İrəvana QARABAĞ ZƏRBƏSİ:
Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək. Publika.az xəbər verir ki, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq. Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq.
Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.
“Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.
Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalayacaq. Lakin bu sazişin imzalanmaması ehtimalı da böyükdür. Ekspertlər İrəvanın 2013-cü ildə Assosiativ Sazişlə bağlı olduğu kimi Brüsselə son anda hiylə gələcəyini hesab edirlər. Digər fikirlərə görə, Sarkisyan əslində Brüssellə yeni sazişi Rusiyaya qarşı kart olaraq istifadə etmək niyyətindədir. Əsas hədəf 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra Ermənistan üzərində nəzarəti saxlamaq üçün Moskvadan dəstəyin təmin edilməsidir.
Sarkisyanın bu addımının digər hədəfi Ermənistan daxilində onun “Moskvanın boyunduruğunda” olması haqda deyilənləri yumşaltmaqdır. Ermənistan prezidenti Aİ ilə imzalanması gözlənilən yeni sazişdən həm daxili siyasətdə, həm də özünü qorumaq üçün Moskvanın qarşısında istifadə etməyi düşünür. Lakin Şərq Tərəfdaşlığı sammitində qəbul ediləcək qətnamə Sarkisyanın planlarını alt-üst edə bilər. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə onun da imza atmaq məcburiyyətində qalması bumeranq effekti deməkdir.