“PUTİN SANKİ “İFLİC” OLMUŞDU...” – Üsyan zamanı Putinin necə hərəkət etdiyi açıqlandı
“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin iyunun 24-də səhər saatlarında başlatdığı uğursuz üsyan zamanı Vladimir Putin sanki “iflic” olmuşdu. O, qətiyyətli qərarlar qəbul edə bilmədi. Rəsmilərin sözlərinə görə, Putin tərəfindən günün böyük hissəsində heç bir əmr verilməyib. “AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrinin Ukrayna və Avropadakı təhlükəsizlik rəsmilərinin kəşfiyyat məlumatları əsasında dərc etdiyi məqalədə bildirilir. Kəşfiyyat məlumatlarına əsasən, Rusiya təhlükəsizlik xidmətləri tərəfindən Priqojinin üsyana hazırlaşdığı barədə ən azı iki-üç gün əvvəldən Putinə xəbərdarlıq edilib. Bundan sonra Kreml də daxil olmaqla bir sıra strateji obyektlərdə təhlükəsizliyin gücləndirilməsi üçün addımlar atılıb. İlk növbədə prezident qvardiyasındakı hərbçilərin sayı artırılıb və onlara əlavə silahlar paylanılıb. “Üsyan başlayanda isə Rusiya bütün sahələrdə “iflic” olmuşdu. Qorxu və çaşqınlıq var idi. Uzun müddət necə reaksiya verəcəklərini bilmirdilər”,-deyə təhlükəsizlik rəsmilərindən biri deyib. Kremlin sözçüsü Dmitri Peskov səsləndirilən fikirlərlə bağlı ABŞ nəşrinə deyib ki, “Kəşfiyyat qiymətləndirmələri cəfəngiyyatdır və sıfır məlumatı olan insanlar tərəfindən paylaşılır”. Rusiya təhlükəsizlik xidmətinin keçmiş polkovniki, hazırda mühacirətdə olan müxalif siyasətçi Gennadi Qudkov isə baş verənlərlə bağlı bunları deyib: “Üsyan zamanı Kremldən göstəriş verilməməsi Putini xeyli zəiflədib. Putin özünü kritik situasiyalarda ciddi, vacib və tez qərar qəbul etməyə qadir olmayan bir insan kimi göstərdi. O, sadəcə gizləndi. Bunu Rusiya əhalisinin əksəriyyəti başa düşməsə də, Putinin elitası çox yaxşı başa düşür. Onlar anlayırlar ki, Putin artıq elitanın təhlükəsizliyinin və sistemin qorunmasının qarantı deyil”. Xatırladaq ki, “Vaqner”in lideri Priqojin iyunun 24-də rus ordusunu düşərgələrinə hücum təşkil etməkdə ittiham edərək, üsyana başlayıb. Prioqjinin dəstəsi Rusiyanın cənubundakı Rostovdan paytaxt Moskvaya doğru irəliləsə də, Belarus lideri Aleksandr Lukaşenko hadisələrə müdaxilə edərək, üsyanın qarşısını alıb. Bundan sonra Y. Priqojin bir qrup “Vaqner” hərbçisi ilə birlikdə Belarusa yerləşib.