Sarkisyan dar ağacına doğru: Putinin hücum planı və İrəvanı MƏHVƏ APARAN SƏBƏBLƏR
Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə baş qaldırmasıdır. Publika.az xəbər verir ki, Ermənistanda Sarkisyana yaxın medianın “böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki məqamda heç bir nəticəyə malik deyil. Xüsusilə bu sazişin Ermənistana ciddi iqtisadi dividendlər gətirməyəcəyi gözlənilir.
Boş ümidlər
Erməni politoloq Arman Qevorkyan da deyir ki, razılaşmanı Ermənistan parlamenti, həmçinin, Avropa İttifaqına daxil olan 28 ölkənin parlamenti təsdiqləməlidir: “Bütün bunlar üçün ən azı bir il vaxt lazımdır. Yəni indiki məqamda bu razılaşma heç nə vermir. Perspektivdə isə bu sənəd Ermənistana Avropa İttifaqının bəzi proqramlarında iştirak etmək hüququ tanıyır. Razılaşma Ermənistanın Avropa İttifaqının azad ticarət zonasına daxil olmasını nəzərdə tutmur. Ermənistan sadəcə bu bazarda müəyyən imtiyazlar alır, lakin bazar tamamilə açılmır”.
Ermənistanın “1in.am” saytı isə vəziyyətə daha bədbin yanaşır. Sayt yazır ki, Sarkisyan hakimiyyətdə olduğu müddətdə bu saziş yalnız kağız üzərində qalacaq: “Əksinə proseslər Ermənistan üçün “Abxaziya ssenarisi”nin baş verəcəyini göstərir”.
Sarkisyanı dar ağacına aparan iki səbəb
Lakin ortada siyasi qarşıdurma daha açıq şəkildə görünür və Ermənistanın Rusiyaya rəğmən, Aİ ilə saziş imzalanmasının arxasında bir sıra səbəblər yatır.
Hesab etmək olar ki, İrəvan sazişi imzalasa da, buna ciddi yanaşmır, sadəcə olaraq, Moskvanın tərəzisində öz çəkisini artırmaq niyyəti güdür. Sazişin imzalanmasından öncə baş verən proseslər bu kontekstdə diqqət çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəndə Dağlıq Qarabağ münaqişəsini, daha konkret desək, ilkin mərhələdə işğal altındakı 5 rayonun Azərbaycana qaytarılmasını istədi. Bu görüşün ciddi nəticələrinin olmadığını düşünmək olar. Lakin Ərdoğanla görüşdən sonra Putin Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etdi və məlumatlara görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər etdi. Bu səfərin əsas məqsədinin Qarabağ münaqişəsi olduğu məlum idi. Lavrovun Bakıdan sonra getdiyi İrəvanda münaqişə haqda dediyi sözlər nə qədər bədbin görünsə də, Rusiyanın baş diplomatının münaqişədə mövcud status-kvonu dəyişdirə biləcək təkliflər irəli sürdüyü də şübhəsizdir. Erməni siyasi şərhçi Viqen Petrosyan şəxsi mənbələrinə istinadən Lavrovun qapalı görüşdə Sarkisyanı Qarabağ ətrafındakı rayonların qaytarılmasına məcbur etdiyini iddia edir.
Bu proseslər fonunda Sarkisyanın Brüsselə gedərək, Aİ ilə saziş imzalaması İrəvanın Qarabağ münaqişəsində yeni arxa axtardığı, yaxud Rusiyaya mesaj verdiyi ehtimalı önə çıxır.
Lakin məsələnin digər tərəfi Sarkisyanın gələcək hakimiyyəti ilə bağlıdır. 2018-ci ilin aprelində prezident postunu təhvil verəndən sonra o, baş nazir olaraq ölkəyə rəhbərlik etmək istəyir. Hətta Putinlə görüşdə əsas müzakirə mövzusunun məhz bu olduğu deyilir.
Erməni politoloq Manvel Sarkisyan deyir ki, “Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq, soruşdu: “Ermənistanın sahibi mənəm, yoxsa yox?!”.
Ehtimal etmək olar ki, Sarkisyan Putinin qarşısında istədiklərini ala bilməyib və Rusiya prezidentinə gücünü göstərmək üçün Brüsselə gedərək sazişi imzalayıb. Lakin bu saziş Rusiyanın qlobal siyasəti fonunda bağışlanmaz səhvidir və Sarkisyanın bunu Putinin acığına etdiyini demək məsələni kiçiltmək olardı.
Qərbin hədəfi nədir?
Mümkündür ki, ortada Qərbin Rusiya ilə bağlı siyasətinin elementləri var və Sarkisyanı da Qərb məhz erməni lobbisi üzərindən razı sala bilib.
Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Qərb bu sazişlə iki hədəfə nail olmaq istəyir.
“Birinci hədəf Avrasiya İqtisadi İttifaqını çökdürmək. Çünki Ermənistan Avropa iqtisadi zonasına daha geniş qoşularsa, bu, Avrasiya İqtisadi İttifaqının gömrük sisteminin dağılması və baza əsaslarının məhv olması ilə nəticələnə bilər. İkinci hədəf Ermənistanın daxilində anti-Rusiya seqmentini dəstəkləmək və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eləcə də Avrasiya İqtisadi İttifaqından çıxarmaqdır”, - deyə Fenenko bildirib.
“Ermənistan unudur ki...”
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu sazişdən daha çox Rusiyanın qarşısında alver kartı kimi istifadə etməyə cəhd göstərir: “Rusiyaya deyirlər: “Ya siz bizi Qarabağ məsələsində dəstəkləyirsiniz, ya da biz özümüzə yeni tərəfdaşlar tapırıq. Lakin Ermənistan bir məqamı unudur. Əgər İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqsa, Azərbaycan və Türkiyə qarşısında avtomatik olaraq tək qalacaq. Digər tərəfdən, Rusiyaya üz döndərmək Ermənistan üçün ciddi iqtisadi itkilərə səbəb olar. Ermənistan Avropa İttifaqı ilə tam şəkildə yaxınlaşsa, bu, regionda strateji vəziyyəti partlada bilər”.
Kremlin İrəvana müdaxilə ssenariləri
Ermənistan rəhbərliyi olduqca riskli oyun oynayır, lakin bunun nəticəsinin nə olacağını təxmin etmək çətindir. Mümkündür ki, Rusiya yolundan azan İrəvanı cəzalandırmaq üçün siyasi, iqtisadi, hətta hərbi müdaxilə addımlarını atsın. Ermənistan ictimaiyyətini ən çox narahat edən də budur. Artıq erməni mediasında Rusiyanın müdaxilə ssenariləri də müzakirə olunmaqdadır.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya təbliğat kampaniyasını sürətləndirəcək: “Lakin bununla kifayətlənməyəcək. Moskva ilk növbədə Ermənistan daxilində siyasi konfiqurasiyanı yönləndirərək bu sazişin kağız üzərində qalmasına çalışacaq. Yaxın gələcəkdə Ermənistanda Moskvanın əhəmiyyəti haqda danışanlar ortaya çıxacaq. Onlar arqument gətirəcəklər ki, Rusiya Qarabağ münaqişəsinin həllinə kömək edəcək və Avropa İttifaqı ilə saziş Ermənistana itkilər gətirə bilər. Lakin Rusiyanın müdaxilə daha sərt və ağır da ola bilər”.