Dmitri Peskov da bu məlumatı təsdiqləyib.
Hər şeydən öncə Sarkisyanın öz təşəbbüsü ilə Rusiyaya getməsi diqqət çəkir. İndiyə qədər bir çox hallarda o, məhz Putinin çağırışı ilə Moskvada olmuşdu. Lakin bu dəfə təşəbbüs Ermənistan prezidentindən gəldi. Hesab etmək olar ki, Sarkisyanın Putindən istəkləri olacaq. Ermənistan mediası Sarkisyanın aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Moskvadan öz varisi Viqen Sarkisyana dəstək almaq istəyində olduğunu yazıb. Bu dəstək alınmasa da, Sarkisyan ən azından Rusiyanın adamı Karen Karapetyanın nüfuzunu zəiflətməyə çalışacaq.

Lakin “İzvestiya”nın yaydığı məlumatda “səfər zamanı əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq” qeydi diqqət çəkir. Cəbhədə gərginliyin davam etdiyi bir vaxtda Sarkisyan Putindən nə istəyə bilər, yaxud konkret hansı məsələlər ətrafında müzakirələr gedəcək?
Ümumilikdə Serj Sarkisyanın Moskva səfərində açıq qalan suallar var.
“Armenianreport” saytı yazır ki, Sarkisyan Moskvaya Ermənistan üçün yox, özü üçün gedir: “Seçki ərəfəsində Sarkisyan Putini inandırmağa çalışacaq ki, ona dəstəyi kəsməsinlər. Çünki o, indiyə qədər Rusiyanın bütün planlarına uyğun hərəkət edib. Bu məsələ Putin üçün olduqca asandır. Çünki onun Sarkisyana kifayət qədər təsir mexanizmi var. Lakin Ermənistan Prezident Administrasiyası Sarkisyanın Moskva səfərindən fil düzəldəcək, şişirdəcəklər. Putinin ona göstərişləri haqda isə sadəcə susacaqlar”.

Sayt qeyd edir ki, Sarkisyan Putinlə görüşdə Rusiyanın Azərbaycana silah satması, rus siyasətçilərin Bakıya açıq dəstək verməsi məsələlərini qaldırmayacaq: “Sadəcə susacaq, çünki o, Kremlə özünü xilas etmək üçün gedir”.

Erməni şərhçi Aram Amatuni isə Sarkisyanın Moskvaya hesabat verməyə getdiyini yazır.

“Sarkisyan Brüsseldə Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşdü. Yəqin ki, martın 14-də Sarkisyan Moskvada Putinə Brüssel səfəri və Avropadakı danışıqları haqda hesabat verəcək. Putin ona necə hərəkət etməyi, Avropa İttifaqı ilə çərçivə sazişini imzalayıb-imzalamamaq haqda tapşırıqlar verəcək. Güman ki, Rusiyanın cavabı indi bəlli olmayacaq. Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin gələcəyi Rusiya-Avropa münasibətlərinə uyğun qurulacaq. Bu, Ermənistan üçün olduqca kədərlidir”, - deyə A.Amatuni bildirib.

“Lragir” saytı isə Putinin Moskvada Sarkisyana Qarabağla bağlı danışıqları yeniləmək tapşırığı verəcəyini yazıb: “Putin Moskvanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar təklif edə bilər. Lakin bu format bir neçə dəfə uğursuz olub. Güman ki, Moskva danışıqların yenilənməsi əvəzində Ermənistana daha sıx hərbi-siyasi münasibətlər təklif edəcək. Sarkisyan razılaşmasa belə, Putinin ona kifayət qədər təzyiq rıçaqı var. Və o deyə bilər: “Ya dediyimi et, ya da...”. Bunun alternativ variantı yoxdur. Çünki Sarkisyanın Putinin dediyini edəcəyi şübhəsizdir”.






Fikirlər