Koçaryan əraziləri QAYTARMAĞA RAZILAŞMIŞDI, Heydər ƏLİYEVLƏ GÖRÜŞDƏ...
Ermənistan mediası Robert Koçaryanın prezident olduğu dövrdə Heydər Əliyevlə Qarabağ razılaşmasının detallarını yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra Ermənistan mediasında da bu klanın üzvlərinə qarşı hücumlar başlayıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan 10 illik hakimiyyəti dövründə təkcə soyğunçuluq və siyasi qətllər həyata keçirmirdi, o həm də Qarabağ münaqişənin nizama salınması prosesində Azərbaycanın şərtlərini qəbul etmişdi.
“1998-ci ildə Ermənistanın prezidenti olan Robert Koçaryan Qarabağ münaqişəsində danışıqlar aparmaq hüququnu qazandı. Daha sonra “öz müqəddəratını təyin etmə” prinsipi ikinci plana keçdi, hansı ki, bu, Azərbaycanın diplomatik uğuru idi. Koçaryanın prezidentliyinin ilk illərində Mehrinin Azərbaycana verilməsi variantı ortaya çıxdı. Mehri məsələsi 1999-cu ilin 27 oktyabrında parlamentdə silahlı hücumdan sonra gündəmə gəldi. Hakimiyyət bu məsələni təkzib etsə də, belə variant mövcud idi. Vazqen Sarkisyan bu haqda yazırdı: “Bu bizim yox, onların variantıdır”. Karen Demirçiyan da buna qarşı idi. 2000-ci ilin 16 noyabrında Dtepan Demirçiyan (Karen Demirçiyanın oğlu) Ermənistanın milli televiziyasında yayımlanan “Bu gün” proqramında bildirirdi ki, “oktyabrın ortasında atam mənimlə Mehri variantı haqqında danışırdı, o çox narahat idi və bildirirdi ki, sonuna kimi buna qarşı çıxacaq”. 1999-cu ilin 27 oktyabr hadisəsindən sonra baş nazir postunda qardaşı Vazqen Sarkisyanı əvəz edən Aram Sarkisyan 6 aylıq vəzifəsi dövründə Mehri planına qarşı çıxdı. 2001-ci ildə o, “Çorord İnknişxanutyan” qəzetinə danışırdı ki, “mən Mehri variantının reallaşmasına mane oldum və bunu 1 nömrəli nailiyyətim hesab edirəm”. Robert Koçaryan və xarici işlər naziri Vardan Oskanyan isə Mehri variantını təkzib edirdilər. Lakin Vardan Oskanyan 25 aprel 2000-ci ildə Kaliforniyanın Qlendeyl şəhərində erməni icması ilə görüşündə açıq şəkildə bildirdi ki, “Mehri Azərbaycana verilir, Laçın isə Ermənistanda qalır. Ermənistan Mehridən İranla kommunikasiya qurmaq üçün istifadə edə biləcək”. Robert Koçaryan Mehri planı ilə razılaşmışdı. Mümkündür ki, Vazqen Sarkisyan və Karen Demirçiyan bu varianta qarşı çıxdıqları üçün öldürülüblər”, - deyə erməni şərhçi iddia edir.
Qeyd edək ki, söhbət 90-cı illərdə ABŞ dövlət katibinin xüsusi müşaviri olaraq çalışmış, məşhur amerikalı politoloq Pol Qobl tərəfindən təklif olunan və sonradan tarixə “Qobl planı” olaraq düşən variantdan gedir. Bu varianta görə, Ermənistan Naxçıvanla quru əlaqəsi yaratması üçün Mehrini Azərbaycana verir, Laçın dəhlizi və Qarabağ Ermənistanda qalır. İşğal altındakı digər ərazilər də azad olunmalı idi. 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında ABŞ-ın o vaxtı dövlət katibi Kolin Pauellinin vasitəçiliyi ilə keçirilən Ki-Uest görüşündə bu məsələ ilə bağlı razılıq olub. Lakin sonradan razılaşma pozulub. Həmin görüşdə iştirak edən Pol Qobl hesab edir ki, razılaşma Rusiyanın Ermənistana təzyiqi ilə baş tutmayıb.