İSTANBULDA MƏXFİ GÖRÜŞ – 17 sentyabrda ABŞ, Aİ və Rusiya nəyi müzakirə ediblər?

ABŞ, Aİ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsindən bir neçə gün əvvəl Türkiyədə gizli danışıqlar aparıblar. Görüşdə Qarabağda və regionda vəziyyət müzakirə olunub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” jurnalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Bu görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir, - əgər uğursuz olsa da - təmasdır”, - jurnal yazıb.

Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat bildirib ki, görüş sentyabrın 17-də İstanbulda Laçın yolunun açılması, Qarabağa humanitar yüklərin keçməsinə icazə verilməsi üçün Azərbaycana təzyiq cəhdlərindən biri olub. Mənbə bildirib ki, görüşdə "bu lənətə gəlmiş yük maşınlarının necə hərəkət etdirilməsi" və ərzaq və yanacaq təchizatının Qarabağ ermənilərinə çatdırılması müzakirə edilib.

ABŞ-ı danışıqlarda Vaşinqtonun Qafqaz üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ xüsusi elçisi Toivo Klaarı, Rusiya isə Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə Kemlin xüsusi nümayəndəsi olan İqor Xovayevi göndərib.

“Politico”ya açıqlamasında Aİ rəsmisi "anlaşılmazlıqların qarşısını almaq üçün həmsöhbətlərlə əlaqə kanallarını saxlamağın vacib olduğuna inanırıq" deyib. Rəsmi həmçinin qeyd edib ki, Klaar son aylarda Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə rabitə xətlərini saxlamağa çalışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib.

Bununla belə, məsələ ilə tanış olan ABŞ rəsmisi izah edib ki, müzakirələr Kremlin bölgədəki vəziyyətə nəzarətinin hələ də qalmasına görə baş tutub. “Biz bu məsələdə ruslarla işləyə bilməliyik, çünki onların tərəflərə təsirləri var, xüsusən indi təhlükəli məqamda olduğumuz bir vaxtda”, - ABŞ rəsmisi bildirib.






Fikirlər