Qarabağ separatçıları Koçaryana görə İrəvanı QARIŞDIRDI
Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma rejimlə İrəvanın hərbi-siyasi rəhbərliyi arasında qarşıdurmaya səbəb olub. Publika.az xəbər verir ki, separatçı rejimin “parlamentinin” 40-a yaxın “deputatı” Ermənistanın baş prokuroruna Koçaryanın Qarabağın işğalında göstərdiyi xidmətlərə görə bağışlanması xahişini ediblər. Lakin bu xahiş İrəvanın siyasi rəhbərliyində qəzəblə qarşılanıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, İrəvan Qarabağdakı “deputatların” xahişini qəbul etməyəcək: “Ümumiyyətlə, Qarabağ hakimiyyəti (separatçı rejim) bir şəxsə görə ciddiliyini sual altına qoymamalı idi. Lakin onlar buna getdilər. Bu, İrəvanla Qarabağdakı rejimin qarşıdurmasına gətirib çıxara və daha pis nəticələr doğura bilər. “Qarabağ parlamenti” faktiki olaraq Ermənistanda əksinqilabi qüvvələrlə birgə hərəkət edir və İrəvanın siyasi qərarlarına müdaxilə edir. Halbuki, bu müdaxilə Qarabağla İrəvan arasında ciddi çatlar yarada bilər”.
Erməni şərhçi Koçaryanın həbsindən sonra yaranmış siyasi qarşıdurmanın daha bir detalını açıqlayıb.
“İndiyə qədər Qarabağ və Ermənistan sıx şəkildə birlik təşkil edirdi. Lakin Koçaryanın həbsinə münasibətdə ciddi böhran yarandı və birlik təhlükə altına düşdü. Çünki Qarabağdakı rejim hələ də Koçaryanın təsiri altındadır, bu isə ciddi təhlükədən xəbər verir”, - deyə o bildirib.