PUTİN QİYAM VAXTI MOSKVADAN QAÇIB – Rusiya liderinin harada olduğu məlum oldu...
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin başçılıq etdiyi üsyan zamanı Moskvadan qaçıb. “AzPolitika.info” “Newsweek” nəşrinə istinadla xəbər verir ki, bunu Rusiya müxalifətinin lideri Mixail Xodorkovski deyib. O, qeyd edib ki, Putin uğursuz çevriliş zamanı Moskvadan təyyarə ilə çıxıb və böyük ehtimalla Rusiyanın Tver və Novqorod vilayətləri arasında yerləşən Valdaydakı iqamətgahına gedib. Nəşr qeyd edir ki, iğtişaşlar zamanı Putinin ortalıqda görünməməsi onun harada olması ilə bağlı şayiələrə səbəb olub və Xodorkovskinin əlaqəsindən əldə edilən məlumatlar bu şübhələri bir qədər də artırıb. “Həmin anda biz Putini izləyirdik. Və görünür o, həqiqətən də Moskvanı tərk edib. Putinin istifadə etdiyi təyyarə iyunun 24-də Moskvadan ayrılaraq Rusiyanın şimal-qərbinə doğru yola düşüb. Təyyarə Valday bölgəsində uçuş-izləmə sistemindən itib”- deyə, Xodorovski bildirib. “Flightradar24” xidmətinin məlumatına görə, Putini daşıyan İl-96 təyyarəsi Tver vilayətində eniş etməyə hazırlaşdığı anda transponderini söndürüb. “Newsweek” qeyd edir ki, Putinin təyyarəsi Valdaydakı iqamətgahına ən yaxın aerodrom olan Borisovskoye Xotilovo aviabazasına eniş edib.