"Yaxın zamanlarda ABŞ və Rusiyanın toqquşmalarının şahidi olacağıq" — Hərbi ekspert

"Yaxın zamanlarda ABŞ və Rusiyanın toqquşmalarının şahidi olacağıq" — Hərbi ekspert

Rusiya ilə ABŞ arasında söz atışmaları davam edir.

ABŞ-ın dövlət katibi Con Kerri Suriyada qan axmasının dayanması üçün rus aviasiyasının Suriya səmasında uçuşunun qadağan edilməsini təklif edib. Pentaqon rəsmisi Piter Kuk isə dolayısı ilə bildirib ki, Rusiya Suriyaya S-300 raketlərini ABŞ təyyarələri üçün yerləşdirib. Pentaqon rəsmisi Rusiyaya maraqlı sual da ünvanlayıb: "Rusiya bildirir ki, Suriyada terrorçularla, o cümlədən İŞİD-lə mübarizə aparır. Axı nə İŞİD, nə də ona yaxın olan qruplaşmaların heç biri aviasiyaya malik deyil. O halda S-300 raketləri Suriyada kimə qarşıdır?"

Rusiyanın Xarici işlər nazirinin sözçüsü Maria Zaxarova ABŞ-ın bəyanatlarını qeyri-ciddi adlandırıb.

ABŞ-Rusiya arasında gedən amansız qarşıdurma haqqında hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-da danışıb:

"Suriya ilə bağlı son baş verən hadisələr onu deməyə əsas verir ki, iki super güc, ABŞ və Rusiya Suriyanı bölmək istəyir. Ancaq ortalıqda hələ bir nəticə olmadığna görə, iki dövlət bir-birini oyunun qaydalarını pozduqlarına görə ittiham edir. Prinsip etibarı ilə, nə ABŞ-a, nə də Rusiyaya o qədər də inanmıram. Hər bir dövlətin öz marağı var və o marağı öz istədikləri formada təqdim edirlər.

Aydın məsələdir ki, Rusiya dünyada olan-qalan hörmətini itirməkdə davam edir. Rusiyanın Ukraynada etdikləri göz önündədir. Artıq bütün dünya Rusiyanın necə "sülhsevər, sülhpərvər" ölkə olduğuna inandı. ABŞ Suriya ilə bağlı öz maraqlarından vaz keçmək istəmir. Aydın məsələdir ki, ABŞ-la Rusiya bir-birini qarşılıqlı ittiham edir. Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova ABŞ-ı qeyri-ciddi bəyanatlar verməkdə günahlandırdı.

İndi məlum olur ki, Rusiya S-300 raketlərini Suriya ərazisində yerləşdirib. Rusiya bunu onunla əsaslandırır ki, bu raketləri Suriyaya öz gəmilərini və təyyarələrini müdafiə etmək üçün yerləşdirib. Aydın məsələrdir ki, burada məqsəd ayrıdır. Rusiya Suriya ərazisində uzun müddətlik məskunlaşmaq, orada öz maraqlarını təmin etmək istəyir.

Rusiya ilə ABŞ-ın Suriya uğrunda apardığı mübarizədə biz də əziyyət çəkirik. Rusiya Dağlıq Qarabağ məsələsində dominantlığı öz üzərinə götürüb. ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ məsələsi ilə bağlı indiyənə qədər səsləndirilməyən bir fikir səsləndirdi. Con Kerri bildirdi ki, Dağlıq Qarabağ məsələsinin həlli indiki zamanda mümkün deyil. Con Kerri Rusiyaya Suriya üzərindən eşitdirdi ki, sən təkcə Suriyada deyil, Dağlıq Qarabağda da hər hansı söz sahibi ola bilməzsən. İndi də ABŞ Rusiyaya bildirir ki, əgər S-300 raketləri orada uzun müddət qalacaqsa, ABŞ daha başqa addım atacaq. S-300 raketlərinin Suriyada olması ABŞ-ın itkiləri ilə nəticələnə bilər, bu, ABŞ üçün təhlükədir.

Bu gün açıq şəkildə dünya nizamı pozulub. İki super dövlət artıq soyuq müharibə yox, aktiv diplomatik müharibə aparır. Və hətta ola bilsin ki, yaxın zamanda hərbi toqquşmaların belə şahidi ola biləcəyik. Bu da yaxın zamanda NATO ilə Rusiyanın baş-başa gəlməsi anlamına gəlir. Hər halda bu, NATO üçün Türkiyə deyil, bu məsələ NATO-nun döyünən ürəyi olan, onun əsas maliyyə mənbələrini təşkil edən ABŞ-dır. ABŞ-ın bir istəyi ilə Almaniya, Fransa, İngiltərə Rusiya ilə bağlı hansısa sərt addımlar atmalı olacaq. Hadisələr təhlükəli məcrada inkişaf edir. Hadisələrin qarşısını almaq üçün təcili addımlar atmaq lazımdır. Çox təəssüflər olsun ki, bivec BMT Suriya ilə bağlı toplantı keçirir, müzakirələr aparır. Suriya ətrafındakı proseslər dünyanın istənilən nöqtəsində özünü göstərməyə davam edir. Con Kerrinin Dağlıq Qarabağ məsələsi ilə bağlı dediyi də, Suriya problemindən doğan məsələdir. ABŞ dövlət katibinin bəyanatı region ölkələri, ABŞ və Rusiyadan daha çox birbaşa Rusiyaya yönəlmiş bəyanat idi".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri bildirmişdir ki, Dağlıq Qarabağ probleminin yaxın zamanda həll olması gözlənilmir. Con Kerri bunu həm də, iki dövlət başçısının buna hazır olmaması ilə əlaqələndirmişdi.






Fikirlər