PUTİNİN SURİYA QAMBİTİ - “Öz hərəkətlərinə ”peyğəmbərlik” donu geyindirməyə çalışır”

 

151007165249-putin-assad-syria-exlarge-169

“Putin aviaqəzaya görə Suriyadakı əməliyyatları çətin ki, durdursun”

Hazırda Qərbin xüsusi xidmət orqanlarının analitikləri 31 oktyabr tarixində Sinay yarımadası üzərində qəzaya uğrayan təyyarənin gövdəsinə partlayıcı qurğunun yerləşdirilməsi məsələsində yekdil fikrə gəlməyə başlayıblar. Baş vermiş hadisə fonunda bir çoxları belə düşünür ki, Vladimir Putin, Suriyanı ələ keçirərək Kremlin müttəfiqi Bəşər Əsədi devirə biləcək təhlükə olan İŞİD-in durdurulması üçün yaranmış beynəlxalq kampaniyadan çıxacaq. Amma bu cür gözləntilər çətin ki, baş tutsun.

Putin artıq 15 ildir ki, nisbətən aqressiv siyasət yürüdür və praktika göstərir ki, o, islam ekstremistləri tərəfindən qısas alınacağı qorxusundan geri çəkilmək əvəzinə, əksinə, tezliklə Rusiyanın bu münaqişədəki rolunu artıracaq. Kreml rəhbərinin hərbi cəhətdən əzələ nümayişi, rusiyalıların milli qürurunu və o cümlədən də nə vaxtsa super dövlət olmuş Rusiyanın yenidən dünya arenasına qaytarmağı bacaran Putinin şəxsi imicini möhkəmləndirə bilər.

Kremlşünasların fikrinə görə, Putin nasizm taunu ilə müqayisə etdiyi İŞİD-ə qarşı mübarizə etmək niyyətindədir. İndi İŞİD yaraqlıları Suriya ərazisinin yarısını və qonşu İraqın bir hissəsini əllərində saxlayır və “Qərb kafirlərini” məhv etməyə hazır olduqlarını bəyan edirlər. Hazırda İŞİD rusları da bu kafirlər cərgəsinə qoşur.

Putin tərəfindən senyabrın sonunda verilmiş Suriyanın qərb sahillərinə əsgər, gəmi və aviasiya göndərilməsi qərarını müdafiə və ya qabaqlayıcı tədbir kimi dəyərləndirmək olar. Kövrək və zəif Orta Asiya dövlətləri zənciri, Rusiyanın Qafqaz bölgəsindəki müsəlman cəmiyyətinin üstünlüyü – bütün bunlar Rusiya ilə İŞİD arasında dayanan məsələlərdir. Digər tərəfdən isə Əfqanıstandakı Taliban təhlükəsi də var.

“Metrojet” şirkətinin Airbus A321 laynerində baş verən qəza, hal-hazırda Suriyada Əsəd rejiminin əleyhdarlarının bombalanmasına İŞİD-in cavabı kimi də baxılır. Rəsmi versiyaya görə, Rusiya İŞİD-in dayaqlarına zərbə endirir. Amma bununla yanaşı ruslar digər müqavimət hərəkatı qruplaşmalarına qarşı da aviazərbələr vururlar.

Milibend Beynəlxalq Araşdırmalar İnstitutunun professoru, rusiyaşünas Anna Vasilyeva deyir: ”Dövlətin təbliğat maşını sayəsində Rusiya cəmiyyəti səfərbərlik rejimindədir. Çox böyük ehtimalla, rəsmi təbliğat aparatı iddia edəcək ki, Rusiya mühasirəyə alınmış vəziyyətdədir və ona görə də kompromisə getmək və ya geriyə çəkilmək zəiflik əlaməti kimi qəbul olunacaq. Təbliğat maşını sübut etməyə çalışacaq ki, milli maraqların aktiv şəkildə müdafiə olunması Rusiyanın dünyadakı mövqeyini qorumaq üçün yeganə üsuldur. Putin özünü güclü lider kimi təqdim edərək, apardıqları hərbi əməliyyatlar vasitəsilə dünyanı islamçı ekstremistlərdən yalnız Rusiyanın xilas edə biləcəyini önə çəkəcək. Putin öz hərəkətlərinə ”peyğəmbərlik” donu geyindirməyə çalışır. O, başa düşür ki, əgər İŞİD Dəməşqi zəbt edərsə, onda vəziyyət bütövlüklə dəyişəcək”.

Rusiyadakı ictimai rəyin son yoxlanmasına əsasən, əhalinin böyük bir hissəsi Putinin – Rusiya geosiyasi ədalətsizliyə qarşı mübarizə aparır, təbliğatına inanır. Beləki, ”Levada-mərkəz”-in apardığı sorğulara görə, rəyi soruşulanların 71%-i Rusiyanın dünyada oynadığı rolla qürür duyduğunu ifadə edib. Respondentlərin 82%-i isə Qərbin Rusiyaya qarşı düşmənçilik siyasəti apardığına inanır. Suallara cavab verənlərin 69%-i Qərbin Rusiyanı zəiflətmək və alçaltmaq istədiyini söyləyib.

Hətta, əgər təhqiqat nəticəsində təyyarənin terrorçular tərəfindən partladılması aydınlaşarsa, onda yəqin ki, ruslar günahı Suriya böhranının öhdəsindən gələ bilməyən Qərbin üzərinə atacaq. Sentyabrın axırında BMT Baş Assambleyasında çıxış edən Putin, amerikanlar və onların müttəfiqlərinin İŞİD-ə qarşı apardıqları hava hücumlarını, Vaşinqtonun mükəmməl plan olmadan və hazırlıqsız şəkildə dolaşıq Yaxın Şərq böhranına necə müdaxilə etməsinin nümunəsi adlandırırdı.

Rusiya üzrə bəzi mütəxəssislərin fikrinə görə, Putinin Suriya qambiti vətəndaşların diqqətini onun uğursuz xarici siyasi avantürasından yayındırmaq üçün xüsusi bir hiylədir. Həmin avantüra Ukraynanın şərqindəki rusiyapərəst separatçıların müdafiə edilməsinə cəhddir. Məlumdur ki, Rusiya qonşu dövlətin ərazisinə muzdlu döyüşçülər və xüsusi təyinatlı dəstələr göndərirdi. BMT-nin insan haqları üzrə monitorinq missiyasının hesablamasına görə, Ukrayna münaqişəsində 8 min nəfər ölüb və minlərlə ev isə tamamilə dağıdılıb. Nəticədə yüz minlərlə insan qaçqın kimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Ölkənin ən müasir Donetsk aeroportu yerlə bir edilib, dəmir yolları zədələnib, bir çox şaxta, zavod və digər infrastrukturlar dağıdılıb.

Əksəriyyət belə düşünür ki, məhz Rusiyanın Ukrayna separatçılarına yolladıqları müasir silahlar Malayziya təyyarəsinin vurulmasına səbəb olub. Belə güman olunur ki, separatçılar həmin təyyarəni Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsi zənn ediblər. Nəticədə 298 nəfər həlak olmuşdu.

Moskvadakı Coğrafiya İnstitutunun aparıcı elmi əməkdaşı Dmitri Oreşkin bütün bu hadisələri belə izah edir: ”Putin hərəkər edən buzun üzərində qaçır. O dayana bilmir və keçmişdə müvəffəqiyyət əldə etdiyi yerdə yenidən fəaliyyət göstərməyə cəhd göstərir. Cəmi iki il əvvəl, Ukrayna böhranı öncəsi, o Suriyadan kimyəvi silahların uğurla çıxarılmasına müyəssər ola bilmişdi. Bu isə Qərb dövlətlərinin Əsədə qarşı zərbələrinin önünü kəsə bilmişdi. İndi isə o bu uğuru təkrar etmək ümidi ilə yenidən Suriyaya qayıdıb”.

Putin özünün Suriya əməliyyatına cəmiyyətin mənfi reaksiya göstərəcəyindən ehtiyat etmir. Çünki o, Rusiya mətbuatını “dəmir əllə” nəzarətdə saxlayır. Xalq isə ya onu müdafiə edir, ya da ki, xarici siayəsətə və beynəlxalq problemlərə əhəmiyyət vermir. Məsələ ilə əlaqədar Oreşkin əlavə olaraq deyib: ”Əgər Rusiyanın Suriyadakı fəaliyyəti dinc əhali arasında böyük itkilərlə nəticələnərsə, onda Putin son aylarda Ukraynada olduğu kimi sadəcə olaraq, sakitcə hərbi əməliyyatları durdurmağa başlayacaq. Ölkədəki KİV-lər isə Rusiya silahlı qüvvələrinin əvvəlki kimi düşmənə qarşı güclü mübarizə apardığını inandırmağa davam edəcək. İndi artıq onun Suriyadan geriyə qayıtması, Krımın Ukraynaya qaytarılması kimi mümkünsüzdür”. (Los Angeles Times)

Tərcümə etdi: Vaqif NƏSİBOV







Fikirlər