Kursk aerodromuna dron hücumu: Rusiyanın 4 hərbi təyyarəsinin sıradan çıxarıldığı deyilir

Ukrayna xüsusi xidmət orqanları avqustun 27-sinə keçən gecə Rusiyanın Kurskda yerləşən hərbi aerodromunda xüsusi əməliyyat keçirib.

Musavat.com RBK-Ukraynaya istinadən xəbər verir ki, aerodroma 16 kamikadze dronla hücum təşkil edilib. Rusiya hava hücumundan müdafiə sistemləri onun 3-nü vursa da, qalan 13 dron aerodromdakı 4 ədəd Su-30, 1ədəd Miq-29 təyyarəsini, həmçinin S-300 radar sistemini, 2 ədəd "Pansir"i partladıb.

Rusiya rəsmi mənbələri aerodroma hücumla bağlı hər hansı açıqlama yaymayıblar. Lakin Kursk əyalətinin qubernatoru Roman Starovoyt öz teleqram kanalında gecə saatlarında dronun şəhərdəki yaşayış binasına çırpıldığını, əhali arasında tələfat olmadığını yazıb.

Rusiya Müdafiə Nazirliyi isə Kursk və Bryanskda iki dronun zərərsizləşdirildiyinə dair məlumat yaymaqla kifayətlənib.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Ukrayna ərazisini qanadlı raketlərdən atəşə tutub. Həmişə gecə saatlarında icra olunan bu qanlı əməlin günortaya salınmasının Kursk aerodromuna hücuma cavab məqsədi daşıdığı güman edilir.

Xatırladaq ki, ötən il Ukrayna Rusiyanın Engels hərbi aerodromuna da dron hücumu təşkil edərək Rusiyanın iki hərbi təyyarəsini sıradan çıxarmışdı.






Fikirlər