Ukrayna artilleriyası Popasnaya şəhəri yaxınlığında 100-dən çox Vaqnerçini məhv edib...
Ukrayna Silahlı qüvvələri işğal altında olan Popasnaya şəhərində "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) qərargahına endirdiyi zərbə nəticəsində 100-dən çox rus muzdlusunu məhv edib. Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin qubernatoru Sergey Qayday milli televiziyanın efirində danışıb. "Bu yaxınlarda biz Popasnayada bir obyekt gördük. Hələlik təfərrüatları səsləndirməyəcəyik, amma 100-dən çox "Vaqnerçi”nin orada öldüyü ortaya çıxsa, bu, artıq sürpriz xəbər olmayacaq”,-deyə o söyləyib. Eyni zamanda, S.Qayday Vaqner ÖHŞ-nin kuratoru hesab edilən Yevgeni Priqojinin yox edilməsi ilə bağlı məlumatı təkzib edib. Bununla bərabər o, öldürülənlər arasında onun müavinlərinin birinin olduğunu qeyd edib. “Təəssüf ki, aşpaz (Priqojin – red.) onların arasında olmayıb, lakin müavinləri və 100-dən çox ölünün olması dəqiqdir",-deyə o bildirib. Qeyd edək ki, bunula bağlı ilk xəbər jurnalist Denis Kazanski tərəfindən verilib. O, bu ilin avqust ayının 14-də, axşam saatlarında Popasnayadadakı Vaqner qərargahına hücum barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri HIMARS-ın dəqiq zərbəsi ilə "Vaqner"dən olan rus muzdlularının qərargahını məhv ediblər.