Ukraynalılar erməni təxribatına niyə SUSDULAR...

Ukraynalılar erməni təxribatına niyə SUSDULAR...

Ermənistan silahlı qüvvələrinin sərhəddə Azərbaycan Ordusuna qarşı törətdiyi genişmiqyaslı təxribatlara dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. Azərbaycana dost və strateji tərəfdaş olan ölkələr Ermənistanın hərbi təxribatlarını pisləyərək, rəsmi Bakıya öz dəstəklərini nümayiş etdiriblər. Lakin Azərbaycan daim müttəfiq kimi dəstək olduğu, Rusiyaya qarşı savaşında açıq mövqe sərgilədiyi Ukrayna isə sərhəd olaylarına neytral münasibət bildirərək, tərəfləri sülhə çağırmaqla kifayətlənib.

“Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sərhəddəki təxribatlarla bağlı ölkəsinin mövqeyini ortaya qoyub. 

Təəssüflər olsun ki, Ukrayna vətəndaşlarından gözlədiyimiz mənəvi dəstəyi ala bilmədik. Doğrudur, hazırda hər bir ukraynalının başı ölkəsində davam edən qanlı müharibəyə qarışıb. Lakin ən azından haqsızlıqla üzləşən ölkənin nümayəndələri kimi Ermənistanın Azərbaycana qarşı xain hücumlarına səssiz qalmamalı idilər. 

Bu azmış kimi Bakıda konsert verməyə hazırlaşan ukraynalı müğənni Maks Barskixin ermənilərə açıq dəstəyi sosial şəbəkələrin Azərbaycan seqmentində etiraz doğurub. Onun dekabrın 10-da Bakıda keçirilməsi planlaşdırılan konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Etirazlar fonunda Maks Barskixin konsertinə bilet satışı dayandırılıb.

Dost Ukrayna vətəndaşlarının belə laqeyd münasibəti nədən irəli gəlir? 

Bu barədə Modern.az-a danışan ukraynalı siyasətçi, hazırda döyüşlərdə iştirak edən Dmyotro Kulibaba ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

"Hazırda bizdə plüralizm var, insanlarda fikir ayrılıqları yaşanır. İnsanların fikirlərini bildirməsinə qadağa qoya bilmərik, amma həqiqətlər fərqlidir. Dövlətin məmurları var, onların dediklərini rəhbər tutmaq lazımdır. Tərəfdaşımız olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim hakimiyyət hər zaman azad Azərbaycanın yanındadır. İnsanlar müxtəlif düşünə bilər, amma xalqımız da Azərbaycan xalqı ilə birdir", - deyə Kulibaba vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə edilib.

Artıq 4 gündür ki, atəşkəs razılaşmasına riayət olunur. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu görünür.






Fikirlər